Yaxud təmas xəttindəki son atışmalardan sonraya bir baxış
Qarşılıqlı atəşkəsdən sonra sosial şəbəkədə və mediamızda bir ümid yaranıb ki, bu qısamüddətli hərəkətlilik və iki yerdə ermənilərin təmas xəttindəki ilk sipərinin aşılması böyük qələbədir və erməniləri Qarabağın dağlıq hissəsi, Laçın və Kəlbəcərÿistisna olmaqla digər rayonlardan çıxarmağa yetəcək. Hətta bəzi yorumlarda bu fikrə rast gəlirəm ki, guya Rusiya da gizlində bunu istəyirmiş, ATƏT-in Minsk qrupunun həmsədrləri də buna erməniləri məcbur edəcək.
Bu fikrə qatılıram ki, 22 ildən sonra ilk dəfə cəbhə xəttində mövqe üstünlüyü qazandıq. Bu tabloda həyatını verən bütün qəhrəman şəhidlərə Allah rəhmət eləsin və mübarizədə yuxusuz gecələr keçirən digər əsgərlərimizə Allah qüvvət versin!
Lakin yuxarıdakı digər yorumların heç birinə qatılmıram. Çünki, ATƏT-in həmsədrləri ermənilərə nəyisə məcbur etmək istəsələr, geridə qalan 22 ildə edərdilər. Yəni Minsk qrupunun 22 ildə etdikləri önümüzdəki ay və illərdə edəcəklərinin də təminatıdır… Bir sözlə, xüsusilə Rusiyanın arxa bağçası sayılan Qafqazda digər iki həmsədr ölkə Rusiyanın açıq dəstəkləmədiyi çözümü tərəflərə məcbur etməz. Hələ bu məcbur edəcəkləri tərəf Ermənistandırsa, heç etməz.ÿRusiyanın tutumunu isə müzakirə etmək sadəlövhlükdən başqa bir şey deyil. Bu gün torpağa tapşırdığımız 16 şəhidi, dünən, daha öncəki günlər, aylar illər ərzində bu münaqişədə həyatını itirən 30 mindən çox şəhidimizi məhz bu həmsədr ölkə Rusiyanın silahları həyatlarından edib. Üstəlik, bu silahları ermənilər qazancları ilə almayıblar, onlara hər dəfə kütləvi şəkildə bağışlanıb. Bizim pulumuzu alıb bizə silah satdıqları halda, ermənilərə bağışlayıblar.
Yəqin ki, yaxın günlərdə ATƏT-in təşəbbüsü ilə tərəfləri danışıq masasına gətirəcəklər. Fərqli Avropa ölkələrində bir araya gəlib, yenə sonu görünməyən danışıq proseslərinin davam etdiyi hekayələrini eşidəcəyik. ATƏT hər dəfə “sülh danışıqlarından başqa münaqişənin çözümü yoxdur”-açıqlamasını verəcək və irəliyə doğru bir addımın atıldığını bildirəcək. Biz də cəmiyyət olaraq nəticəyə gedən addımların sayını bilmədən “irəliyə atılmış” hər addımı saymaqla Qarabağaÿuzaqdan baxmağa davam edəcəyik.
Amma bu dediklərimin olmaması üçün çox ciddi bir xətt müəyyən olunmalıdır. Azərbaycan bundan öncə bir prinsiplə masaya otururdu: “Münaqişə ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapmalıdır”. Indi bu prinsipin yanına bir digər prinsip əlavə olunmalıdır: “Münaqişə ərazi bütövlüyü prinsipi çərçivəsində və konkret bir ay müddət ərzində öz həllini tapmalıdır, əks halda sorumluluq ATƏT-in Minsk qrupundadır”.
Əgər son rəsmi açıqlamalar yalan deyilsə, belə bir şərti irəli sürməyimizi indiki mövqeyimiz tələb edir. Unutmayaq, 22 ildən sonra xalqda da bu prosesin yekunlaşa biləcəyinə və orduya böyük INAM var. Bunu boşuna xərcləmək xəyanət olar!