mtn

İran MTN-i qeyri-ciddilikdə suçladı

Nazirlik cavab vermədi

Zahid Oruc isə hesab edir ki, səfirliyin bəyanatı Iranın ənənəvi «xaricdə düşmən» axtarışı mövqeyini əks etdirir

Iran bu yaxınlarda Azərbaycanda terror ittihamı ilə həbs edilmiş dəstənin onun ölkəsinin xüsusi xidmət orqanları ilə əlaqəsi olması barədə xəbərləri təkzib edir. Iranın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir ki, bu cür ssenariləri iki ölkənin yaxınlaşmasını, onların müstəqilliyini istəməyən qüvvələr hazırlayır: “Son ssenari Iranın nüvə alimlərinin sionist rejiminə bağlı qüvvələr tərəfindən terrorun ört-basdır edilməsi istiqamətindədir. Belə tədbirləri heç şübhəsiz, hər iki ölkənin düşmənləri hazırlayıb. Bu, Iran Islam Respublikasının beynəlxalq imicinə zərbə vurmağı nəzərdə tutmaqla yanaşı, iki ölkənin əlaqələrini də hədəfə alıb”.
Bəyanatın sonunda qeyd edilir ki, belə hərəkətlər Azərbaycanla Iranın strateji münasibətlərinə xələl gətirə bilməz. Bununla belə, bu cür açıqlamalar yayımlanarkən iki ölkə rəhbərlərinin iradəsindən kənar hər hansı addım atılmaması üçün sayıqlıq və ciddiyyət qorunmalıdır.
Məsələ ilə bağlı MTN-in mövqeyini öyrənmək cəhdlərimiz nəticə vermədi.

Millət vəkili Zahid Oruc isə qəzetimizə açıqlamasında bildirdi ki, səfirliyin bəyanatı bu məsələ ilə bağlı vəziyyəti bir qədər də qəlizləşdirir. Iranın növbəti dəfə ənənəvi yanaşmalarından çıxış edərək mövqe ortaya qoyduğunu deyən Z.Oruc vurğuladı ki, Iran daim özünü müdafiə etmək üçün baş verənləri xaricdəki qüvvələrlə əlaqələndirir: “Iran Azərbaycanda qarşısı alınan terror olayını yəhudi aləmi ilə bağlamağa çalışır. Guya bununla Iranla Azərbaycan arasında münasibətlərə xələl gətirilməyə çalışılır. Belə çıxır ki, nüvə silahının hazırlanması yüngül cinayət imiş, amma Azərbaycanda iki-üç yəhudiyə qarşı cinayət əməlləri Israilin Irana qarşı müharibə qərarı verməyə son hədd olacaqmış. Bu, yanlış mövqedir”.
Iranın ölkəmizə qarşı son günlər mövqeyinin sərtləşməsinə toxunan Z.Oruc bildirdi ki, bu, daha çox Irana Qərbin təzyiqlərinin artmasının fonunda Tehranın narahatlıq keçirməsindən irəli gəlir. Iranın regionda və dünyada yürütdüyü yanlış mövqeyinin illərdir ortada olduğunu vurğulayan Z.Oruc qeyd etdi ki, məhz Iranın qeyri-konstruktiv mövqeyi nəticəsində Xəzərin statusu ilə bağlı məsələ həllini tapmayıb.

Hikmət