ABŞ və Böyük Britaniya Fransaya qarşı

Dünyanın super gücləri erməni qanununa etiraz etdi; fransızlar isə Sarkozini cəzalandırdı

Inkar qanunu Amerika ermənilərini hərəkətə gətirdi

Fransa Senatının “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu dünyanın super güclərinin də etirazına səbəb olub. ABŞ-ın dövlət katibi Hillari Klinton qanun layihəsinin əleyhinə bəyanat səsləndirib. Onun sözlərinə görə, ölkəsinin ən güclü tərəflərindən biri də ifadələrdə cinayət tərkibi axtarmamasıdır. Insanlar ABŞ-da istədikləri hər şeyi deyə bilərlər. Klinton jurnalistlərə açıqlamasında bildirib ki, “soyqırım” iddiaları siyasi yox, tarixi mövzudur. Dövlət katibi ABŞ-ın əsla Fransanın yolu ilə getməyəcəyini vurğulayıb.
“Fransa da daxil olmaqla digər ölkələrin fərqli standartları və tarixləri ola bilər. Amma biz ifadənin cinayət sayılacağı bir yolla getməyəcəyik. Hesab edirəm, bu mövzunun siyasidən çox, tarixi olduğunu qeyd etmək daha ədalətli olar ki, həqiqət də budur. Məncə, ABŞ hökumətinin mövqeyi belə olmalıdır”, – deyə Klinton vurğulayıb.
Dövlət katibi əlavə edib ki, insanların qərarlarına hörmət olunmalıdır. Klintonun fikrincə, belə mübahisələrdə tərəflərin dialoqa sövq edilməsi vacibdir. Belədə nəticə etibarilə insanlar qərarlarını özləri verəcəklər: “Mübahisəli tarixi müzakirələrin hansı tərəfində olmasından asılı olmayaraq insanları fikir dialoquna sövq etməliyik. Dəlil toplayın, iddialarınızı ortaya qoyun və dialoqa həvəsli olun. Hesab edirəm ki, bu məsələ belə olmalıdır”.
ABŞ-la yanaşı dünya siyasətinin aparıcı güclərindən biri Böyük Britaniyanın baş naziri Devid Kameron da Fransa Senatının qəbul etdiyi qanuna qarşı çıxıb. Qanun layihəsinin qəbuluna münasibət bildirən baş nazirin sözlərinə görə, vaxtilə Böyük Britaniya da keçmişdə baş verən hadisələrlə bağlı qanun qəbul edib. Kameron qeyd edib ki, keçmişdə baş verənlərə tarixçilər daha yaxşı qiymət verə bilər, nəinki siyasilər: “Biz də keçmişdə baş verənlərlə bağlı qərar vermişik. Amma artıq müasir zamanda yaşamaq və onun tələblərinə uyğun addımlar atmaq lazımdır”.
Fransanın daxilində də qanun layihəsinə etirazlar davam edir. Ölkə ictimaiyyətinin böyük kəsimi inkar qanununun söz və ifadə azadlığını məhdudlaşdırdığını iddia edir. Fransanın ən tirajlı qəzetlərindən biri “Le Monde” Senatda qəbul olunan qanunla bağlı rəy sorğusu keçirib. 12 minə yaxın insanın iştirak etdiyi anketdə 4 suala cavab axtarılıb. Sorğuda qanun qəbul edilməsinə rəyi soruşulanlara ünvanlanan suallar belə olub. Sizə görə bu: Fransanın əzəmətini göstərir; Fransanın eyibidir; Heç biri; Bilmirəm;
Rəyi soruşulanların 24.7 faizi qanunun qəbul olunması ilə Fransanın böyüklüyünün nümayiş olunacağını hesab etsə də, 54,4 faiz respondent bu qanunla Fransanın eyib etdiyini düşünür.
Qanun layihəsinin qəbuluyla Nikola Sarkozinin seçkiöncəsi ermənilərin səsini qazanması planları da iflasa uğrayıb. Son seçki sorğuları hazırkı prezidentin nüfuzunun kəskin sürətdə azaldığını aşkarlayıb. Fransa Məclisinin televiziyası “LCP”nin keçirdiyi sorğuya görə, Nikola Sarkozi sosialist rəqibi Fransua Hollandedən 20 bal geridədir. Respublika tarixində heç bir prezidentin seçkilərə 3 ay qalmış rəqibinin 20 bal gerisində olmadığı vurğulanıb. Respondentlərin rəyinə görə, Fransua Hollande Nikola Sarkozini prezident seçkilərinin ikinci turunda 60-40 faiz səs nisbətində məğlubiyyətə uğradacaq. Məclis televiziyasının sorğusuna qatılanların 93 faizi erməni qanununun qəbulundan şok olduqlarını bildirib.
Anketin nəticələrinin analiz olunduğu proqrama qatılan Senatın Konstitusiya Komissiyasının sosialist üzvü Ketrin Taska bildirib ki, erməni qanununun ölkənin ana yasasına zidd olduğu aşkardır. Onun fikrincə, qəbul olunan qanun heç bir ziddiyyəti həll etməməklə yanaşı Fransada yaşayan iki toplum arasında ciddi problemlər yaradacaq. Fransa Senatının qəbul etdiyi qanun layihəsi ABŞ-dakı erməni diasporunu hərəkətə gətirib. “Soyqırım” iddiasını Konqresin gündəminə gətirmək üçün çalışan diaspora mübarizənin Parisdən Vaşinqtona keçəcəyini açıqlayıb. 37 ildir ABŞ Konqresindən “soyqırım” iddiasını keçirməyə çalışan, ancaq indiyə qədər müvəffəq ola bilməyən Amerika Erməni Milli Komitəsi (ANCA) ABŞ-ın müxtəlif bölgələrində fəaliyyətini gücləndirib.

Elxan