İcra başçısı ölümcül döyülüb

Göyçayın «xanı» – Ziya Məmmədovun əmisi oğlu Mənsur Məmmədovu Kislovodskda xəstəxanalıq ediblər

Göyçayın icra başçısı Mənsur Məmmədov ölümcül döyülüb. Bu barədə “Yeni Müsavat”ın yaydığı məlumatda bildirilir ki, Mənsur Məmmədov təxminən bir ay əvvəl Rusiyanın məşhur istirahət zonası sayılan Kislovodska gedib. Icra başçısı  istirahətə tək yollanmayıb, Azərbaycan parlamentinin xanım deputatlarından biri də onunla bərabər Kislovodskda olub.  
Amma xanım deputat istirahət məkanında Mənsur Məmmədovla birlikdə cəmi beş gün qalandan sonra Azərbaycana dönüb. Bundan bir neçə gün sonra isə icra başçısı Kislovodskdakı restoranların birində yeyib-içib və oradakı xanımların birilə tanış olmaq istəyib. Həmin xanımla birlikdə restoranda əylənən şəxslər Mənsur Məmmədovun bu hərəkətindən qəzəbləniblər və onların arasında mübahisə başlayıb.
Sonradan əlbəyaxa davaya çevrilən insident zamanı Mənsur Məmmədov möhkəm döyülüb və ciddi xəsarətlər alıb. Mənbənin sözlərinə görə, küt alətlərlə yetirilən xəsarətlər nəticəsində icra başçısı huşunu itirib və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti o qədər ağır olub ki, hətta Mənsur Məmmədovun həyatının xilas olunacağına həkimlərin ümidi son dərəcə az olub. Amma bir neçə gündən sonra Mənsur Məmmədovun səhhətində müsbətə doğru dönüş olub və hazırda onun müalicəsi Rusiyada davam etdirilir.
Icra başçısına xəsarət yetirənlərin saxlanılıb-saxlanılmadıqları, mübahisənin sonra hansı formada davam etdirilməsi barədə məlumat yoxdur.
Göyçay Rayon Icra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Eldəniz Məmmədov da icra başçısının məzuniyyətdə olduğunu təsdiqləyib. Lakin  onun harada olması haqda məlumat verməyib.
Xatırladaq ki, bugünlərdə Göyçay Rayon Icra Hakimiyyətinin binasında yanğın baş vermişdi. Bu barədə məlumatı ilk olaraq “Azadlıq” yaymışdı. Məlumatda deyilirdi ki, yanvarın 23-də axşam saatlarında baş vermiş yanğın zamanı hadisə yerinə iki yanğınsöndürən maşını gəlib və onların səyi nəticəsində yanğının qarşısı alınıb. Hadisə nəticəsində binanın bir neçə otağı yanaraq yararsız hala düşüb. Yanğınsöndürən maşınlar binaya xeyli su vurduğundan otaqların çoxu su ilə dolub və oradakı sənədlərlə yanaşı, digər əşyalar da yararsız hala düşüb. Yanan otaqlar arasında icra başçısının kabinetinin olduğu da bildirilir.
Mediada binanın qəsdən yandırılması haqda da məlumatlar yayılmışdı. Bu versiyanın ortaya çıxmasının əsas səbəbi isə hadisə nəticəsində yanan otaqların arasında məhz sənədlərin yığıldığı otağın da olması idi.
Sonda əlavə edək ki, Mənsur Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur. O, Göyçaydan əvvəl Zərdabın icra başçısı olub.