Həyasızlığın son həddi

Bu adda bir yazım da var, deyəsən. Yaxşı xatırlamıram. Amma təzəlikcə eşitdiyim bir rüsvayçılıqdan sonra situasiyanı ifadə etməyə başqa söz tapmağa çətinlik çəkirəm.
Bu biabırçılıqdan isə dostumuz Əli Əkbərin facebook statusu vasitəsi ilə xəbər tutdum. Həm qəzəbləndim, həm də güldüm. Azərbaycanı idarə edən zehniyyətin həyasızlığının heç bir hədd-hüdud tanımadığına əmin oldum.
Məsələ belədir: Azərbaycandakı rus məktəblərində “Poznanie mira” adlı bir fənn var, hardasa Azərbaycandilli məktəblərdəki “Həyat bilgisi” fənni kimi bir zaddır. Guya bu fənlərin ortaq cəhəti aşağı siniflərdən başlayaraq uşaqların dünyanı qavramasına yardımçı olmaqdır, amma boş verin dünyanı, Azərbaycanda baş verənləri qavramaqda, hətta böyüklər belə, acizdirlər.  
Bəs haqqında danışdığımız biabırçılıq nədir? 4-cü siniflər üçün nəzərdə tutulan “Poznanie mira” dərsliyinin “Qosudarstvo” bölümündə baxın bu hakimiyyət uşaqlarımıza nə öyrədir: “Iki dövlət tipi var: monarxiya və respublika”. Gözəl! Ardınca isə əsl komediya başlayır. Dərslik qatilləri yazırlar ki, Belçika, Yaponiya, Böyük Britaniya, Ispaniya kimi ölkələrdə isə monarxiyalar var, orada dövləti krallar və kraliçalar idarə edir. Dərslik qatilləri daha sonra yazırlar ki, monarxiyalar diktatura rejimləridir və orada hakimiyyət bir və ya bir neçə nəfərin əlində cəmləşir. Ardınca isə zərrəcə utanıb eləmədən əlavə edirlər: “Azərbaycanda isə respublika sistemidir. Prezidenti xalq seçir”.
Utanmazlığın dərəcəsini görürsünüzmü? Meymun və güzgü haqqında məşhur məsəlin dərsliklərimizə qədər işlədiyinin, “adımı sənə qoyum, səni də yana-yana” düşüncəsinin hara qədər irəli gedə bildiyinin fərqindəsinizmi? Misir Mərdanovun təhsilsiz təhsil sistemi uşaqlarımızın beyninə yeritməyə çalışır ki, Avropadakı monarxiyalar (halbuki onların formal olduğunu bilməyən yoxdur) diktatura rejimləri kimi bir şeydir, əsl demokratiya isə Azərbaycandadır. Adamın bu həyasızlıq qarşısında əllərini göyə qaldırmaqdan başqa yolu qalmır.
Mən əminəm ki, dərslikdəki bu cəfəngiyyata uşaqlar sadəcə, gülüb keçirlər. Nəingi uşaqlar, hətta bişmiş toyuq belə, o yazılanları oxuyub ancaq gülə bilər.
Əlbəttə, mən durub buradan bütün dərsliklərə Heydər Əliyevin şəkillərini, onun barədə mifləri doldurub uşaqları erkən yaşdan bütpərəstliyə tapınmağa məcbur edən, şəxsiyyətə pərəstişi çiçəkləndirən bir zehniyyəti “demokratik” deyə övladlarımıza sırımağa çalışmağın hansı məntiq və əxlaqa sığdığını soruşmaq istəmirəm. Mən Konstitusiyaya “ömürlük prezidentlik” maddəsini soxuşdurub ölkədə monarxiyanın xeyir-duasını verən, respublikaçılığın üstündən xətt çəkən bir sistemin zərrəcə də vicdanı sızlamadan uşaqlarımıza hələ də Azərbaycanın “respublika tipli dövlət” olmasına dair nağıllar danışmasını da bir kənara qoyuram.
Onsuz da hamı hər şeyi bilir. Ölkədə necə bir sistemin hökm sürdüyü gün kimi aydındır. Həqiqət birdir və həqiqətdən başqa həqiqət yoxdur. Telekanalları yalan danışan, qəzetləri yalan yazan, məmurlarının nəfəsi yalanla gedib-gələn bir rejimin dərsliklərində yalanın at oynatması təbiidir.
Amma Avropanı bu qədər savadsızcasına, nadancasına şərləmək, onu gözdən salmağa, ləkələməyə, onu Suriya ilə, Səudiyyə Ərəbistanı ilə eyniləşdirməyə, onu sümürücü, ədalətsiz, zülmkar rejimlərin yanına qoymağa çalışmaq artıq həyasızlığın son həddidir. XIX əsrin mollaxanaları, mədrəsələri belə, artıq sizin məktəblərinizin yanında toya-bayrama getməlidir. Məşhur filmdəki əli çubuqlu, başı əmmaməli Molla Sadıq belə, artıq Misir Mərdanovdan daha abırlı görünür adamın gözünə.
Axırda isə “Bütün Avropa gəlib sevsin sizin məktəblərinizi, dərsliklərinizi” deyirəm, başqa bir şey demirəm.
Düzəliş
Əfvinizə sığınıb kiçik bir düzəliş etmək istəyirəm.
Dünənki yazımın son abzasının “Ancaq siz də Azərbaycanda ”demokratiya yoxdur”, “hüquq yoxdur”, “ədalət yroxdur”, “azadlıq yoxdur deyənləri” bağrınıza basanda…” hissəsi “Ancaq siz də Azərbaycanda ”demokratiya yoxdur”, “hüquq yoxdur”, “ədalət yroxdur”, “azadlıq yoxdur deyənləri” şərləyib həbsə atanları bağrınıza basanda…” şəklində oxunmalıdır.