Medvedevin Bakıya gözlənilməz səfəri

medvedev-aliyevQabaqcadan planlaşdırılmayan səfər Azərbaycana nə vəd edir?

Rusiyanın baş naziri Dmitri Medvedev aprelin 7-də Ermənistana və 8-də Azərbaycana səfərə çıxıb. Bu iki ölkə bu yaxınlarda Qarabağ münaqişəsində son 22 il ərzində ən gərgin anları yaşayıb.

Medvedevin düşmən Qafqaz ölkələrinin hazırkı iki lideri arasında gərginliyi azaltmaq təcrübəsi var və o, Rusiyaya rəhbərlik etdiyi dövrdə dəfələrlə bu bacarığını nümayiş etdirib. Onun təşəbbüsü ilə 2008-ci il noyabrın 2-də prezidentlər Ilham Əliyev və Serj Sərkisyanın iştirakı ilə Qarabağ münaqişəsinin tənzimlənməsi prinsiplərini müəyyən edən Moskva bəyannaməsi imzalanıb. Bu sənəddə Azərbaycan və Ermənistan rəhbərləri “Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsip və normaları və bu çərçivədə qəbul edilmiş qərarlar və sənədlər əsasında siyasi həlli yolu ilə Cənubi Qafqazda vəziyyətin sağlamlaşdırılmasına və regionda sabitlik və təhlükəsizlik şəraitinin bərpasının təmin edilməsinə şərait yaratmaq” niyyətində olduqlarını bildiriblər.

Lakin indiki halda tərəflərin barışdırılması vəzifəsi xeyli çətindir, aprelin 7-8-də Avrasiya Hökumətlərarası Şurasının iclasının Yerevanda keçirilməsindən imtina buna dəlalət edir. Tarazlığın təmin edilməsi üçün Rusiya hökumətinin rəhbəri aprelin 8-də Bakıya əvvəlcədən planlaşdırılmayan səfər etmək qərarı verib.

Hər iki paytaxtda görüşlər zamanı Qarabağ münaqişəsi tərəflərinin danışıqlar masası arxasına qaytarılması, ticarət-iqtisadi, investisiya, energetika, sənaye, mədəniyyət, humanitar və s. sahələrdə ölkələrdən hər biri ilə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri məsələlərinə baxmaq planlaşdırılır.

Rusiyanın statistika məlumatlarına əsasən, 2015-ci ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 4 mlrd. dollardan bir qədər az olub, yanlış Azərbaycan statistikasına əsasən isə bu rəqəm 1,8 mlrd. dollar təşkil edib, bu zaman Rusiyadan idxal 24% artıb. Azərbaycana idxalın əsas hissəsi maşın və avadanlıqların, qida məhsullarının, metal, kimya və müdafiə sənayesi məhsullarının payına düşür.

Ermənistan və Azərbaycan ekspertləri Rusiya baş nazirinin hər iki ölkəyə səfərini siyasi baxımdan çətin, maraqlar və öhdəliklər arasında tarazlığa riayət olunmasını tələb edən səfər sayır.

Lakin iqtisadi baxımdan Dmitri Medvedevin Bakıya səfəri praktik və uzunmüddətli əhəmiyyət kəsb edir. Bu səfər ideyası 25 ildən çoxdur havadan asılı vəziyyətdə olan və hazırda təcrübi müstəviyə keçən Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirildiyi mühüm dövrə təsadüf edir. Aprelin 7-də layihənin müzakirəsi üçün Azərbaycan, Iran və Rusiya XIN rəhbərləri Bakıda toplaşıblar. Ildə 20 mln. ton yük və 3 mln. sərnişin daşıma qabiliyyəti olan layihə 2017-ci ildə işə salınmalıdır və Rusiya, Azərbaycan və Iran dəmir yollarını birləşdirəcək. Bu, yüklərin Fars körfəzinə, Hindistana və oradan geriyə daşınmasına imkan verəcək. Rusiya həmçinin Türkiyəyə və oradan bütün Ön və Kiçik Asiya bölgəsinə çıxışı olan dəmiryolu əlaqəsinin iştirakçısına çevrilir.

Strateji cəhətdən qaz və neft kəmərlərinin Asiya, Yaxın Şərq və Avropa ölkələrinin bazarlarına çıxışı olan vahid regional şəbəkədə birləşdirilməsi gözlənilir, burada əsas rol Azərbaycana aid olur.

“Turan” Analitik Xidməti