Hakimiyyətdən absurd iddia

Yaxud Fransaya cəsarətsiz etirazı pərdələmək üsulu

Azərbaycan hakimiyyəti Fransa Senatının qondarma erməni soyqırımının inkar edilməsinə görə cəza nəzərdə tutan qanunu qəbul etməsinə cəsarətsiz şəkildə etirazının tənqidinə tuş gəlməsini həzm edə bilmir. Bu biabırçılığı ört-basdır etmək üçün isə müxtəlif ağlasığmaz üsullara əl atır.
Təsəvvür edin, “Yeni Azərbaycan” qəzeti “Azadlıq” qəzetinin bir neçə əməkdaşının Fransaya mühacirət etməsinə irad bildirir. Qəzet yazır: “Bu məsələdə ciddi-cəhdlə Azərbaycanı gözdən salmaq, yalanları ilə böhtan kampaniyası aparmaq istəyən, iki qardaş xalqın arasında gərginlik yaratmaqla görəvləndirilən və bunu bacarmayan ”Azadlıq” qəzeti, həmçinin, ona nəzarət edənlərin Azərbaycan dövlətini “suçlaması” və dövlətdən gileylənməsi isə daha absurddur. Çünki, “Azadlıq” qəzetinin bəzi əməkdaşları Azərbaycanı bəyənməyərək “insan hüquq və azadlıqlarının” təmin olunduğu Fransaya getdilər. Yəqin, indi anladılar ki, insan hüquq və azadlıqları ən çox elə Azərbaycanda qorunur. Əgər doğrudan da, bu qəzetdə çalışanlar həqiqi vətənpərvərdirlərsə, qoy onlar da açıq şəkildə, birmənalı olaraq, Fransa Senatının qərarını tənqid etsinlər. Yoxsa, Fransanı tənqid edən kimi görünərək, Türkiyə-Azərbaycan münasibətlərini korlamağa cəhd etməsinlər”.
Əvvəla, “Azadlıq” Azərbaycan-Türkiyə münasibətlərini korlamağa cəhd etmir. “Azadlıq” hakimiyyətin Fransaya ürkək etirazlarını qəbul etmir. Qəzet hesab edir ki, bu mürtəce qanuna adekvat reaksiya verilməlidir. Ikincisi, məlum qanunu “Azadlıq” qəzetindən daha çox pisləyən və bu istiqamətdə ziyalıların, siyasətçilərin mövqelərini işıqlandıran bəlkə də ikinci bir media quruluşu yoxdur. “Yeni Azərbaycan” qəzeti bunu yazanda heç olmasa kimin Fransanın ali mükafatı ilə təltif olunması barədə düşünməli idi. “Azadlıq”ın əməkdaşlarının Fransaya mühacirət etməsinin səbəbi aydındır. Azərbaycanda insan haqları sahəsində vəziyyət acınacaqlıdır. Məlum qanunla Fransa ifadə azadlığını məhdudlaşdırmış olsa belə, yenə də Azərbaycanla müqayisədə oradakı rejim çox demokratikdir. Digər tərəfdən, “Azadlıq”ın əməkdaşlarının Fransada olması bu qanuna dəstək verməsi deyil. Fransada yüzlərlə azərbaycanlı və Türkiyə vətəndaşları yaşayır. Əgər “Yeni Azərbaycan” Fransaya etiraz olaraq “Azadlıq”ın əməkdaşlarının geri qayıtmalı olmasına eyham vurursa, onda birinci növbədə ölkəmizin oradakı səfirini geri çağırsınlar…

“Azadlıq”