“Mənfi tendensiyalar davam edir”

rufet aslanli4 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilmişdir. 

Palatadan “Marja”ya daxil olmuş məlumata görə, iclası giriş sözü ilə açan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Palatanın təşkilati strukturunun formalaşdırılması və görülən işlər barədə məlumat verib. Sədr bank sektorunda yerli və xarici valyuta ilə verilən istehlak kreditləri, devalvasiya nəticəsində bu kreditlərin durumu, onun sosial iqtisadi nəticələrindən danışıb. Diqqətə çatdırılıb ki, bu prosesslər nəticəsində bankların likvidliyi və kapital mövqeyləri zəifləmiş, atılmış restruktrizasiya və digər preventiv tədbirlərə baxmayaraq mövcud mənfi tendensiyalar davam edir.

“ƏHALİ PROBLEMLƏ RASTLAŞA BİLƏR”

Daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədr müavini Nigar Məmmədova bankların kredit portfelinin strukturu, keyfiyyəti və trendləri haqqında danışaraq, xarici valyutada verilən istehlak kreditlərinin xüsusi çəkisinin artması fonunda gələcəkdə borclanan əhalinin problemlə rastlaşa biləcəyini qeyd edib. N.Məmmədova bütün kredit təşkilatlarına əhalinin kreditləşməsində təmkinli və düşünülmüş siyasət həyata keçirməyi, əhali tərəfindən isə məsuliyyətli borclanmanın təmin edilməsi zərurətini diqqətə çatdırıb.

XARİCİ VALYUTADA İSTEHLAK KREDİTLƏRİNİN VERİLMƏSİ DAYANDIRILIR

Geniş müzakirələr nəticəsində, xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində yeni tənzimləyici çərçivələrinin müəyyən edilməsinə dair qərar qəbul edilib. Bununla əlaqədar, həmçinin, qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi 5 aprel 2016-cı il tarixindən etibarən 1 ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin. Palata bu müddətin uzadılması hüququnu da öz üzərində saxlamışdır.