Erməni təəsübkeşi rüşvətxor çıxdı

Inkar qanununa qarşı imzatoplama kampaniyası sürətlənib

Fransada “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinə qarşı etirazlar davam edir. Ölkənin qanunverici hakimiyyətinin çox sayda üzvü qanunun Konstitusiyaya zidd olması səbəbiylə həm aşağı palatada, həm də Senatda imzatoplama kampaniyasını sürətlənib.
Hakim partiyanın üzvü Senatın Konstitusiya Komissiyasının keçmiş sədri Jan Jak Hye də qanunun əleyhinə imza atdığını açıqlayıb: “Mən inandığım şeyin arxasında dayanmağı sevirəm. Senatda olduğumdan bəri ilk dəfə bir qanun üzərində bütün qrupdan olan senatorların ortaq hərəkət etdiyini gördüm. Bu, çox əhəmiyyətli bir davranışdır”.
Məclisdə də hakim partiyadan seçilən millət vəkili Mişel Diyfenbaxerin apardığı imzatoplama kampaniyasına da dəstək verənlərın sayı artıb. Mənbələrin bildirdiyinə görə, qanun layihəsinin Konstitusiya Şurasında müzakirəyə çıxarılması üçün lazım olan 60 imzanın çoxu artıq toplanıb.
Bu arada erməni təəssübkeşi olan senatorun rüşvət aldığı üzə çıxıb. Inkar qanununu Sosialist Partiya qrupu adından dəstəkləyən Jlamart bələdiyyəsinin sədri, senator Filipp Kaltenbaxın rüşvət aldığı görünən videokadrlar yayımlanıb. Videogörüntülərdə yoxsullara verilmək üçün tikilən bələdiyyəyə aid ictimai binalardan birini tanışına verməsinin qarşılığında 1000 avronu cibinə qoyduğu nümayiş olunur. Görüntülər “Le Figaro” qəzetinin internet saytında, sonra isə xəbər kanallarında göstərilib.
Informasiya şöbəsi