“Yeni Azərbaycan”dan Ərdoğan ailəsinə ittiham

YAP Türkiyədən gələn tənqidləri Ərdoğanın, Fəzail Ağamalı isə ermənilərin sifariş etdiyini deyir

Türkiyənin Fransa Senatında qəbul olunan məlum “soyqırım qanunu” ilə bağlı Ilham Əliyevdən mövqe istəməsinə Azərbaycan hakimiyyəti “əks-hücumla” cavab vermək qərarına gəlib. Belə görünür ki, rəsmi Bakının son günlər xüsusən də Türkiyə mediasında səslənən “Ilham Əliyev niyə susur” tipli sualların və “hakim ailə Fransadan aldığı medallardan imtina etsin” çağırışları qarşısında əsəbləri dözməyib və o, Türkiyə hökumətinə “yerini göstərmək” istəyib. “Yeni Azərbaycan” qəzetinin dünənki sayında dərc olunan “Türk diplomatiyası, Azərbaycan və erməni iddiaları” başlıqlı yazı dediklərimizin təsdiqi sayıla bilər. Yazıya “Yeni Azərbaycan” imzasının qoyulması isə oradakı ittihamları qəzetin təsisçisi olan hakim partiyanın (YAP) və deməli həm də bu partiyanın sədri olan Ilham Əliyevin bölüşdüyü anlamını verməkdədir.

Məqalədə əvvəlcə Türkiyənin xarici siyasətdəki uğursuzluqları, ayrı-ayrı dövlətlərlə münasibətləri pisləşdirməsindən bəhs olunur. Uzun təqdimatdan sonra da Fransa Senatında qəbul edilən məlum qanuna Azərbaycanın necə dəstək verməsindən söz açılır və Türkiyənin bu dəstəyə qiymət vermədiyinə işarə vurulur: “Senatın məlum qərarından dərhal sonra həm Xarici Işlər Nazirliyi səviyyəsində, həm də Prezident Administrasiyası səviyyəsində etiraz bəyanatları verildi. Bu, Azərbaycan Prezidentinin prinsipial mövqeyidir. Bundan başqa, Fransada təşkil edilən etiraz aksiyalarında türklərlə bərabər azərbaycanlılar fəal iştirak etdilər. Türk dilli dövlətlər arasında Azərbaycan yeganə dövlətdir ki, Türkiyəni bu səviyyədə dəstəklədi və dəstəkləyir. Heç bir türk dövləti adi bəyanat səviyyəsində belə, çıxış etmədi. Lakin bütün bunlar Türkiyədəki bəzi qrupları qane etmir. Onlar Türkiyənin regional siyasətinin, daha doğrusu ”sıfır problemi”nin həyata keçirilməsinin qeyri-mümkün olduğunu dərk edib daha rasional addımlar atmaq əvəzinə, Azərbaycanı günahlandırıb, özlərinə təsəlli tapmaq istəyirlər. Jurnalist Taha Akyolun “Hürriyyet” qəzetində yer alan yazıları da bunun bariz nümunəsidir. Hakimiyyətə ideoloji yaxınlığı ilə seçilən, baş nazir Ərdoğanın qudasının qardaşına mənsub olduğu bildirilən “Yeni Şafak” qəzetinin, “Türkiye Qazetesi”nin və önəmli hallarda hakimiyyətə yaxın şəxslərin fikirlərini səsləndirən “Hürriyyet” qəzetinin Azərbaycana qarşı kampaniya aparması nə anlaşılan, nə də ümumi işin xeyrinədir. Bu qəzetlər Azərbaycana dəstək vermək əvəzinə, erməni təbliğatının daşıyıcısına çevrilirlər. Müəyyən bir qrupun sifarişi ilə belə yazıların verilməsi ən azından siyasi səbatsızlıqdır”.
Qəzet daha sonra Türkiyəni Xocalı soyqırımına hüquqi qiymət verməməkdə qınayıb: “Türkiyə Böyük Millət Məclisi sadəcə sədrin bəyanatı ilə kifayətlənməməli, Xocalıda dinc sakinlərin qırğınına münasibət bildirib, hüquqi qərar qəbul etməlidir. ”Hər birimiz xocalılıyıq” şüarlarını nəhayət türk cəmiyyəti eşitməlidir. Təəssüflər olsun ki, Xocalı soyqırımı yalnız son günlər Ərdoğanın yadına düşmüş, halbuki bu erməni vandalizminin ən bariz nümunəsidir. Niyə hər zaman Fələstindən danışan Əminə Ərdoğan Xocalını yadına salmır?”.

Utanmasan oynamağa nə var?

AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, Azərbaycan hakimiyyətinin bu davranışı “utanmasan oynamağa nə var” misalına uyğundur: “Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə olub. Türkiyə Azərbaycanın Milli Ordusuna kifayət qədər yardım etmiş bir ölkədir. Türkiyənin Xocalı faciəsi ilə bağlı beynəlxalq aləmdə gördüyü işlər də Azərbaycandan qat-qat çox olub. Heydər Əliyev dövründə Xocalı faciəsinə elə bir siyasi qiymət verdilər ki, ermənilərdən daha çox müxalifət ittiham olundu. Bununla da bu faciə ilə bağlı beynəlxalq səviyyədə kampaniya aparmaq imkanları məhdudlaşdı. Hökumət bu yazılarla göstərməyə çalışır ki, Azərbaycan haqqında nə istəyirlər desinlər amma ailəyə toxunmasınlar. Hakimiyyət ailəyə münasibəti dövlətçiliyə, xalqa münasibətdən ayırır. Bu cür davranışlar da təkcə Türkiyə də yox, Azərbaycanda da böyük qınaq yaradır. Əliyevlər, Dəmirəllər gəldi-gedərdir, bizim qardaşlığımız isə əbədidir. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti belə davranmaq əvəzinə təcili şəkildə Türkiyə rəhbərliyi ilə əlaqə yaradıb bu vəziyyətdən çıxmağa çalışmalıdır”.

Fəzail Ağamalıdan “Azadlıq”a ermənipərəstlik ittihamı

Deputat Fəzail Ağamalıya müraciət edib Azərbaycanın rəsmi mediasında Türkiyə əleyhinə gedən məlum məqalə ilə bağlı onun da fikirlərini öyrənməyə çalışdıq. F.Ağamalı əvvəlcə “bu sualın mənə nə aidiyyəti var” deyib cavab vermək istəmədi. Lakin söhbətin konkret olaraq nədən getdiyini biləndə danışmağa qərar verdi. Amma bu dəfə də hədəfdən yayınaraq “Yeni Azərbaycan”dakı məqaləyə yox, Türkiyə mətbuatında Azərbaycan hakimiyyətinin əleyhinə çıxan yazılara münasibət bildirdi: “Türkiyə mətbuatında belə yazıların çıxmasını təmin edən ermənilərdir. Çox təəssüf edirəm ki, siz də belə materialları öz səhifələrinizdə işıqlandırırsınız. Bununla da özünüzü ermənilərə xidmət edən mövqeyə qoyursunuz. Belə şeylərlə ehtiyatlı olun. Azad fikri birmənalı şəkildə müdafiə edərəm və onun uğrunda həyatımı qoyan insanlardan biriyəm. Amma hakimiyyət uğrunda mübarizədə iddialar ağılı üstələyibsə, mən onları Azərbaycanın düşməni olan qüvvələrlə eyni səviyyədə qoyuram. Əgər imkanınız varsa, elə bu şəkildə də qəzetinizdə dərc edin. Onda mən biləcəm ki, ”Azadlıq” qəzeti sözün həqiqi mənasında fərqli fikirlərə üstünlük verən və onu öz səhifələrində dərc edən qəzetdir”.
F.Ağamalının qəzetimizin ünvanına səsləndirdiyi bu ittihamlardan sonra onun bu fikirlərinin subyektiv olduğunu bildirib deputata növbəti sualımızı ünvanladıq. Və nəzərinə çatdırdıq ki, ondan fərqli olaraq “Yeni Azərbaycan” qəzeti erməniləri yox, konkret Türkiyə hakimiyyətini ittiham edir. Suala verilən cavab belə oldu: “Yeni Azərbaycan” qəzetində gedən yazılara, onun müəlliflərinə mənim də etirazlarım olub. Indi siz sual verirsiniz, mən də münasibət bildirirəm. Bir neçə gün əvvəl “Türkiye Qazetesi”ndə bir yazı dərc olunub. O yazını ermənilər dərc etdiriblər, siz də onu olduğu kimi Azərbaycan auditoriyasına təqdim edirsiniz. Məntiq nə deyir? Məntiq deyir ki, siz də ermənilərə xidmət edirsiniz”.