Rusiya Azərbaycanı Qərbə meyllənməyə görə cəzalandırır?

n_memmedli-yeniNurəddin Məmmədli: «Qərb yönümlü siyasətin konturlarının görünməsi Rusiyanı hiddətləndirir»

Hazırda Azərbaycanda mətbuatın və cəmiyyətin diqqət mərkəzində olan əsas məsələ cəbhə bölgəsində baş verənlərdir. Ermənilər tərəfindən atəşkəsin pozulması intensiv döyüşlərlə nəticələnib. Cəbhə xəttində hazırda gərgin vəziyyət davam edir.

Atəşkəs pozulandan dərhal sonra Rusiya prezidenti Vladimir Putin atəşi dayandırmaq çağırışı edib. Lakin buna baxmayaraq, Rusiya mətbuatı, daha dəqiqi, Kremlə yaxın mətbu orqanlar erməniləri müdafiə etməkdə davam edir. Azərbaycan rəsmilərindən Əli Əhmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov da Rusiya mediasının erməniləri müdafiə etdiyini bildirib. Rusiya xarici işlər naziri Lavrov, eləcə də Matviyenko, Narışkin erməniləri israrla atəşkəsi dayandırmağa çağırır.

Xatırladaq ki, Azərbaycan tərəfindən əks-həmlə və cavab tədbirlərinin birtərəfli qaydada dayandırılması barədə 3 aprel 2016-ci il tarixində qərar qəbul edilmişdi. Amma…

“Azərbaycan tərəfinin bu sülhpərvər və xoşməramlı niyyətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir”, – deyə Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sərkisyanın atəşkəs haqqında açıqlamasına cavab olaraq bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan atəşkəsə hazırdır. Lakin Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır: “Azərbaycan dəfələrlə bəyan edib ki, atəşkəsin pozulması və gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur”.

Professor Nurəddin Məmmədli bu savaşın Rusiyanın Cənubi Qafqazı, xüsusilə Azərbaycan və Ermənistanı öz təsir dairəsində saxlamaq məqsədilə reallaşdırılan təzyiq vasitəsi olduğunu düşünür. Onun fikrincə, növbəti münaqişənin baş verməsinin ilk anlarından hiss olunan reallıq budur ki, Rusiya Azərbaycanı cəzalandırmaqla, onun Qərbə meylliliyinin qarşısını almaq istəyir: “Istənilən halda bu vəziyyətdən bəhrələnərək böyük əraziləri azad etmək mümkün olmasa da, ermənilərə müəyyən zərbə endirmək lazımdır ki, gələcək müzakirələrdə daha konstruktiv olsunlar. Hesab edirəm ki, Rusiyanın davranışlarında bizi təəccübləndirəcək heç nə yoxdur. Azərbaycan müxalifəti kimi, uzun illər Rusiyanın Azərbaycan siyasətinin nə qədər çoxüzlü, təhlükəli olduğunu ifşa edəcək kifayət qədər faktlar gətirmişik. Son zamanlarda Azərbaycanın apardığı müstəqil siyasət, əsas da Qərb yönümlü siyasətin konturlarının görünməsi Rusiyanı hiddətləndirir və onlar cəzalandırmaq yolunu tutublar”.

Nurəddin Məmmədli əlavə edir ki, Rusiya Ermənistana bizdən daha yaxındır. Çünki onlar kollektiv təhlükəsizlik təşkilatının üzvüdür. Azərbaycana isə nə qədər təzyiq etsələr də, həmin sferaya daxil edə bilmədilər: “Eyni zamanda, Avrasiya Ittifaqında ermənilər təmsil olunur. Qərbə meylli xarici siyasət yeridilsə, bunu Azərbaycanın  təhlükəsizliyini təmin etmək, perspektiv, yəni avropalaşma siyasətinin reallaşması baxımından olduqca önəmli hesab edirəm”.

Nigar