«Bu cür məhkəmə iddiaları Azərbaycanda söz, mətbuat, ifadə azadlığına qarşıdır»
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Alışanovun uzun illər bu telekanalda çalışmış telejurnalist, professor Qulu Məhərrəmliyə qarşı daha bir iddiası üzrə məhkəmə prosesi başlayıb. Söhbət Alışanovun keçmiş işçisinə qarşı Nəsimi Rayon Məhkəməsində qaldırdığı 100 minlik iddia tələbi üzrə məhkəmə prosesindən gedir. AzTV sədri iddia edir ki, Qulu Məhərrəmli “moderator.az” saytında və “Azadlıq” qəzetində yayımlanan müsahibəsində ona böhtan atıb, şərəf və ləyaqətini təhqir edib.
Maraqlıdır ki, Arif Alışanov 100 min manatlıq iddia ilə kifayətlənməyib. O, Yasamal Rayon Məhkəməsində də xüsusi ittiham qaydasında başqa bir iddia qaldırıb. Həmin iddiada AzTV sədri Qulu Məhərrəmlinin CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.
Dünən Nəsimi Rayon Məhkəməsində 100 min manatlıq iddia üzrə hazırlıq iclasında hakim Etibar Hümbətov jurnalistləri məhkəmə prosesinə buraxmayıb.
Məhkəmədə Qulu Məhərrəmlinin nümayəndəsi Nicat Gözəlov vəsatət verib. Müdafiəçi xüsusi ittiham qaydasında qaldırılmış digər iddiaya Yasamal Rayon Məhkəməsində baxılana qədər bu prosesin təxirə salınmasını istəyib.
Arif Alışanov özü məhkəmədə iştirak etməyib. Hakim onun nümayəndəsindən sübutların – Qulu Məhərrəmlinin müsahibəsinin dərc edildiyi “Azadlıq” qəzetinin nüsxəsinin məhkəməyə təqdim olunmasını istəyib.
Qulu Məhərrəmlinin nümayəndəsinin vəsatətini nəzərə alınıb və məhkəmə prosesi aprelin 25-nə qədər təxirə salınıb.
Qulu Məhərrəmli məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o, bir müsahibəyə görə iki iddia qaldırmaq anlaşılmazdır. Telejurnalist deyir ki, onun müsahibəsində təhqir və böhtan xarakterli fikirlər yoxdur: “Iddiaların hər ikisi əsassızdır. Bu məsələləri Azərbaycanın peşəkar hüquqşünasları ilə müzakirə eləmişik, burada heç bir təhqiramiz ifadə yoxdur. O müsahibədə qiymətləndirici ifadələr və vəzifə tutan şəxsin ünvanına deyilən tənqidlər var. Yəni şərəf və ləyaqətin təhqiri, böhtan olduğunu demək uydurmadır. Məhkəmədə də dedim ki, iddiaçı, onu müdafiə edən adamlar vaxtdan istifadə edib həmin müsahibəni diqqətlə oxusunlar. Orada televiziya tarixinə baxış, indiki proseslərin təhlili və nöqsanlarla bağlı tənqid var. Tənqidi bu cür top-tüfənglə qarşılamaq olmaz. Bu cür məhkəmə iddiaları Azərbaycanda söz, mətbuat, ifadə azadlığına qarşıdır”.
Qulu Məhərrəmlinin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi, “moderator.az” saytı və “Azadlıq” qəzetində dərc olunan müsahibədən sonra AzTV sədri Arif Alışanovla mübahisələri yaranıb. Həmin müsahibədə səslənən fikirləri şərəf və ləyaqətinin təhqir olunması, böhtan kimi qiymətləndirən Alışanov məhkəməyə müraciət edib.
Aytən



