Demokratikləşmə heç bir avtoritar rejimdən yan keçməyəcək

Ibrahim Ibrahimli: «2012-ci ildə sosial narazılıqların siyasi narazılıqlara çevrilməsi prosesi baş verəcək»

Məlum olduğu kimi, “Freedom House” təşkilatının vitse-prezidenti Arç Paddinqton “Turan”a müsahibəsində Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti təhlil edib. O, Azərbaycanda da inqilabın baş verəcəyini proqnozlaşdırıb. Sadəcə bunun nə vaxt olacağını deməkdə çətinlik çəkib. Paddinqtonun sözlərinə görə, “ərəb baharı” göstərdi ki, ən repressiv şəraitdə belə insanlar gec ya tez ayağa qalxır. Sadəcə olaraq Azərbaycanın demokratik dünyanın diqqətindən kənarda qalmasına səbəb onun enerji resurslarının çox olmasıdır. Buna misal kimi isə aksiyaların yatırılması zamanı baş verən zorakılıqları göstərmək olar. Məsələn, Bakıdakı aksiyaların yatırılması üçün istifadə olunan repressiyalar Misirdə olsaydı bütün dünya qəzəblənərdi.
Mötəbər bir təşkilatın rəhbərinin bu fikirləri ciddi məqamlardan xəbər verir. Deyilənlərə münasibət bildirən Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, istiqlalçı deputat Ibrahim Ibrahimlinin fikrincə, dünyanı öz təsiri altına alan qlobal demokratikləşmə prosesi heç bir avtoritar rejimdən, o cümlədən Azərbaycandan yan keçə bilməz. Sadəcə bu prosesin vaxtı, zamanı və məqamı var. Azərbaycanda bu proseslərin başlanması üçün daxili və xarici şərtlər üst-üstə düşməlidir. Xarici siyasi şərtlərin dəyişməsi daxildə də vəziyyətin dəyişməsinə təsir göstərəcək. I.Ibrahimli artıq Azərbaycanda demokratik inqilabın, demokratiya və qloballaşma prosesinin əlamətlərinin göründüyünü də qeyd etdi. Çünki ölkədə sosial narazılıq pik nöqtəsinə çatıb. Lokal xarakter daşıyan etirazlar tədricən toparlanmağa başlayır. Artıq Azərbaycanda sosial narazılığın siyasi narazılığa çevrilmək mərhələsi gedir. Bu səbəbdən də 2012-ci il sosial narazılıqların siyasi narazılıqlara keçid ili kimi yadda qalacaq. Siyasi narazılıqlar isə ciddi dəyişikliklərin əsasını qoya bilər.
I.Ibrahimli demokratik inqilabların orta təbəqə tərəfindən həyata keçirildiyini də qeyd etdi. Yalnız orta təbəqə mövcud olan yerdə demokratik inqilablardan söhbət gedir. Əks halda söhbət kasıbların inqilabından gedir. Buna misal kimi şimal qonşumuzu göstərmək olar. Rusiyada artıq orta təbəqə var və o ölkəni dəyişmək istiqamətində addımlar atır.
Ekspertin sözlərinə görə, artıq Azərbaycanda intellektual orta təbəqə yaranıb. Bu da intellektual inqilabla nəticələnəcək. Sadəcə olaraq, dünyanın maraqları ilə Azərbaycanın daxili maraqlarının üst-üstə düşməsi məsələsi var. Artıq Azərbaycanda siyasi şərtlər yaranmağa başlayıb. Bu səbəbdən də 2012-ci ildə sosial narazılıqların siyasi narazılıqlara çevrilməsi prosesi baş verəcək.

Fizzə