«Azərbaycanda qanunlar işləsəydi, mən həbsxanaya düşməzdim…»
Əsasən Avropa Ittifaqının siyasəti, fəaliyyətilə bağlı təhlillərilə məşhur olan “politico.eu” saytında Azərbaycanda bugünlərdə azadlığa çıxan vicdan məhbusu, insan hüquqları üzrə dünyaca məşhur vəkil Intiqam Əliyevin müəllif yazısı yayımlanıb. Məqalənin tərcüməsini təqdim edirik:
***
Insan hüquqları üzrə ixtisaslaşmış vəkil kimi, həbsxanada keçirdiyim son iki il mənim peşə həyatımda ən işlək dövrlərdən biri oldu.
Mənim ölkəmdə haqqı pozulan insanları müdafiə etmək faktiki cinayətdir. Mən yüzlərlə şikayətçinin hüquqlarını müdafiə etmişəm, onların əksəriyyətinin Avropa Insan Haqları Məhkəməsində nümayəndəsi olmuşam. Mən və həmkarlarım qurbanların hüquqlarını müdafiə etdiklərinə görə dəmir barmaqlıqlar arxasına düşüb, siyasi məhbus olduq.
Hökumət təmsilçilərinin bizim həbsimizlə bağlı şərhlərində siyasi qeydlər görə bilməzsiz. Mən 2014-cü ilin avqustunda həbs olunmuşam, vergidən yayınma, mənimsəmə və israfetmə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilmişəm.
Digər vəkillər, siyasi fəallar, curnalistlər, insan haqları üzrə maarrifləndirici işlər görənlər, seçki müşahidəçiləri, və vətəndaş cəmiyyətinin fəallarına qarşı da eyni hallar baş verdi – biz öz ölkəmizin konstitusiyasına uyğun olaraq, tamamilə qanuni şəkildə gördüyümüz işə görə həbsxanaya salındıq.
Recim özünü qununa riayət edən demokratiya kimi göstərmək istəyir və buna görə də bizi cinayət törətməkdə ittiham edir. Indiyə qədər də iddia edir ki, ölkədə siyasi məhbus yoxdur.
Martın 18-də prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan 14 nəfər siyasi məhbusun hamısına qarşı gülünc ittihamlar irəli sürülmüşdü. Halbuki, bu ittihamların bizim real fəaliyyətimizə heç bir aidiyyəti yox idi.
Hələ də həbsdə siyasi motivlərlə ədalətsiz mühakimə olunmuş çoxsaylı adamlar var ki, onlara qarşı irəli sürülmüş saxta ittihamların onlara heç bir əlaqəsi yoxdur.
Xədicə Ismayılova araşdırmaçı curnalistdir, prezident Ilham Əliyevin ailəsinin var-dövləti barədə yazılar yazırdı. O, 2014-cü ilin dekabrında həbs olunub və vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib.
Ilqar Məmmədov müxalifətdə olan siyasətçidir. O, 2013-cü ilin prezident seçkisində namizədliyini irəli sürmək niyyətində idi. Lakin həmin ilin fevralında həbs olundu və “kütləvi iğtişaşların təşkili və ya iştirak” ittihamı ilə 7 il azadlıqdan məhrum edildi.
Bir vətəndaş olaraq, Ali Məhkəmənin şikayəti təmin edib, məni beş il şərti cəza ilə azadlığa buraxmasının səbəblərilə bağlı yalnız təxminlərim ola bilər. Bəlkə də prezidentin Vaşinqtona səfəri öncəsi Azərbaycanın beynəlxalq imicini yaxşılaşdırmağa çalışırdılar. Və ya ola bilsin, beynəlxalq təşkilatların təzyiqlərinin nəticəsi olaraq, belə bir qərar verildi. Lakin bir hüquqşünas kimi, mən milirəm ki, ilk növbədə ümumiyyətlə, həbs olunmamalı idim. Əgər Azərbaycanda qanuna hörmət olunsaydı, mən peşə fəaliyyətimi yerinə yetirdiyimə görə heç vaxt həbsxanaya düşməzdim.
Mənim həbsim də, Ali Məhkəmənin qərarı da sifarişli qərarlar idi. Mənim 14 həmkarımla bağlı prezidentin sərəncamı bunu göstərdi: əfv, mərhəmət və yaxşı işləyən məhkəmə-hüquq sisteminin nəticəsi deyil.
Bizim azadlığa buraxılmağımızın şərtləri də aydın deyil. Mənim və həmkarlarımın ölkədən çıxışımıza qadağa varmı? Biz rəsmən peşə fəliyyətimizi həyata keçirmək hüququndan məhrum edilmişikmi? Bizim təşkilatlarımız, onların maliyyəsi, ofisi necə olacaq? Əmlakımız müsadirə olunub, ofisimiz möhürlənibmi? Anlaşılmaz vəziyyətdəyik.
Mənim həmkarlarım və dostlarım Arif və Leyla Yunuslar vətəndaş cəmiyyətinin liderlərindəndir. Onların səhhətində ciddi problemlər var. Recim humanistcəsinə onlara verilmiş həbs cəzasını beş il şərti həbslə əvəz elədi, amma indi qəddarcasına onların müalicə üçün xaricə getməsinə imkan vermir.
Recim bizim həbsimiz və ya azadlığa buraxılmasından “kozır” kimi istifadə edir. Bizi əfv sərəncamı və ya apelyasiya şikayətilə buraxıb, əvəzində başqalarını həbs edirlər. Məhkəmələr recimin kaprizlərilə işləyirlər.
Nə vaxta qədər ki, ölkədə real hakimiyyət bölgüsü (qanunverici, icraedici, məhkəmə) və siyasi plüralizm yoxdur, media azad deyil, seçkilər şəffaf və ədalətli keçirilmir, məhkəmələr müstəqil deyil, ölkədə vətəndaş cəmiyyətinin azad fəaliyyəti üçün şərait yoxdur, deməli, recim fərli fikir söyləyənləri, müstəqil fəaliyyət göstərməyə çalışanları həbsxanaya salmaqda davam edəcək.
Bu tendensiyanı dayandırmaq üçün Azərbaycanda sistemli dəyişikliklərə ehtiyac var. Bizim vətəndaş cəmiyyəti cəsarətlə mübarizə aparır – bu cür də davam edəcək.