Şıxəli Qurbanov Moskvanın hədəfində

cemil-hesenli-vashingtonDostlar! IX Plenum başa çatdıqdan sonra Nurəddin Mühitdinov Moskvaya döndü. Lakin onunla birlikdə Bakıya gəlmiş Sov.İKP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri Vasili Snastin, elm və məktəblər şöbəsində bölmə müdiri Kuzin, Sov.İKP MK-nın Azərbaycanda aparılmış yoxlama işlərinə rəhbərlik etmiş İvan Şikin və digər məsul işçilər hələ bir müddət Azərbaycanda qaldılar. 1959-cu ilin iyul ayının 11-də onların iştirakı ilə Azərbaycan KP MK-nın IX plenumunun yekunlarına həsr edilmiş respublika müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi Abdulla Bayramov IX plenumun yekunları və ideoloji işçilərin vəzifələri haqqında məruzə ilə çıxış etdi.

O, plenumda müzakirə edilən məsələlər, kənd təsərrüfatındakı gerilik, dövlət intizamının pozulması, kadrların seçil¬məsində yol verilmiş qüsurlar, ideoloji işdə buraxılmış səhvlər, habelə İmam Mustafayevin və Mirzə İbrahimovun işindəki nöqsanlar barədə müşavirə iştirakçılarına geniş məlumat verdi. Baş verən hadisələrdən sonra millətçilik məsələsindən Azərbaycan rəhbərliyinin gözü elə qorxmuşdu ki, hətta Abdulla Bayramov Bakı şəraitində yaradılan bədii əsərlərdə surətlərin seçilməsində belə əhalinin milli tərkibinin gözlənilməsini zəruri sayırdı. Yəni əgər, 1959-cu il siyahıya alınmasına görə azərbaycanlılar Bakı şəhəri əhalisinin 38 faizini təşkil edirdilərsə, Azərbaycan KP MK katibi təklif edirdi ki, bu nisbət bədii əsərlərin personajlarında da əks olunmalıdır. Müşavirədə söz alan Mirzə İbrahimov Abdulla Bayramovun məruzəsindəki bir sıra məqamlara toxundu.

O bədii ədəbiyyatda beynəl¬milətçilik məsələsi ilə bağlı Abdulla Bayramovun məruzəsindəki məsələlərə toxun¬du və bəzi məqamlarla razılaşmadığını bildirdi. O dedi: “Yoldaş Bayramov, beynəlmiləlçiliyin bədii ədəbiyyatda əks olunması ilə bağlı icazə verin sizin fikrinizlə razılaşmayım. Mən bunu ona görə deyirəm ki, biz ifrata varırıq. Biz çılğın adamlarıq, şərqdə yaşayırıq, günəş bizə təsir edir, lakin biz Taraskonlu Tartarena (məşhur fransız yazıçısı Alfons Dodenin “Taraskonlu Tartarenin qeyri-adi macəraları” əsərinin qəhrəmanı Tartaren nəzərdə tutulur – C.H.) çevrilməməliyik, yəni öz şlyapamıza atəş açmağa cəhd göstərməməliyik. İfratçılıq bizə mane olur. İndi mən neftçilərin obrazını əks etdirən əsər üzərində işləyirəm. Bütövlükdə mənim fikrimdə, qanımda nə varsa, düşünülmüş formada, ülvi formada öz qəhrəmanımda göstərmək istəyirəm. Orada erməni də var, rus da var. Lakin sən Bakıda əhalinin son siyahıya alınması ilə bağlı azərbaycanlıların 38 faiz təşkil etməsi barədə məsələni qoyanda, mən bilmirəm necə olacaq. Faiz nisbəti, kəmiyyət göstəriciləri belə böyük məsələlərin bədii əksi üçün əsas götürülə bilməz. Bədii əsərdə qəhrəman obrazları onların milli kimliyindən asılı ola bilməz.

Götürün, Turgenevin “Ərəfə” romanını. Öz qəhrəmanını, idealını Turgenev İnsarovda tapdı və hətta çar senzurası Turgenevi günahlandırmadı ki, nə üçün İnsarov rus deyil, bolqardır.” Müşavirədə çıxış edən Kuzin daha çox ali və orta məktəblərlə bağlı məsələlərin üzərində dayandı. O, dedi: “Son illərdə sizin ali məktəblərdə rus bölmələrinin sayının azalması meyli hiss edilir. Yeri gəlmişkən, rus bölmələrində yalnız ruslar, ermənilər, yəhudilər və başqaları deyil, xeyli sayda azərbaycanlılar da oxuyurlar. Faktlara diqqət yetirək. Kənd Təsərrüfatı İnstitutunun beş fakültəsindən üçünə rusca qəbul yoxdur. Politexnik İnstitutda da vəziyyət belədir. Burada orta məktəbi qurtaran gənclərin ali təhsil almaq üçün digər respublikaya getməsi beynəlmiləlçiliyə uyğun gəlmir.” Kuzinin ardınca Sov.İKP MK təbliğat və təşviqat şöbəsinin müdiri Vasili Snastin çıxış etdi. O, son günlərdə Azərbaycanla bağlı məsələlərə toxunaraq dedi: “Hər hansı bir anlaşılmazlıq olmaması üçün mən əvvəldən bildirirəm ki, Mərkəzi Komitədə Azərbaycan haqqında, Azərbaycanda milli siyasətin uğurları haqqında, Azərbaycanın təkcə təsərrüfat uğurları deyil, mədəni quruculuqdakı uğurları haqqında ikili fikir yoxdur.

Bunu ona görə deyirəm ki, bizim qrup burada işləyən zaman bəzi vicdansız adamlar belə şayiələr buraxmışdılar ki, moskvalılar Azərbaycan xalqının uğurlarını, xüsusilə milli mədəniyyət sahəsindəki uğurlarını azaltmağa cəhd göstərirlər.” Bununla yanaşı, Snastin ideoloji işdə, milli siyasət sahəsində Azərbaycanda ciddi səhvlərə yol verildiyini göstərdi və bunu ilk növbədə dil haqqında qanunla bağlı olduğunu, bu məsələnin onları narahat etdiyini açıq şəkildə bildirdi. Sonra o, tarixlə bağlı məsələlərin təhlilinə keçdi. Snastin dedi ki, Cəmil Quliyevin institutun əsərlərində nəşr olunmuş “Nəriman Nərimanov – görkəmli partiya və dövlət xadimi” adlı məqaləsini nümunə gətirdi və dedi ki, bir səhifədə 12-13 dəfə Nərimanovun adı çəkilir. Belə tarix yazmaq olar? Biz tarixin belə təqdim olunmasından artıq çoxdan imtina etmişik. Müşavirədə Vəli Axundov yekun sözü söylədi.

O, respublikanın qarşı¬sında duran vəzifələrdən, ideoloji işdə, milli məsələdə yol verilmiş nöq-sanların aradan qaldırılmasından danışdı. Vəli Axundov bədii ədəbiyyatla bağlı məsələlərdən danışarkən Mirzə İbrahimovun çıxışındakı bir sıra məqamların üzərində dayandı. O, dedi ki, Mirzə müəllim böyük yazıçıdır, hətta demək olar ki, müasir Azərbaycan ədəbiyyatının iftixarıdır. Əgər biz onu qorumaq istəyiriksə, əgər istəyiriksə o, gələcəkdə də öz gözəl əsərlərini yaratsın və düzgün siyasi mövqedə dayansın, öz səhvlərini islah etməkdə hamılıqla ona köməklik etməliyik.Müşavirədən az sonra Nikita Xruşşovun göstərişinə uyğun olaraq əvvvəlcə “Sov.İKP tarixi məsələləri” jurnalının 1959-cu ildə nəşr edilən 5-ci nömrəsində “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabının birinci hissəsi haqqında geniş tənqidi rəy çap olundu. “Yerli partiya təşkilatları tarixinin elmi araşdırılması Sov.İKP tarixçilərinin mühüm vəzifəsidir” adlı baş məqalənin əsas hədəfi “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabı idi. (Bax: Научная разработка истории местных партийных организаций – важная задача историков КПСС. \\ Вопросы истории КПСС, 1959, 5). Onun ardınca .Sov.İKP MK-nın nəzəri və siyasi orqanı sayılan “Kommunist” jurnalının 1959-cu ilin sentyabr nömrəsində V.Snastin. N.Şataqin, A.Lukaşev və A.Yudenkonun imzası ilə “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabının birinci hissəsi haqqında “Yerli partiya təşkilatları tarixinin işıqlandırılması məsələsinə dair” adlı geniş tənqidi məqalə dərc edildi. (Bax: В.Снастин, Н.Шатагин, А.Лукашев, А.Юденков. К вопросу об освещении истории местных партийных организаций. \\ Kommunist, 1959, № 14). Bu, çox nadir hadisə idi ki, Sov.İKP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri bilavasitə, əyalətdə çıxan bir kitab haqqında yazılan tənqidi rəyin müəlliflərindən birincisi idi.

Kitabın müəllifləri ilə yanaşı kollektiv rəyin əsas hədəflərindən biri Nəriman Nərimanov idi. Orada yazılırdı ki, “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabında lazım oldu-olmadı Nəriman Nərimanov 150 dəfə xatırlanır. Çox hallarda Nərimanovun rolu qeyri-obyektiv təsvir edilir və müəlliflər Azərbaycan inqilabi hərəkat tarixində bütün hadisələri, bütün tədbirləri onun adı ilə bağlamağa cəhd göstərirlər. Şıxəli Qurbanovun 1958-ci ilin noyabr müşavirəsindəki yekun sözü haqqında “Kommunist” jurnalında dərc olunmuş və müəlliflərindən biri Sov.İKP MK-nın şöbə müdiri olan məqalədə çox ağır ifadələr işlədilmişdı. Orada deyilirdi: “Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri yoldaş Qurbanov müşavirədə tamamilə yanlış mövqedən çıxış etdi. Azərbaycan Kommunist Partiyası tarixinin işıqlandırılmasında ciddi səhvləri və nöqsanları qeyd edən müşavirə iştirakçılarını müdafiə etmək əvəzinə, yoldaş Qurbanov kitabın müdafiəsinə qalxdı və onun tənqidçilərini Azərbaycan Kommunist Partiyası tarixinin mühüm müddəalarının təftişçiləri adlandırdı. Yoldaş Qurbanovun çıxışında kitabı tənqid edən müşavirə iştirakçılarının ünvanına təhqiredici hücumlar var idi.”

 

Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb.