Dövlət rəhbərliyi tarixi fürsəti dəyərləndirməyi bacarmalı idi

ali-kerimli-tribunaLazım indi də gəlmədisə, bəs nə zaman gələcək?

Dövlət rəhbərliyi tarixi fürsəti dəyərləndirməyi bacarmalı idi. Azərbaycanın birtərəfli qaydada hərbi əməliyyatları dayandırdığını bəyan etməsi nə qədər düzgün qərardır? Dünyada sülhpərvər görünmək üçün torpaqlarımızın işğal altında qalmasına 23 il dözmək kifayət etməyib? Lazım indi də gəlmədisə, bəs nə zaman gələcək?

Hazırda həm ölkə daxilində, həm də beynəlxalq aləmdə torpaqlarımızın işğaldan azad edilməsi üçün son illərdə heç vaxt olmamış əlverişli şərait formalaşıb:

1. Nüfuzlu dünya mətbuatı qəbul edib, yazdı ki, atəşkəsi ermənilər pozub. Yəni atəşkəsin pozulması məsuliyyətini biz daşımırıq.

2. Maşallah, ordumuzun döyüş əzmi yüksəkdir.

3. Ölkə daxilində Qarabağın işğaldan azad edilməsi məsələsində milli həmrəylik mövcuddur. Ordumuz müxalifət və cəmiyyət tərəfindən birmənalı dəstəyə malikdir.

4. Azərbaycanın Qərblə – dünyanın aparıcı güc mərkəzlərilə münasibətləri məhz indi daha yaxşıdır.

5. Әsas strateji müttəfiqimiz Türkiyə ilə münasibətlərimiz də son 23 ildə ən yüksək səviyyəsindədir. Türkiyədən heç zaman (Rusiya ilə münaqişə səbəbindən) Ermənistanla savaş məsələsində indiki qədər hərbi dəstək almaq imkanımız olmayıb.

6. Ermənistan özünün çətin zamanlarını yaşayır. İqtisadi və daxili siyasi durumları gərgin, Rusiyanın Avrasiya İttifaqına girməkləri səbəbindən Qərblə münasibətləri pisləşmiş vəziyyətdədir.

7. Ermənistanın əsas müttəfiqi olan Rusiya da çətin dövrünü yaşayır. Ukrayna və Suriyada münaqişdə iştirakı və çətin iqtisadi vəziyyəti imkan vermir ki, Rusiya Ermənistana qeyri-məhdud səviyyədə kömək etsin.

8. Pakistanın, Türkmənistanın, Ukrayna və Belarusun hazırkı şəraitdə ölkəmizə açıq dəstək ifadə etməsi də, təkcə xalqımızın özgüvənini artırmır, həm də müharibə şəraitində praktik dəstəyə də zəmin yaradır.

Bu siyahını uzatmaq da olar. Әsas fikir ondan ibarətdir ki, işğal altında olan torpaqları azad etmək üçün bu qədər əlverişli şərait hər zaman olmur…