Genefonda bir sıra amillər çox ağır təsir göstərir. Qəzetin yazı üçün ayrılmış həcmini nəzərə alıb bu amillərdən daha ciddi hesab olunanların üzərində dayanmaq məcburiyyətindəyəm…
10. Emiqrasiya – kütləvi xarakter almaqdadır. Ötən əsrin 70-ci illərindən kişi cinsindən olan vətəndaşlarımız işsizlik ucbatından Rusiya şəhərlərinə üz tutmağa başladı. Artıq XX əsrin əvvəllərində Rusiyada bir milyon yarım soydaşımızın məskunlaşdığı qeyd olunurdu. 2002-ci ildə Rusiyada keçiriln siyahıyaalma bu ölkədə 650 min nəfərə yaxın azərbaycanlının yaşadığını göstərdi. Amma bu rəqəm özündə həqiqəti əks etdirmirdi. Çünki yüz minlərlə həmyerlimiz Rusiyada qasterbeyter (günəmuzd işləyən) statusunda çalışırdı. Bu gün bəzi mənbələr Rusiyada 2 milyona yaxın Azərbaycan vətəndaşının yaşadığını göstərir. Onlardan bir qismi artıq Rusiya vətəndaşlığını qəbul edib. Böyük bir hissəsi isə Rusiya bazarlarını “zəbt” edərək, hüquqsuz-filansız yaşamaqda davam edirlər. Etiraf etmək lazımdır, gənc oğlanlarımızın işsizlik üzündən Azərbaycanı tərk etməsi genefonda ciddi zərər yetirir. Rəsmi statistikaya görə, 2012-ci il yanvarın 1-dək Azərbaycan əhalisinin sayı 123,9 min nəfər və ya 1,4 faiz artaraq 9.235 min nəfər təşkil edir və əhalinin 49,6 faizi kişilərdən, 50,4 faizi qadınlardan ibarətdir. Hər 1000 kişiyə 1017 qadın düşür. Bu rəqəmlərlə tanışlıqdan sonra 100 min gəncin Azərbaycanı tərk etməsinin ölkənin demoqrafik balansına nə qədər mənfi təsir göstərdiyini hesablamaq heç də çətin olmaz. Təkcə Rusiyada deyil, Ukraynada, Türkiyədə və bir sıra Qərb ölkələrində azərbaycanlı miqrantların sayının kəskin artması genefondumuz üçün təhlükədir və bu barədə düşünməyə ehtiyac var.
11. Nikahdan kənar doğuşların artması – cəmiyyət üçün təhlükəli tendensiyadır. Dövlətin rəsmi statistikasına müraciət edək. 1970-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınların doğduğu uşaqların sayı 5200 olduğu halda, bu rəqəm 2010-cu ildə 25385-ə çatıb. Dəyərli oxucu, bu rəqəmlərin arxasında nələrin dayandığını götür-qoy et. Qoy, 5200-in “inkişaf” edərək 25385-ə çatmasını gecə-gündüz “analoqsuz inkişaf” nağılı danışanlar da saf-çürük etsin və ailədən kənar böyüyən uşaqların genefonda verə biləcəyi “töhfələr” barəsində düşünsünlər. Əslində bu uşaqların əksəriyyətini analoqsuz inkişafda olan rejimin meyvələri də saymaq mümkündür. Mənəvi kriteriyaların dəyərdən düşməsi və mental xüsusların deformasiyaya məruz qalması bu iki rəqəmdə öz əksini tapıb.
12. Ərzaq təhlükəsizliyinə zəmanət – Azərbaycanda heç vaxt olmayıb desəm, məni qınamayın. 9 milyon 235 min əhalisi olan Azərbaycanda bu gün 9235 ailənin təhlükəsiz ərzaq qəbul etdiyini düşünmək olar. Yerdə qalanların ərzaq təhlükəsizliyi Allahın ümidinə qalıb. Zəhərli ərzaq məhsulları genetik koda asanlıqla sirayət edir. Odur ki, sivil dövlətlərdə Ərzaq Təhlükəsizliyi Milli Təhlükəsizliyin əsas tərkib hissələrindən biri olduğundan kimsə qazanc üçün ərzaq istehsalına girişə bilmir. Azərbaycanda isə gündəlik tələbat məhsullarını istehsal edən müəssisə açmaq üçün vacib sayılan tək kriteriya puldur. Pulun varsa, istədiyin məkanda – lap belə dövlətə məxsus obyektlərdə fabrik, zavod, sex aça bilərsən. Kimdir istehsal olunan məhsulun insan üçün təhlükəli və ya təhlükəsiz olduğunun fərqində olan. Bəlkə də çoxları bilmir ki, bu gün Azərbaycanda ərzağın təhlükəsizliyini təmin edəcək qanun yoxdur. O qanun nədən qəbul olunmur? Cavab hər kəsə bəllidir. O qanunun qəbulu yuxarı eşalonun maraqlarına uyğun deyil.
13. Dərman təhlükəsizliyi – lap bərbad vəziyyətdədir. Dərman biznesi ən gəlirli biznes sahəsinə çevrilib Azərbaycanda. Insan amilinin arxa plana keçdiyi xəstə cəmiyyətdə dərman preparatı gündəlk tələbat məhsuludur. Yararsız dərman preparatlarının orqanizm üçün nə qədər təhlükəli olduğunu isbatlamağa ehtiyac yoxdur. Sadəcə, bir misal göstərmək fikrindəyəm. Genefonda ciddi önəm verən dövlətlərdə yenidoğulmuşlar üçün nəzərdə tutulan peyvənd preparatlarını, vaksinləri xüsusi labaratoriyada yoxlamadan keçirdikdən sonra istifadəyə buraxırlar. Bizdə bu işin necəliyini tanıdığınız həkimlərdən xəbər alın və alacağınız cavabdan sonra şəhadət barmağınızı alnınıza dayayıb düşünün.
14. Ekologiya – genefonda təsir göstərən ən mühüm amildir. (Ekoloji durum və genetik kodumuzu dağıtmaq üçün Rusiyanın istifadə etdiyi Qəbələ RLS haqqında xüsusi araşdırma yazısı olacaq).
15. Kütləvi işsizlik və kütləvi alver – genefondun deformasiyasında əlahiddə rol oynayır. 900 min təzə iş yeri açdıqlarını qürurla, şəstlə vurğulayanların yəqin ki, Azərbaycanın dörd tərəfinin bazara çevrilməsindən də xəbərləri var. Qul bazarları və kütləvi alverxanalar şəxsiyyətin deqradasiyaya məruz qalmasına təkan verir. Yüzlərlə deyil, minlərlə, on minlərlə universitet təhsili görmüş mütəxəssisin qul bazarlarında və ticarət mərkəzlərində cəm olması dövlətə başucalığı gətirmir. Bazar bolluğu iqtisadi inkişafın təzahürü ola bilməz. Millətin kütləvi şəkildə alverə qurşanması o millətin faciəsidir ki, var.
16. Bərbad təhsil – genefondun məhvinə yönəlib. Ağır da olsa etiraf etmək lazımdır. Bu gün Azərbaycanda təhsilin səviyyəsindən danışmaq insanda utanc hissi yaradır. Başı milyardlar qazanmağa aludə olmuş nadanlar anlamırlar ki, millətin təhsilini bu günə qoymaq, millətə düşmənçilik etməkdən də betərdir. Anlamırlar ki, təhsilsiz millət kütləyə, sürüyə çevrilir. Anlamırlar ki, təhsil millətin başını uca edə bilər. Anlamırlar ki, yalnız savadlı millət millətin genefondunu qorumaq iqtidarındadır. Anlamırlar, fəqət, BIR GÜN anlayacaqlar bunu.

Diqqət: Genefond təhlükədə (III yazı)
•