Avropa Bankı Azərbaycan iqtisadiyyatıyla bağlı xəbərdarlıq edir
“Azərbaycanda iqtisadi artım zəifləyir. Buna səbəb neft və qaz istehsalının azalmasıdır. Bu, bir il də davam edəcək”, – deyə Avropa Yenidənqurma və Inkişaf Bankı (EBRD) dünən yaydığı Regional Inkişaf Perspektivləri hesabatında xəbərdarlıq edir (“Azadlıq” radiosu).
Bankın fikrincə, Azərbaycanda iqtisadi inkişafa risk neftdən böyük asılılıqla bağlıdır. Böhran vaxtı isə neftin qiyməti düşür. Buna görə də Azərbaycan iqtisadiyyatında diversifikasiya, yəni müxtəlif sahələrə investisiya və inkişaf vacib olaraq qalır.
Bank yazır ki, qeyri-neft sektoruna investisiyalar azdır. Qeyri-neft sektorunun artımı dövlətin fiskal, yəni büdcə fəaliyyəti nəticəsində əldə olunur.
EBRD Azərbaycan iqtisadiyyatında bu il keçən illə müqayisədə 3,5 faiz artım gözləyir.
EBRD-nin oktyabr hesabatında deyilirdi ki, avrozonanın problemləri bu zona ilə sıx maliyyə və ticarət bağları olan Mərkəzi və Şərqi Avropa ölkələrinə ziyan vuracaq, bu ölkələrin iqtisadiyyatları zəifləyəcək. Indiki hesabatda isə bu ziyanın miqyasının daha böyük olacağı bildirilir. Bank region üzrə iqtisadi artım proqnozunu oktyabrdakı 1,7 faizdən 1,4 faizə endirib.
Avrozonada nə olacaq? Bu suala EBRD-nin baş iqtisadçısı Erik Berglofun cavabı belədir: “Bizim fikrimizcə, avrozonanı cilovda saxlamaqda böyük siyasi iradə var”.


