Peşəkar ordu yaradılmalıdır

akarimli-yeni5Gələcəkdə ola biləcək savaşlarda itkilərimizin az olması üçün orduda ciddi islahatlar aparılmalıdır

“3 günlük” savaşdan çıxan daha bir vacib nəticə: baxmayaraq ki, əsgər və zabitlərimiz, öz döyüş ruhları və bacarıqları ilə millətimizin başını uca etdi, lakin gələcəkdə ola biləcək savaşlarda itkilərimizin az olması üçün orduda ciddi islahatlar aparılmalıdır.

1. Ləngimədən peşəkar ordu formalaşdırmaq lazımdır. Müddətdən artıq xidmət hələ peşəkarlıq deyil. Könüllü şəkildə orduda peşəkar xidməti seçən vətəndaşlarımızın maddi təminatı ən yüksək səviyyədə təmin edilməli, davamlı hərbi hazırlıq yolu ilə onların hərbi bacarıqları zabit səviyyəsinə qədər yüksəldilməlidir. Xüsusilə hücum əməliyyatlarında ağırlıq 18-20 yaşlı çağırışçı gənclərin deyil, yetkin hərbçi kimi formalaşmış və nisbətən daha yaşlı olan həmin xüsusi təyinatlı peşəkarların üzərində olmalıdır.

2. Azərbaycan ordusu Rusiya silahlarından asılılığını təcili şəkildə azaltmalıdır. Ordudakı silahların tam əksəriyyəti Rusiya silahlarıdır və Rusiya istəyəndə bizə döyüş sursatları ilə təchizat problemi yarada bilər. Üstəlik, düşməndə də eyni silahlar (bəzən də daha yaxşısı) var və düşmən həmin silahları yaxşı tanıyır. Türkiyə və Qərb dövlətlərilə hərbi texniki əməkdaşlığı dərinləşdirməklə, ordumuzu NATO standartlarında olan silahlarla təchiz etmək lazımdır.

3. Müasir müharibələr dəqiq silahlarla aparılır. Ötən əsrin 70-ci illərində SSRİ-də istehsal olunmuş silahlara milyardlar xərcləmək lazım deyil. İsraildən alınmış kamikadze DRON (pilotsuz uçuş aparatı) gördünüz nə etdi? Pulu belə dəqiq silahlara vermək lazımdır ki, insan itkisi mümkün qədər az olsun.

Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin!