«Yazdığımız şikayət ərizələri nazirliyə çatmır…»
S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasının bir qrup əməkdaşı direktor Xuraman Osmanovadan şikayətçidir. Onlar “Azadlıq”a göndərdikləri məktubda bu barədə yazıblar.
Müəllimlər bildirir ki, Xuraman Osmanova bir müddət əvvəl “nurçu” kimi təqdim olunan keçmiş deputat Ceyhun Osmanlının anasıdır. Onun rəhbərlik etdiyi gimnaziyada hərc-mərclik hökm sürür, istədiyi adamı işə götürür, xoşu gəlməyən müəllimlər haqqında uşaqlar və valideynlərdən məlumat toplayaraq məktəbdən uzaqlaşdırmağa çalışır: “Xuraman xanım heç kimdən çəkinməyərək müəllimləri təhdid edir, işdən çıxarmaqla hədələyir. Təhsil Nazirliyində işləyən dost-tanışlarını gimnaziyaya dəvət edir, onlar da müəllimlərə təzyiq göstərirlər. Məktəb yeni layihə əsasında yenidən qurulacaqsa, onda Nazirlər Kabinetinin qərarı və ya Təhsil Nazirliyinin bu haqda bir qərarı olmalı idi.
Direktor bu yaxınlarda iclas keçirdi, həmin iclasda müəllimlərə 10 gün müddətinə yerdəyişmə ərizələrini yazmağı israrla tələb etdi. Bildirdi ki, indi yerdəyişmə ərizələrini yazsalar, nazirlikdə olan tanışlardan istifadə edərək müəllimləri imtahansız yerləşdirəcək, ərizə yazmasalar, onda yerdəyişmə imtahanı verəcəklər. Müəllimlər çaşqınlıq içindədir. Direktor dedi ki, “məktəbdə qalası olsanız, onda sizi ağır şərtlər gözləyir, məktəbdə 5 fəndən imtahan olunacaqsız, imtahandan keçməyənlər birbaşa işdən azad olunacaq”. Həmin iclasda müəllimlər nazirliyin nümayəndəsinin gəlməsini istəyəndə direktor dedi ki, nümayəndə onun özüdür”.
Müəllimlər deyir ki, yazdıqları şikayət ərizələri nazirliyə çatmır, elə nazirliyin qapısından Xuraman xanıma çatdırılır: “Xuraman xanım məktəbin yeni iş rejiminə keçəcəyini dedi. Yəni məktəbdə qalmaq istəyən müəllimlər səhər saat 8-dən axşam 6-ya qədər işdə olmalıdır. Əmək Məcəlləsinin 92, 93-cü maddəsində bu haqda yazılmayıb.
Xuraman xanım həm Təhsil Nazirliyində, həm də gimnaziyada işləyir. Deyəsən, bu məsələ qanuna ziddir. Özünün iki vəzifə daşımasına baxmayaraq, iki yerdə işləyən müəllimələrin gimnaziyanı tərk etməsini tələb edir.
Xuraman xanım məktəbə yeni təyin olunanda müəllimlərə göstəriş verdi ki, zəif oxuyan uşaqlara güzəşt etməyin, sonra əlavə kurslara yazarıq. Lakin heç bir kurs olmadı, nəticədə indi məktəbdən 250-300-dən çox uşağı zəif qiymətlərinə görə xaric etmək istəyir.
Belə söhbət gəzir ki, məktəbin ərazisini idmanla bağlı vəzifəli şəxs alıb, oranı olimpiya mərkəzi etmək istəyir. Gimnaziya Nərimanov rayonu ərazisində yerləşir. Məktəbdə bufetə yaxın dəhlizdən keçmək mümkün deyil, elə bil yeməkxanadır. Bufetdə bişirilən bütün şirniyyatların iyi gimnaziyanı bürüyür.
Xuraman xanım iclaslarda deyir ki, onun şərtləriylə işləmək istəməyən işdən çıxmaq barədə ərizəsini yaza bilər. Amma özü işlədiyi bir neçə ay müddətində çoxsaylı işçi götürüb. O, gimnaziyanı şəxsi mülkiyyətinə çevirib, şöhrət həvəsindədir. Dediyinə görə, özünə karyera qurmaq istəyir. O, heç bir yerə şikayət etməyin mənası olmadığını söyləyir. Deyir ki, nazirlikdə hamısı onun dostlarıdır”.
Müəllimlərin şikayət məktubunda göstərilənlərlə bağlı gimnaziya rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
Sosial şöbə



