Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 8,mənzil 14 ünvanında qeydiyyatda olan, işsiz, ədliyyə mayoru, müharibə veteranı Əfəndiyev Fərman Mövlud oğlu ölkə başçısı İlham Əliyevə açıq məktub yazıb. Fərman Əfəndiyevin məktubunu olduğu kimi təqdim edirik:
“Hörmətli cənab Prezident,mən ,Əfəndiyev Fərman Mövlud oğlu,1989-cu ildə Kemerovo Dövlət Universitetinin hüquq fakultəsini yaxşı və əla qiymətlərlə bitirmişəm.1992-ci ildən 2003-cü ilə qədər olan müddət ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda idarə prokuroru vəzifəsində xidmət etmişəm.Vəzifəmin öhdəsindən layiqincə gəlmişəm , işimdə nə bir nöqsanım ,nə də bir problemim olmayıb.
Lakin 2003-cü ildə, Azərbaycan Respublikası Konstitusiyasının 51-ci və” Prokurorluq haqqında “Qanunun 30-cu maddələrinin tələblərinə uyğun olaraq,işdən asudə vaxtlarımda, musiqi -yaradıcılıq fəaliyyəti ilə məşğul olduğuma ğörə qanunsuz və əsassız olaraq prokurorluq orqanlarından xaric edilmişəm. Azərbaycan Respublikası Baş prokurorunun 28.03.2003-cü il tarixli,08/22-09/73-k saylı Əmrində qanunların düzgün şərh və tətbiq edilməməsi ilə bərabər,faktların təhrif edilməsinə,yalan məlumatlardan istifadə edilməsinə ,saxtakarlığa yol verilməsinə baxmayaraq ,mənə qarşı qərəzli münasibət nəticəsində məhkəmələr bu faktları görmək istəməyiblər.Belə ki, prokurorluqda xidməti yoxlama aparmış Ə.Həsənov və M.Orucov ,qanunun aliliyi prisipini pozaraq , mənim yaradıcılıq fəaliyyətimi bilərəkdən kommersiya fəaliyyəti kimi qiymətləndirmişlər, mənim 800 manat pulumun Elnur Abbasov tərəfindən mənimsənilməsi barədə Vüsal Məmmədovun prokurorluğa yazdığı şikayət ərizəsi əsasında cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Nəsimi Rayon Polis Idarəsində olan qərarda ğöstərilən faktları bilərəkdən gizlədərək, təhrif etmişlər.Əmrdə guya Elnur Abbasovun konsertə 300 dollar pul xərcləməsi və onu mənim təhqir etdiyim barədə yalan məlumat qeyd etmişlər.Onların göstərdiyi arqumentlərin yalan və böhtan olduğu Səbail Rayon məhkəməsində işə baxılarkən şahidlərin verdiyi ifadələrlə təsdiq edilmişdir.Prokurorluq öz qanunsuz,ədalətsiz əmrini əsaslandırmaq naminə heç bir iftiradan çəkinməmişdir!
Mən müxalifətçi deyiləm,heç-bir qruplaşmanın üzvü də olmamışam və heç belə fikrim də olmayıb,qanunsuzluğa qarşı müxalifəm, heç-bir partiya üzvü də deyiləm, erməni də deyiləm,cinayətkar da deyiləm və ona görə də mənə qarşı bu qərəzli münasibətin səbəbini anlamıram!Axı başqa cür ,işdən asudə vaxtlarımda, yaradıcılıq fəaliyyəti ilə məşğul olduğuma görə belə münasibəti necə izah etmək olar!
Bütün bunları da bir kənara , “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 27.5-ci maddəsinin tələbinə əsasən intizam tənbehi prokurorluq işçisi tərəfindən xidməti intizamın pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə biləcəyi halda,Baş prokuror mənə intizam tənbehini “pozuntu” aşkar edildii gündən 6 aydan çox vaxt keçdikdən sonra tətbiq etmişdir ki,bu da qanunun aliliyini qorumalı olan prokurorluq orqanının qanunçuluğa hörmətsizliyinin bariz nümunəsidir.Bu açıq faktları belə məhkəmələrin görmək istəməməsi təssüf və hiddət doğurur!
Bu da azmış kimi Azərbaycan Respublikasının Hərbi prokuroru mənə qarşı növbəti qanunsuzluğa yol vermiş,mənim hüquqlarımı tanımamaqda davam etmişdir.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin,”Prokurorluq haqqında “Qanunun 12-ci maddəsinin 17-ci bəndinin ,”Hərbi xidmətkeçmə haqqında”Əsəsnamənin 156-cı maddəsinin “ə” bəndinin və digər maddələrinin ,Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 93-cü maddəsinin tələblərini kobudcasına pozmaqla ,04.11.2010-cu il tarixli 34 saylı Əmr imzalayaraq məni, arxa tarixlə,28.03.2003-cü il tarixdən,həmin vaxt onun belə bir səlahiyyəti olmadığı halda və düzgün əsas ğöstərmədən,Azərbaycan Respublikası Silahlı Qüvvələrindən qanunsuz olaraq tərxis etmişdir. Belə ki,hərbi prokuror məni Əmri imzalandığı 04.11. 2010-cu il tarixdən deyil,28.03. 2003-cü il tarixdən hərbi xidmətdən ehtiyata buraxmaqla mənim vəziyyətimi ağırlaşdırmışdır.Bu səbəbdən də mən,qanunla mənə verilməli olan, hərbi pensiyanı bu günə kimi ala bilmirəm.. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini pisləşdirən hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.Elə bu səbəbə görə mübahisələndirilən Əmr ləğv edilməli idi. .
Diqqətinizə onu da çatdırmalıyam ki,”Prokurorluq haqqında “Qanunun 12-ci maddəsinin 17-ci bəndinə əsasən Hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata və iste`faya buraxılması Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən həyata keçirilir.Lakin bu səlahiyyət Azərbaycan Respublikasının Hərbi prokuroruna 30.09.2005-ci il tarixdə , 1018-İİQD nömrəli qanunla “Prokurorluq haqqında “Qanunun 12-ci maddəsinin 17-ci bəndinə edilən dəyişiklikdən sonra verilmişdir.Ona görə də mübahisələndirilən Əmr “2003-cü ildən qüvvəyə mindirilə bilməzdi.Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən prokurorluq Azərbaycan Respublikası Müdafiə nazirinə təqdimatla müraciət etməli və məni ehtiyata buraxmaq üçün tədbir görməli idi. Əmri isə yalnız Azərbaycan Respublikası Müdafiə naziri imzalaya bilərdi.Bu səbəbə görə də mübahisələndirilən Əmr ləğv edilməli idi.
Bununla yanaşı qeyd etməliyəm ki,ehtiyata buraxılmağım”nalayiq hərəkətlərin” edildiyi gündən 10 gün müddətində həyata keçirilməli idi.Cavabdeh isə bunu etməmişdir.
Belə ki,Azərbaycan Respublikasının 23.09.1994-cü il tarixli ,885 saylı Qanunu ilə təsdiq edilmişAzərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 93-cü bəndinə əsasən hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəsmi məlumat alındığı gündən-bu iş barəsində təhqiqat aparılırsa,təhqiqatın qurtardığı gündən -10 sutka keçənə qədər verilməlidir.Bu səbəbə görə də mübahisələndirilən Əmr qanunsuzdur və ləğv olunmalı idi.
Qeyd olunanlarla yanaşı diqqətinizə onu da çatdırmalıyam ki,,”Hərbi xidmətkeçmə haqqında”Əsəsnamənin 156-cı maddəsinin “ə” bəndi hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törədildikdə tətbiq oluna bilər.Mən hərbi qulluqçunun şərəfini ləkələyən heç- bir hərəkətə yol verməmişəm və prokurorluqda da belə bir fakt yoxdur.Bu səbəbə görə də mübahisələndirilən Əmr ləğv edilməli idi.
Yuxarıda qeyd etdiyim bu faktlar hakim Elçin Məmmədov tərəfindən bilərəkdən nəzərə alınmamış və mənim əsaslı arqumentlərim,qanunun tələblərinə söykənən iddiam qanunsuz və əsassız olaraq təmin edilməmişdir.Hakim əmrin qanunsuz olduğuna deyil,kimin tərəfindən imzalandığına önəm vermişdir.Hakim E.Məmmədov iddianı formal əsaslarla rədd etmiş ,məsələnin mahiyyətini və qoyulan tələbi təsdiq edən qanunları nəzərə almayaraq,Əmri qüvvədə saxlamaq üçün, məsələyə aidiyyəti olmayan qanunlara istinad etmişdir.Belə ki,o mənim hərbi xidmətdən ehtiyyata buraxılmağıma prokurorluq orqanlarından xaric edildikdən sonra xidmət yerimdə olmamağımı səbəb kimi göstərərək,bunu əsaslandırmağa çalışmışdır.Birincisi, prokurorluqdan xaric edilmək hərbi xidmətdən ehtiyyata buraxılmağa əsas idisə nə üçün məni 2003-cü ildə hərbi xidmətdən tərxis etməyiblər?Bu əlbətdə belə deyil və prokurorluq orqanlarından xaric edildikdən sonra mən Respublika Hərbi Prokurorluğuna gedib-gəlmişəm .Əgər istəsəydilər məni hərbi sistemdə hüquqşünas kimi və ya başqa bir işlə təmin edə bilərdilər.Mənə qarşı olan laqeyidlik və qərəz nəticəsində bu baş verməmişdir .Həmdə ki, 2003-cü ildən -2006-cı ilə qədər olan müddət ərzində mən Baş prokurorun Əmrinin mübahisələndirilməsi ilə əlaqədar məhkəmə proseslərində iştirak etmişəm .
Əgər Hərbi prokurorun Əmri düzgün əsasla,bu halda,qanunun da tələb etdiyi kimi, yaş həddinə görə, verilsəydi və mənim hərbi xidmətdən ehtiyata buraxılmağım Əmr imzalandığı gündən hesablansaydı mənim heç-bir iradım olmazdı,lakin göründüyü kimi Əmr tam qanunsuz əsaslarla verilmiş və 04.11.2010-cu il tarixdə imzalandığı halda , mənim hərbi xidmətdən ehtiyata buraxılmağım qanunsuz olaraq 2003-cü ildən tətbiq edilmişdir ki, bu da,yuxarıda da qeyd etdiyim kimi, mənim vəziyyətimi ağırlaşdırmış,konstitusiyon hüquqlarımı kobudcasına pozmuşdur. Ona görə də həmin Əmr ləğv edilməli və qanunvericiliyin tələblərinə uyğun yeni Əmr imzalanmalı idi.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisad kollegiyasının hakimi S.Q.Hüseynovun sədrliyi ilə, S.S.Seyidova və V.M.Məmmədovadan ibarət tərkibdə məhkəmə kollegiyası mənim apelliyasiya şikayətimə baxarkən də kobud səhlənkarlığa və qanunsuzluqlara yol vermişdir.Belə ki,mən apellyasiya şikayətimdə qeyd etməsəm də ,1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə verdiyim iddia ərizəmdə , şikayətimə əlavə etdiyim sənədlərdən də göründüyü kimi,bildirmişdim ki,,Azərbaycan Respublikası Hərbi prokurorunun mənim hərbi xidmətdən tərxis olunmağım barədə imzaladığı 36 saylı 04.11.2010-cu il tarixli Əmrindən 2015-ci ilin yanvar ayına qədər xəbərim olmamışdır.Hərbi prokurorluğa ünvanladığım 16.01.2015-ci il tarixli ərizə ilə əmrin surətinin mənə verilməsini tələb etsəm də, qanuni tələbim yerinə yetirilməmişdir.Bunu mənim ərizəmə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 23.01.2015-ci il tarixli cavab məktubundan da görmək çətin deyil. Əmrlə yalnız 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində iddia ərizəmə baxılarkən tanış ola bildim və əmrin surətini həmin vaxt hakımdən götürdüm. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin hakimi S.Q.Hüseynovun” İnzibati icraat haqqında”Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsaslanaraq, mənim Azərbaycan Respublikası Hərbi prokurorunun əmrindən xəbərim olduğu vaxtdan 1 il keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməyim barədə gəldiyi qənaət təccüb doğurur.Məhkəmə işin xüsusatlarını və təqdim olunan sənədləri dəqiq araşdırsaydı qərarının yanlış olduğunu görməyə bilməzdi… Axı faktlar göz qabağındadır .
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisad kollegiyasının məhkəmə kollegiyası öz yanlış qənaətinə əsaslanaraq mənim Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “əmrin etibarsız hesab edilməsi” tələbimə dair iddiamı qanunsuz, ədalətsiz və əsassız olaraq mümkün saymamışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi də kassasiya şikayətimi,eyni qaydada yalan əsaslar göstərərək , qanuni qaərar qəbul etmədi.
Hesab edirəm ki, şikayət ərizəmdə qeyd etdiyim bu qədər qanunsuzluqları görmədikləri halda , məhkəmələrin olmayan şeyi görməsi və olmayan dəlil əsasında qərar qəbul etməsi Baş prokurorun və Hərbi prokurorun qanunsuz əmrlərinə nəyin bahasına olursa -olsun qanuni don geyindirmək,haqq qazandırmaq məqsədi üçün edilmişdir.Onlar bunun üçün qanunçuluq,ədalət.bərəbarlik prinsiplərini heçə sayaraq, mənə qarşı xüsusi qərəzlilik nümayiş etdirdilər.
Ədalətsizlik və qərəzli münasibət səbəbindən mənim hüqqlarım bərpa edilmir.Mən də, bu ölkənin vətəndaşı olaraq ,bərabərlik və ədalət tələb edirəm. Kimliyindən və tutduğu vəzifəsindən aslı olmayaraq hər kəs qanunçuluğa,qanuna hörmət etməlidir,Azərbaycan Konstitusiyasına və qanunlarına zidd olan əmr və sərəncam,kimin tərəfindən imzalandığından aslı olmayaraq, ləğv edilməlidir.Əgər Baş prokuror ,Hərbi prokuror qanunsuz əmr imzalayıb,onu nəyin bahasına olursa- olsun müdafiə edirlərsə, məhz Siz,cənab Prezident, bu ədalətsizliyə son qoymalısınız.Yalnız bu yolla vətəndaşların itirilmiş inamını və etibarını bərpa etmək olar
Əlbəttə ki, əgər Baş prokurorun Əmri qanuni və ədalətli olsaydı mən ondan məhkəməyə şikayət etməzdim,ancaq mənim zərrə qədər də qəbahətim olmadığına və Baş prokurora yazdığım ərizəm cavabsız qaldığına görə, pozulmuş hüquqlarımın bərpası üçün ,məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam .Eyni ilə Hərbi prokurorun əmri ilə əlaqədar da ,ona qanun pozuntusunu aradan qaldırmaq xahişinə dair ərizəmə cavab almadıqdan sonra, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam.Əlbətdə ki,əgər Əmr düzgün əsasla,bu halda,qanunun da tələb etdiyi kimi, yaş həddinə görə, verilsəydi və mənim hərbi xidmətdən ehtiyata buraxılmağım Əmr imzalandığı gündən hesablansaydı mənim heç-bir iradım olmazdı,lakin göründüyü kimi Əmr tam qanunsuz əsaslarla verilmiş və 04.11.2010-cu il tarixdə imzalandığı halda , mənim hərbi xidmətdən ehtiyata buraxılmağım qanunsuz olaraq 2003-cü ildən tətbiq edilmişdir ki, bu da,yuxarıda da qeyd etdiyim kimi, mənim vəziyyətimi ağırlaşdırmış,konstitusiyon hüquqlarımı kobudcasına pozmuşdur. Ona görə də həmin Əmr ləğv edilməli və qanunvericiliyin tələblərinə uyğun yeni Əmr imzalanmalıdır.
Hərbi prokuror da Baş prokurorun qanunsuz Əmrinə əsaslanaraq qanunsuz Əmr imzalayıb,məhkəmələr də onların bu qanunsuzluqlarını davam etdirirlər .
Cənab Prezident,2003-cü ildən işsizəm və heç yerdə iş tapa bilmədim,daha doğrusu, iş vermədilər ,hərbi pensiyamı da ala bilmirəm!
Sizə 12 ildir göndərdiyim məktublar,teleqramlar Sizə məruzə olunmur,baxılmır!
Mənim vəziyyətimi anlamağınızı xahış edirəm!
Ona görə də,qeyd olunanlarıa əsaslanaraq, son çıxış yolu kimi Sizə müraciət etmək məcburiyyətindəyəm!Bundan başqa tək bir yol qalır….
Hörmətli Prezident,bütün bunları nəzərə alaraq, mənə kömək etməyinizi xahiş edirəm!
İnanmaq istəyirəm ki, Baş prokurorun və Hərbi prokurorun qanunsuz əmrlərini ləğv edilərək,ədalətin bərqərar edilməsində mənə kömək edəcəksiniz!”