Bir ölkədə savaş çıxarsa, orda uşaqdan böyüyə hər kəsin səfərbər olması əsas şərtdir. Biz özümüzdən Amerika-filan kəşf etmirik. Bu, tarixin dönə-dönə sınaqdan çıxmış və təsdiqlənmiş gerçəyidir. Bu, bir xalqın qalibiyyəti üçün ən önəmli amildir. Torpağı işğal olunmuş bir ölkənin ön cəbhəsi hər şeydən əvvəl arxasındakı cəbhəyə güvənməlidir. Bir savaşın qazanılması üçün ruh silah-sursat qədər önəmlidir. Əsgərlik, döyüş, savaş meydanı görmüş adamlar bunu daha yaxşı bilir. Torpaqlarının 20%-i işğal olunmuş bir xalq da gözəl bilməlidir bunu. Dövlət öz insanını, ailə öz övladını, məktəb öz yetişdirməsini bu ruhda tərbiyə etməyə borcludur, hər şeydən öncə.
Bu gün ölkənin qəlbi Qarabağda vurur. Azərbaycan əsgəri zəfər yazır. Itkilər bahasına olsa belə, torpaqlarımızı qarış-qarış geri alırıq. On illərdir susadığımız savaş ruhumuz geri qayıdır. Bəli, biz ölməmişik, ölməyəcəyik də, bir gedən şəhidimizin yerinə onu var olacaq, bir kəsilən fidanın yerindən on beşi göyərəcək. Qollanacağıq, budaqlanacağıq, güclənəcəyik, illərlə davasını apardığımız arzularımızı gerçəkləşdirəcəyik. Buna kimsənin şübhəsi olmasın. Azərbaycan minlərlə şəhidin al qanı ilə suvarılmış öz halal torpaqlarını geri alacaq. O qisas, o qan, o intiqam qiyamətə qalmayacaq. Biz buna hər zaman inanmışıq, bu günü illərlə həsrət içində gözləmişik. O gün bu gündür. Sevgimizin bayraq olduğu, gücümüzün bir olduğu, millətimizin tək ürək olduğu gün. Əsgərimizin, ordumuzun şərəf tarixi yazdığı gündür bu gün. Torpaq, vətən, milli qürur naminə canların göz qırpılmadan düşmən üstünə yeridiyi gündür…
Bu ölkə on illərdir belə ruh, belə atəş, belə çağırış görməmişdi. Milyonlar “Vətən, Qarabağ” hayqırır bu gün. Bunu pafos sayan “cücələr” də görünür, sosial şəbəkələrdə ara-sıra. Lap belə pafos olsun. Savaşın, davanın, torpaq sevgisinin yaratdığı hissləri yaşamaq da hər kəsin işi deyil, əlbət. Ola da bilməz. Görünür, əsgər paltarı geyinmək, qarlı gecələrdə səngərlərdə yatmaq lazımdır ən azı bu hissi yaşamaq üçün. Müharibəni qazanmaq psixoloji üstünlüklə baş verir həm də. Ruh yüksəkliyi, coşqu, inam və güvənlə qazanılır böyük zəfərlər. Türkiyənin Qurtuluş savaşı, Çanaqqala savaşı kimi. O savaşlar ki, qanla yazılan tarixdə yüz nəslə örnək olacaq hekayətlər qoyub gedib. Türk tarixçi professor A.Mete Tunçoku Avstraliya və Yeni Zelandiyaa arxivlərində apardığı araşdırmalardan sonra belə yazmışdı: “Avstraliya döyüşçüsü C.C.Deyvisin anasına yazdığı bu məktubda qəhrəman Türk qadın savaşçılarından söz açılır:
“Mənim də vurulduğum 18 may 1915-ci il günü kəskin nişançı bir Türk qızı pusquda vuruşurdu. Gizləndiyi yerdən gün boyunca atəş açdı və çox sayda adamımızı vurdu. Ancaq gün batmazdan əvvəl bir avstraliyalı tərəfindən vurulmasına yenə də üzüldüm. Gözəl, yaraşıqlı və təxminən 19-21 yaşlarında bir gənc qızdı. Ölü ələ keçirdiyimizdə yanında başqa bir Türkün ölüsünü də tapdıq. Gənc qızın bədənində tam 52 mərmi yarası vardı”…
Şübhəsiz, böyük müharibələr və böyük qələbələr böyük qurbanlar bahasına başa gəlir. Amma onu, sözün əsl anlamında, bir xalqın güclü ruhu qazanır. Savaş meydanında inamsız, tərəddüd edən, özünə güvənməyən tərəf qazana bilməz. Silah və fiziki güc üstünlüyü olsa belə, bu tərəfin məğlubiyyəti qaçılmazdır. Azərbaycan insanı uzun illərdən özünə inamını, döyüş ruhunu, varlıq gücünü ortaya qoydu. Bəli, bu ruh varsa, böyük qələbələr qaçılmazdı. Qarabağın geri alınmasından tutmuş demokratik cəmiyyət quruculuğuna qədər olan qələbələr…

Savaş ruhuna “pafos” deyənlər…
•