Təqribən, altı aydan sonra “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” adlanan sənədin hazırlanmasından on il ötəcək. Vaxtilə Azərbaycan təhsilinin nicatı kimi qiymətləndirilən bu təhsil proqramı gözləntiləri doğrultmadı. Bunu son açıqlamalarının birində təhsil naziri M. Cabbarov da dolayısı yolla bəyan etdi.
Səkkiz il bundan qabaq kurikulum təhsil proqramına 10-a yaxın məqalə həsr etmişik. Bu yazılarda kurikulumun siyasi, iqtisadi və hüquqi aspektlərinin ayrı- ayrılıqda təhlili öz əksini tapıb. Cəmiyyətə çatdırmaq istəmişik ki, kurikulum təhsil proqramını həyata keçirmək üçün yuxarıda sadalanan aspektlərin heç biri yoxdur. Təəssüf ki, fikirlərimiz o vaxt nəzərə alınmadı və bu yolda milyonlar səpələndi. Bəs indi- qatar gedəndən sonra niyə nəticənin olmadığını etiraf edirlər?
Bəzi dostlarımız bizimlə razılaşmır və deyirlər ki, tələb olunan aspektlər olmasa da, tədris prosesini aparmaq olar. Hamı yaxşı bilir ki, bütün dərsliklərdə və sinif otaqlarında siyasi rəhbərin şəkilləri yer alıb. Söhbət təkcə mərhum H. Əliyevdən getmir. Sabah H. Əliyevin şəklini M. Ə. Rəsulzadənin və ya Ə. Elçibəyin portreti əvəz etmiş olsun- fərq etməz. Bu halda tənqidi düşüncəni şagirdlərə necə aşılayacağıq?
Tənqidi təfəkkür əqli prosesin yeni üslubudur. Keçən əsrin 80-cı illərindən Amerikada, 90-cı illərindən isə Avropa ölkələrində formalaşmağa başlamışdır. Tənqidi təfəkkürün vəzifələri bunlardır:
- Müəyyən etmək: mətn və ya nitq konkret olaraq kimin dəyərlər toplusunu və istiqamətlərini özündə əks etdirir.
- Hökmün birmənalı olduğunu şübhə altına almaq.
- Öz düşüncələrində vicdanlı və ədalətli olmaq.
- Yanlış nəticələrə gətirib çıxara bulən mənfi yanaşmaları müəyyən etmək.
- Hadisələrə qərəzli yanaşmadan qaçmaq.
- Həmişə yoxlanması mümkün olan faktları şəxsi münasibətdən və ehtimallardan fərqləndirməyi bacarmaq.
- Şifahi və yazılı nitqin məntiqi ardıcıllığındakı çatışmazlığı şübhə altına almaq.
Tənqidi təfəkkürün prinsipləri də imkan vermir ki, şagirdlərin beynini güclə “yedizdirək”. Bu prinsiplər aşağıdakılardır:
- Təhsilin məqsədi biliklərin həcmi və məlumatların sayı ilə deyil, şagirdin bu informasiyanı necə idarə etməsini formalaşdırmaqla ölçülür. Şagird məlumatı ən səmərəli üsullarla əxz etməli, orada olan qiymətli mənanı tutmalı və bu məlumatdan həyati məqsədlər üçün istifadə etməyi bacarmalıdır.
- “Hazır” bilikləri mənimsəmək kifayət deyil, şagird təlim prosesi zamanı özünün düşünüb hasil etdiyindən yararlanmalıdır.
Bütün yuxarıda söylənilənlər onu göstərir ki, kurikulum təhsil proqramı müəllimlə şagird arasında partnyor münasibətlərinin formalaşmasından keçir. Bu isə öz növbəsində şagirdlərə tam düşüncə azadlığı verməyi tələb edir.
Ən başlıcası, kritik düşüncə bütün dünyada vicdan azadlığını tənzimləyən bir vasitədir. Bu cəhətdən körpə uşaqların namaza öyrədilməsi və dini ayinləri kor- koranə yerinə yetirməsi qəbul edilən deyil. Biz onun tərəfindəyik ki, hər bir kəs müqayisələr aparmaqla, yaxşını pisdən, düzü əyridən seçməklə obyektiv varlığı dərk etsin. Təəssüf ki, nəinki kiçikləri tənqidi düşüncədən yararlanmağa qoymuruq, hətta böyüklər belə çox vaxt tənqidi təfəkkürdən istifadə etdiklərinə görə çoxluq tərəfindən qınaq, bəzən də təhqir obyektinə çevrilirlər. “Allah varmı?” sualına düşünmədən “hə” və ya “yox ” cavabı verənləri yetkin şəxs hesab etmək olmaz. Yalnız o şəxs tənqidi təfəkkür sahibidir ki, o, Allahın varlığını təkzibolunmaz arqumentlərlə sübut etsin. Yeri gəlmişkən, bu gün adlı-sanlı ziyalılarımız fərqli düşüncələrinə görə yazıçı Ə. Əylislini az qala vətən xaini elan edir. Əgər onun fikirlərinə etirazın varsa, geniş müzakirələrə dəvət et və elə faktlar ortaya qoy ki, Əkrəm müəllim səhv etdiyini anlasın. Tənqidi düşüncəyə qarşı belə səlib yürüşü heç də millətə baş ucalığı gətirmir.
Bax belə. Təqdim etmək məndən, müqayisələr aparmaq sizdən. Nəinki balalarımız, hətta onlara belə bacarıqları aşılamaqda borclu olan yaşlı nəsil tənqidi düşüncəyə qənim kəsilib. Güman edirəm, fikrim sizə çatdı: kurikulum təhsil proqramı məhz bu səbəblərdən bizim ölkədə uzun müddət utopiya olaraq qalacaq.
P.S. O vaxtlar məqalələrimdən birini “kurikulum” sözünün orfoqrafiyasına həsr etmiş və həmin sözün qoşa samitlə yazılması üçün iki başlıca əsas gətirmişdim: 1) bu söz həm orijinalda, həm də rus dilində qoşa “r” lə yazılır; 2) təlimdə vərdişlərin interferensiyası prinsipini nəzərə almaq lazımdır. Bu söz ilkin sənədlərdə də öz əksini adekvat şəkildə tapmışdı. Sonradan Təhsil problemləri institutunda kiminsə ağlına sözü “kurikulum” kimi yazmaq gəldi. Yeni orfoqrafiya lüğəti hazırlanarkən mən dil komissiyasına “nəqərat” və “kurikulum” sözləri ilə bağlı təklif göndərmişdim. 1- ci təklifimi nəzərə alsalar da, 2-cisi qəbul olunmamışdı, çünki sözün yazılışında nazirliyə istinad etmişdilər.



