Bu məsələ qardaş ölkədə ciddi suallar yarada bilər
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı və iranlı həmkarları ilə görüşdən sonra keçirilən brifinqdə viza məsələsindən danışıb. Iranla viza məsələsinin həllinə çox yaxın olduğunu deyən XIN rəhbəri müəyyən irəliləyişlərdən də danışıb: “Yaxın vaxtlarda Naxçıvanda olduğu kimi xüsusi rejimə oxşar bir rejim tətbiq edilə bilər”.
Belə olan halda, görəsən, Türkiyə ilə məsələ necə tənzimlənəcək?
Politoloq Elxan Şahinoğlu deyir ki, bu məsələ hər iki dövlətə şamil olunmalıdır. Yəni yumşalma Iran vətəndaşlarına tətbiq olunsa və Türkiyə bundan kənarda qalsa, indiki həssas durumda, cəbhə bölgəsindəki vəziyyətlə bağlı türklərin bizə dəstək verdiyi məqamda Türkiyə vətəndaşlarında ciddi suallar yarana bilər: “Məntiqlə, hər iki dövlətlə eyni yumşalma sazişinin imzalanması, ya da fasilələrlə həyata keçirilməsi də mümkündür. Bu məsələ çox aktualdır. Çünki neçə vaxtdır bu məsələnin həlli barədə danışılırdı. Təsəvvür edin ki, Azərbaycan hakimiyyəti turizmin inkişafından danışır, neçə-neçə Iran vətəndaşı da Novruz bayramına gəlir. Görün, indi viza rejimi yumşalsa, nə qədər turist Azərbaycana gələ bilər. Bu da maliyyə imkanının artması deməkdir. Amma Məmmədyarov konkret viza yumşalmasının nədən ibarət olduğunu demədi. Sadəcə, bir misal kimi, Naxçıvan variantını göstərdi. Yəqin bu variantın Azərbaycanın tamamına tətbiq olunacağı barədə bir fikir mübadiləsi gedir”.
Nigar



