Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadəetmədə təqsirləndirilən sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə proses davam edib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Mehman Səlimovun vəkili vəsatətlə çıxış edərək məhkəmə heyətinə etiraz edib. O bildirib ki, müdafiə tərəfinin sübutları araşdırılmayaraq verdiyi vəsatətlərin hər biri baxılmamış saxlanılıb: “Hesab edirik ki, bu işə qərəzli baxılır. İttiham tərəfinin bütün sübutları araşdırılır. Ona görə hakimlərin hər üçünə etiraz edirik”.
Mehman Səlimov vəkilinin verdiyi vəsatətin təmin edilməsini istəyib.
Dövlət ittihamçısı çıxış edərək vəsatətin təmin olunmamasını deyib. Hakimlər müşavirəyə yollanıb. Qərara əsasən vəsatət baxılmamış saxlanılıb.
Hakim bildirib ki, məhkəmə istintaqı başa çatıb. Çıxışlar mərhələsinə keçilib. Dövlət ittihamçısı çıxışı zaman Səfər Əbiyevin müavininə 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verilməsini istəyib.