Azərbaycansayağı ürəkbulanma

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Bizim özünü “filosof və yazar” kimi təqdim edən bir dostumuz vardı, açığı, mən də zamanında xeyli hörmətlə yanaşırdım ona, amma aradan müəyyən bir vaxt keçdi, bəzi ictimai zərərli düşüncələri və davranışları bu münasibətimi dəyişdi. Nə isə, sözüm onda deyil, həmin bu “filosof və yazar” bir dəfə mərhum fəlsəfə tədqiqatçısı Heydər Hüseynov haqqında məqalə yazıb onu yerdən yerə vurmuş, “dişsiz qəhrəman” adlandırmışdı. Demişdi ki, “Heydər Hüseynov əsla fəlsəfə, əqidə şəhidi də sayıla bilməz. Onun intiharında idraki mövqe toqquşması yox, sadəcə olaraq psixoloji səbəblər olub. Hüseynov psixoloji terrorun qurbanıdır. Onun qızı, hörmətli Sara xanım özü yazır ki, bu intiharın səbəbi atamın öz ailəsini sürgündən xilas eləmək istəyi olub”.

Bilənlər bilir, bilməyənlər üçün xatırladım ki, H.Hüseynov fəlsəfə elmləri doktoru, professor idi, iki dəfə SSRI dövlət mükafatı laureatı (1948, 1950) olmuşdu. Amma 1950-ci ilin mayında ona münasibət qəfil dəyişdi, Kommunist Partiyasının MK-nın büro iclasında ciddi tənqid edildi, səbəb kimi isə onun 19-cu əsrdə Qafqaz fəlsəfi fikri ilə bağlı tədqiqatı idi. Iddia edilirdi ki, həmin tədqiqat müridizmin təbliğinə, sufizmin təqdirinə hesablanıb, ümumiyyətlə sözügedən tədqiqatda marksist ideyalarına zidd kifayət qədər məqamlar olduğu deyilirdi, məsələn, “millətçi hərakatın nümayəndəsi və türk sultanı ilə ingilis kapitalizm maraqlarına xidmət edən” Şeyx Şamil haqqında yazdıqları…

Bunun ardınca H.Hüseynov Kommunist Partiyasından çıxarılır, partiyanın Mərkəzi Komitəsi Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi vəsatətini qaldırır və vəsatət təmin olunur.

Tədqiqatçı alim Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir, izlənilir, haqqında donoslar başını alıb gedir, hər addımı izlənilir, yaxın dostları belə, onunla əlaqələri kəsir. Bütün bu mənəvi, psixoloji hücumlar onunla nəticələnir ki, H.Hüseynov 15 avqust 1950-ci ildə damarlarını kəsməklə özünü öldürür.

Indi gələk sözümüzün canına: onu “dişsiz qəhrəman” adlandıran, “fəlsəfə, əqidə şəhidi” hesab etməyən, intiharını sadəcə, ailəsini basqılardan qurtarmağa hesablanmış addım kimi qiymətləndirən həmin “filosof və yazar”ımız indi hardadır? Azərbaycandan qaçıb, mədəni desək, mühacirətdədir! Səbəb? Səbəb öz iddiasına görə, din barədə tənqidi fikirlərinə görə həyatına təhlükə olmasıdır!

Bu iddia doğru ola bilərmi? Ola bilər! Doğru ola bilərsə, deməli, ölkədən gedişində də bir saqınca yoxdur. Insan həyatının təhlükəsizliyi hər şeydən önəmlidir. Sadəcə, adam soruşmaya bilmir: cəmi 7-8 il əvvəl təzyiq, təhdid altındakı bir alimin ictimai-siyasi yüklü intiharına ucuz yanaşan adam özü niyə “fəlsəfə, əqidə şəhidi” olmağı seçmədi? Özü niyə “dişli qəhrəman” olmaq istəmədi, niyə ölüm təhlükəsinə qarşı dimdik dayanmadı, ilk fürsətdəcə aradan çıxmağa üstünlük verdi?!

Soruşa bilərsiniz ki, bu bashabasda, vurhavurda üstündən illər keçmiş bir məsələni xatırlatmaqda məqsədim nədir, nədir sözümün canı, nədir “mus-mus”umun Mustafası?

Əslində məncə, bu sual yersizdir, nə anlatmağa çalışdığım açıqdır. Bu fakt özünü Azərbaycan toplumunun aydın, ziyalı, başbilən hesab edən kəsimi üçün getdikcə adiləşən prinsipsizlik xəstəliyinə dair çoxsaylı örnəklərdən yalnız və yalnız biridir. Qəhrəmanlığı illah ki, başqalarından gözləmək, istəmək, ummaq, amma özünün toplum üçün örnəyə çevrilmək fürsəti yetişəndə sivişib aradan çıxmaq, can hayına qalmaq, bir zaman qarşı çıxdıqlarına oxşamaq, bənzəmək, bir zaman ələ saldığın, yaxud topa tutduğun yerişləri yerimək – bu ikiləşmə, bu riyakarlıq yaşadığımız torpaqlarda artıq həyat normatividir.

Baxdıqca adamın ürəyi bulanır.

Dərdimiz ağırdır. Həm də çox ağır.