Böyük Britaniyanın baş naziri David Kameron aprelin 7-də atasından qalma ofşor şirkətdə payı olmasını etiraf edib.
O Britaniya televiziyasına müsahibəsində deyib ki, 2010-cu ildə-hələ baş nazir seçilməzdən qabaq həyat yoldaşı ilə birlikdə öz paylarını satıblar. Kameron və həyat yoldaşı bundan təxminən 30 min funt sterlinq qazanıblar:
“Mən dvidentlərdən gəlir vergisi ödəmişəm. Mən mənfəət əldə eləmişəm, amma Britaniya qanunlarına görə bu lazım olan məbləğdən aşağı olduğundan əlavə vergi ödəməmişəm. Bu Britaniya qanunvericiliyinə tam uyğundur”.
Baş nazirin atası Yan Kameron 2010-cu ildə vəfat edib və oğluna 300 min funt sterlinq qoyub gedib.
Kameronun sözlərinə görə, o bu pulların ofshor şirkət yolu ilə əldə edilib-edilməməsindən xəbərsizdir.
“Panama sənədləri” adlı hesabata əsasən Yan Kameron ofşor investisiya fondları vasitəsi ilə vergidən yayınıb.
Qeyd edək ki, “Panama sənədləri”ndə 12 dünya liderinin adı hallanır. (azadliq.org)



