Aprelin 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Məlumata görə, Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılmasına dair razılıq əldə ediblər. Lakin Müdafiə Nazirliyi danışıqların detallarını, əməliyyatların hansı şərtlər əsasında dayandırıldığı, bundan əvvəlki atəşkəs razılaşmasının qüvvədən düşüb-düşmədiyini açıqlamır. “Azadlıq”ın bununla bağlı Müdafiə Nazirliyinə müraciəti də nəticəsiz qalıb. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, nazirliyin rəsmi saytında yerləşdirilən məlumatdan əlavə heç bir məlumata malik deyil.



