ABŞ Bəşər Əsədi “sildi”

Suriyada daha bir qanlı cümə geridə qaldı; Iran üsyanı yatırmaq üçün SEPAH-çıları dövriyyəyə salıb

Suriyada gərginlik davam edir. Ötən gün ölkənin müxtəlif yerlərində ənənəvi cümə etirazları keçirilib. Paytaxt Dəməşqin ətraf bölgələri başda olmaqla, Hələb, Həma, Homs, Idlib, Dəraa, Deyr əz Zor, Qamışlı və başqa şəhərlərdə küçələrə axışan yüz mindən artıq müxalifət tərəfdarı Bəşər Əsədin istefasını tələb edib. Əsəd əleyhdarları diktatorun dərhal istefa verməsini və məhkəmə qarşısında dayanmasını tələb ediblər.
Hökumət qüvvələri yenə də etirazçıların dinc aksiyasını qana boyayıb. Əsəd rejiminin əsgərləri müxalifləri odlu silahlardan atəşə tutub. Onlarla ölən və yaralının olduğu bildirilir. Yanvarın 26-dan 27-nə keçən gecə təhlükəsizlik qüvvələri ölkənin müxtəlif yerlərində ümumilikdə 65 nəfəri qətlə yetirib.
Müxalif fəallar əməliyyatlarda uşaq və qadınların da hədəf alındığını, müxaliflərlə hökumət qüvvələri arasında şiddətli döyüşlərin yaşandığını söyləyiblər. Həma, Homs və Idlib şəhərlərində keçirilən xüsusi əməliyyatlar zamanı öldürülənlərdən 14-nün uşaq olduğu bildirilir.
Suriyalı müxaliflərin qurduğu “Azad Suriya Ordusu” tərəfindən yayılan bir videosüjetdə Homs şəhərində qaçırıldığı iddia edilən 7 iranlı görüntülənib. Görüntülərdə iranlılardan 5-i Iran Islam Inqilabının Mühafizəsi Korpusunun (SEPAH) üzvü olduğunu etiraf edir. Onlar Iran hakimiyyətinin tapşırığı ilə Bəşər Əsəd rejiminin müdafiəsi üçün çalışdıqlarını etiraf ediblər.
Nümayiş etdirilən videogörüntülərdəki iranlılardan biri Xamneyiyə müraciət edir: “Mən Sacid Əmiriyan Iran Inqilabının Mühafizəçiləri Korpusunun üzvüyəm. Suriyadakı üsyanı yatırmaq üçün yaradılmış xüsusi qrupun təlimatları üzrə çalışıram. Əmrləri birbaşa olaraq Homsdakı Suriya hərbi hava qüvvələrinin təhlükəsizlik bölməsindən alırıq. Ali dini liderimiz Xamneyidən bizim azad olunmağımız üçün əlindən gələni etməsini xahiş edirəm”.
Rəsmi Tehran bu insidentin “bağışlanmaz” olduğunu bildirərək, Dəməşq rejimindən iranlıların dərhal azad olunmasını tələb edib.
Türkiyədə toplantı keçirən Suriya müxalifətinin təmsilçiləri isə Bəşər Əsəd rejiminin yay fəslinə qədər devriləcəyini bildirib. Müxaliflər ölkələrində yaşananlara təcili olaraq müdaxilə edilməsinin vacibliyini vurğulayıb.
Suriyanın keçmiş-vitse prezidenti Həddam isə Bəşər Əsədin ölkənin liman şəhərlərindən birində “Nusayri dövləti” qurmağa çalışdığını söyləyib. Onun sözlərinə görə, Əsəd rejimi bu məqsədlə Livanla sərhədə yaxın bölgələrdə silah depolarının sayını artırır.
ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikkardione Bəşər Əsəd rejiminin Vaşinqton üçün bitdiyini deyib. Diplomatın sözlərinə görə, Suriya hökumətinin öz xalqına qarşı qətliamı qəbul edilə bilməz: “Artıq ABŞ Bəşər Əsədə inanmır. Ona olan bütün ümidlər yox olub. Bundan sonra Bəşər Əsəd nə edir etsin, ona olan münasibətimiz dəyişməyəcək. Bəşər Əsəd bizim üçün bitmişdir”.
Bu gecə isə BMT Təhlükəsizlik Şurasında Suriyadakı zorakılıqların müzakirəsi gözlənilir. Verilən məlumata görə, qapalı iclasda Suriya ilə bağlı atılacaq növbəti addımlar və Mərakeşin təqdim etdiyi qətnamə layihəsi müzakirə olunacaq. Suriyada siyasi keçidə çağıran qətnamə layihəsində bu ölkəyə qarşı sanksiyaların tətbiqi yer almayıb. Həmin qətnamə layihəsində Suriya prezidenti Bəşər Əsədin hakimiyyəti vitse-prezidentə təhvil verməsi və növbəti iki ay ərzində seçki keçirmək üçün ölkədə keçid birlik hökuməti formalaşdırılmasıyla bağlı Ərəb Ölkələri Liqasının çağırışına dəstək ifadə olunur.
Böyük Britaniya və Fransanın Qətər, Mərakeş, ABŞ, Almaniya və Portuqaliya ilə məsləhətləşmələr əsasında hazırladığı yeni qətnamə layihəsilə bağlı BMT Təhlükəsizlik Şurasının gələn həftə səsvermə keçiriləcəyi gözlənilir. Bu qətnamə layihəsi isə Rusiyanın ötən ay təqdim etdiyi sənədi əvəzləyəcək. Rusiya Suriya böhranının dinc yolla həllinin və danışıqların tərəfdarıdır. Rusiya Liviyadan fərqli olaraq, Suriyaya hər hansı hərbi müdaxilənin əleyhinədir.

Informasiya şöbəsi