Azərbaycanda son dövrlərdə dələduzluq cinayətləri və bu cinayətlərə görə məhkum olunanların sayı artıb. Vəkil Ceyhun Yusifov dələduzluq əməllərinin sürətlə artmasının səbəbləri barədə “moderator.az”a danışıb:
– Dələduzluq cinayətin bu qədər artmasını nə ilə izah edirsiniz? Sizcə, qanunda nəzərdə tutulan cəzalar bu tip cinayətlərin qarşısını almağa kifayət edirmi?
– Bununla bağlı birmənalı şəkildə nəsə demək çətindir. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Diqqət yetirsək görərik ki, dələduzluq cinayəti digər mülkiyyət əleyhinə olan cinayətlərə münasibətdə əvvəlki dövrlə müqayisədə artan tendensiya ilə çoxalır. Bunun əsas amilləri hüquq maarifləndirilməsinin kifayət qədər olmaması, hüququn əldə edilməsi üçün normaların liberal olmaması, daha doğrusu, həmin hüququn əldə edilməsi üçün normanın sərtliyinin vətəndaşı qanundan kənarda olsa daha rahat yol axtarması düşüncəsi və ən əvvəldə vətəndaşların inamından bu tip insanların sui-istifadə etməklə daha tez varlanmaq istəyidir. Qanunun normaları və cəza institutu mən deyərdim ki, sərtdir və bu istiqamətdə edilmiş ictimai təhlükəli əməldən daha adekvatdır. Göründüyü kimi dövlətin hüquq davranışınında əsas məqsədi ümumiyyətlə cinayətlərin qarşısını almaqdır. Lakin qadağalar, profilaktik davranışlar öz effektiv nəticəsini vermədikdə, həmin hərəkətlər heç bir halda cəzasız qala bilməz. Bu baxımdan da cəza bir növ ictimai xəbərdaredici funksiyaya malikdir.
– Dələduzluğun məzmununa diqqət yetirdikdə görürük ki, çox vaxt yalan vədləri həqiqət kimi inandıraraq öz niyyətlərini pərdələyə bilirlər, bəs belə olan halda dələduzluğun qurbanı olmadan onları əvvəlcədən necə ifşa etmək olar?
– İlk növbədə hər bir vətəndaş nail olmaq istədiyi nəticənin nə qədər qanuna uyğunluğuna diqqət yetirməlidir. Göründüyü kimi əksər hallarda bu əməldən zərər çəkən şəxslərin niyyəti və razılaşma predmetinin qanuna uyğun şəkildə həyata keçirilməsi mümkün deyil. Belə olan halda həmin şəxslər öz istəklərini qanundan kənar həyata keçirmək üçün bu tip insanların qurbanına çevrilirlər. Həmin şəxslər etmək istədikləri halların qanunsuz olduğunu tam şəkildə dərk etmiş olsalar da həmin halın onlara verəcək üstünlüyünə şirnikləşərək bu cür qanunsuz sövdələşməyə daxil olur və nəticədə isə çox acınacaqlı duruma düşurlər. Dələduzluğun qurbanı olmamağın yolu mən deyərdim ki, qanunsuz istəkdən çəkinmək və ondan imtina etməkdir. Eyni zamanda onu da qeyd edim ki, dələduzluğun törənmə üsulu da fərqlidir. Bəzən olur ki, vətəndaş qanuni şəkildə mülki dövriyyə instutlarını həyata keçirərkən onun etibarından sui-istifadə edilərək dələduzluğa məruz qalır. Belə hallar son vaxtlar demək olar ki, kütləvi xarakter daşıyır. Daha çox bu hallar MTK-la bağlanan müqavilədə, torpaq sahəsi ilə bağlı əqdlərdə öz əksini tapır.
– Dələduzlara verilən cəzanın onların islahında rolu nədən ibarətdir?
– Ümumiyyətlə cəza islah institutu deyil, cəza əmələ verilən adekvat cavabdı, bununla da bir növ cəmiyyətə mesaj verilir ki, cinayət törədən şəxs cəzalandı. Bu halda bir növ əməlin aqibətinin ifşasına hesablanmış inzibati davranışdı. Eyni zamanda dələduzluqla bağlı tövsifedici əlamətlərin özü də mütərəqqi deyil. Yəni bir növ bu norma ilə verilən cəza əksər hallarda məqsədinə çatmır. Ona görə də həmin əməllərə verilən cəza ayrı-ayrı hallarda ədalətli hesab edilmədiyindən, hesab etmirəm ki, dələduzluq əməli ilə əlaqədar verilən cəza da islahedici olar! Bu cür şəxslər təəssüf ki, əksər hallarda bir çox üstün xüsusatları özündə birləşdirən xüsusi istedadlı şəxslər olduğundan cəza institutu onların cəmiyyətə dönüşü ümidini öldürməməlidir. Belə olan təqdirdə də hesab edirəm ki, bu üsul daha islahedici üstünlüyə malikdir. Eyni zamanda hüquq düşüncəsi və iqtisadi durum müsbət istiqamətdə artıqca dələduzluq cinayətinin subyekti və qurbanlarının statistikasına təsir edər.
– Necə etmək olar ki, dələduzluq cinayətinin sayı azalsın?
– İlk növbədə hesab edirəm ki, vətəndaşların maarifləndirilməsi fəaliyyət istiqamətində yuxarda göstərdiyim kimi qanunlara əməl etməsindən ibarətdir.Vətəndaşların ehtiyatlı davranışları qurbanlıq olma etimalını azaldır. Bununla yanaşı dövlət institutları da bu cür halların aradan qaldırılması üçün və dələduzluq mexanizminin azaldılması üçün mütləq tədbirlər görməlidir. Kütləvi dələduzluğa səbəb olan MTK-larla bağlı maraqlı bir təklif verirəm. Bakı Şəhər İcra Hakimiyətinin Kooperativlər İdarəsi mövcuddur. Bu qurum formal xarakter daşıyır və MTK-ın fəaliyyətinə heç bir inzibat-ictimai təsiri mövcud deyil. Amma bu qurumu işlək hala gətirməklə minlərlə şəxsi dələduzluqdan qorumaq olar. Hər bir MTK-a fiziki və hüquqi şəxslə alqı-satqı müqaviləsi bağlayarkən mütləq qaydada həmin müqavilələrin inzibati üsulla Bakı Şəhər İcra Hakimiyətinin Kooperativlər İdarəsində Reysteri aparılmalıdır. Şəxslər hər hansı bir MTK-dan daşınmaz əmlak alarkən həmin sahənin MTK-nın balansında olması və alqı-satqının predmenti olmasına dair arayış verilsin, bundan sonra şəxs həmin vəsaiti MTK-nın bank hesabına köçürsün. Maraqlı məqamlardan biri də Mülki Məcəllənin normalarının hələ də tətbiq edilməməsi ilə bağlıdır. Bu qədər vətəndaşın hüququnu pozan hallara bir növ seyrçi mövqeyindən baxmaqdansa müvafiq qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmağa məcbur edilməlidir. Qanunda daşınmaz əmlakın əvvəlcədən qeydiyyatı deyilən anlam var və bu niyə tətbiq edilmir? Məgər həmin tikilliləri əvvəlcədən daşınmaz əmlak kimi qeydə almaq olmazmı? Əgər həmin normaların tətbiqi vaxtında baş vermiş olsaydı bu qədər vətəndaş dələduzluğun qurbanı olaraq bu dərəcədə çarəsiz duruma düşərdimi? Əlbəttə ki, yox. Eyni zamanda bu günədək bələdiyyələr tərəfindən torpaqların hərrac və ya müsabiqə yolu ilə satılma üsulu aydın və görünən usulla deyil və yalnız formal xarakter daşıyır. Bu halda da torpaq sahəsinin hüquq müəyyən edən sənədlərinin olmaması nəticədə vətəndaş torpaq əldə etmə istəyi əksər halda riskli və mən deyərdim ki, daha doğrusu aldanmasına səbəb olur. Bu faktiki münasibələr dələduzlara bir növ yol açır. Eyni zamanda bu cinayətin hüquqi tövsüfü birmənalı olmadığından, əksər münasibətlər yanlış olaraq dələduzluq kimi göstərməklə statistik göstərici çoxaldılır. Mən deyərdim ki, bu cür cinayətlərin tövsüfünün ümumilləşdirilməsi keçirilərsə onun yarısının tövsüfü ciddi mübahisə predmentinə çevriləcək və əməlin baxılma icratınında bəzən yanlış olması öz təsdiqini tapacaq.
– Belə çıxır ki, dələduzluqda ittiham edilən şəxslərin bir hissəsi ümumiyyətlə dələduzluğun subyekti deyillər və həmin şəxslər cəzasız qalmalı və dəymiş ziyan ödənilməməlidir?
– Sualınızın birinci hissəsinə cavab verim ki, bəli, ümumiyyətlə tərəflərin arasında münasibət zamanı əksər halda mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrdi. Demək olar ki, daha maraqlı məqam bəzən hüquq-mühafizə orqanları tərəfindən mülki mühakimə icratını cinayət mühakimə icratının predmentinə çevirməsidir. Tərəflərin birgə biznesi, alqı-satqı münasibətləri hətta borc və faiz münasibətləri yanlış olaraq dələduzluq kimi tövsifi olunur. Şəxslərin münasibətlərində həqiqi niyyət nəzərə alınmır. Əgər ziyan varsa bu dələduzluqdu deyə yanaşma mövcuddur. Düzdür, bu cür mübahisələrdə mühakimə icraatının nədən ibarət olmasını ayırmaq çətin olsa da, bəzən açıq görünən münasibətdə yanlış olaraq dələduzluğa istiqamələndirilir. Şəxslərin mülki münasibətlərində dəymiş zərərin ödənilməsi üsulu kimi və birinin digərini acınacaqlı duruma salmaq üçün onun barədə “Dələduzluq cinayətinin subyekti ” statusunu yaradırlar. Şəxsdə tərəflər arasında mövcud olan mülki münasibətin məhkəmə qaydasında aydınlaşmasına maraqlı olmur. Maddənin sanksiyasının ağırlığı isə həmin şəxslərin delekt normasına uyğun münasibətlərini araşdırmadan öz istəyinə nail olur. Bu isə qəbuledilməzdir. Mən öz təcrübəmədə dəfələrlə tərəflər arasında borc və faiz münasibətlərinin sonradan istintaq tərəfindən dələduzluq kimi tövsüf edilməsinin şahidi olmuşam.Təəssüf ki, əksər hallarda tərəf öz istəyinə nail olaraq digər borclu şəxs barəsində hökmün çıxarılmasına nail olub. Bir anlıq təssəvür edin ki, 7000 manatlıq faktiki biznes münasibətini formal dələduzluğa çevirməklə şəxs barəsində 12 ilə qədər azadlıqdan mərhum etmə cəzasının verilməsinə nail olmaq olar və bu halda nə hüququn prinsiplərinə, nə fəlsəfəsinə, nə də cəzanın məqsədinə uyğundur.
Yeri gəlmişkən sualla bağlı bir misal çəkim. Hal-hazırda vəkil kimi icraatımda olan bir dələduzluq cinayətini nəzərinizə çatdırım. Belə ki, hüquqlarını müdafiə etdiyim şəxs 2010-2011-ci illər ərzində Nərimanov Rayon Ərazisində vətəndaşlara faizlə pul verən bir şəxsdən 17000 manat pul alır və mütəmadi olaraq da hər ay onun aldığı pulun faizini ödəyir. Təxminən 2015-ci ildə əsas məbləğin ödənilməsi və faiz borclarının ödənişi tərəflər arasında mübahisə predmentinə çevrilir. Mənim müdafiə etdiyim şəxs isə faiz aldığı şəxsə indiyədək 30.000 manat ödədiyini bildirib və daha ödəmə imkanına malik olmadığını qeyd edir. Elə həngamə bundan sonra başlayır və mənim müdafiə etdiyim şəxs barədə polisə şikayət edib ki, güya ondan 21000 manat pulu yay aylarında birini 1 bir manat olmaqla iribuynuzlu heyvan ayağı alıb qış aylarında 4 manata satıb ona gəlir vermək adı ilə ondan bu pulu alıb və nəticədə ona qarşı dələduzluq edib. Siz bir anlıq faktiki və məntiqi yanaşmaya diqqət edin: İlk andan görünür ki, iribuynuzlu heyvan ayağının ümumi sayı 21000 ədəddirsə, bu 5250 iribuynuzlu heyvan kəsimindən irəli gəlir. Eyni zamanda ümumi çəkisi 50 tondan artıq edir ki, belə olan təqdirdə şəxsin həmin ayaqları yay aylarından qış aylarınadək saxlanması üçün mütləq qaydada ət məsullarının saxlanması üçün ixtisaslaşmış soyuducu lazımdır. Bu gün isə belə bir soyuducu hələ Respublikada mövcud deyil və yaxud da aylıq kəsilən heyvanların hamsının bir şəxs tərəfindən kəsilməsi nə dərəcədə inandırıcıdır. Axı heç heyvan fondunda aylıq bu dərəcədə azalması inandırıcı deyil. Maraqlıdır ki, qarşı tərəf bildirir ki, müdafiə etdiyim şəxs həmin heyvan ayaqlarını mənzilində soyducuya yığırmış. Mənzilin isə ümumi sahəsi cəmi 29 kv.m dir. Yaxşı bu 50 ton ət məsulunu 29 kv.m mənzilə necə yerləşdmək olar, hələ onun xarab olması qalsın bir kənara, Bundan əlavə öz dəst xətti üzrə faiz cədvəlinin yazılması ekspertiza tərəfindən təsdiq edilsə də Nərimanov PRİ-ittihamı verib işi Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Göründüyü kimi tərəflər öz aralarında olan pul münasibətinə birmənalı şəkildə mülki məhkəmə icratında baxılmalı olsa da, İstintaqın qərəzi şəxsi əsassız olaraq təqsirləndirilən statusuna salıb, onun ağır maddə ilə ittiham olunmasına səbəb olmuşdur. Bu halda dələduzluq cinayətlərinin tövsifində ciddi problemlərin olmasını açıq şəkildə özünü göstərir və yaxud da başqa misal çəkim. Bərdə rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olan dəfələrlə çoxsaylı şəxslərə qarşı dələduzluq etmiş, eyni xüsusatlarla bağlı məhkəmə hökmü olan dələduz bir şəxs barəsində eyni hal üzrə başqa bir şəxsə qarşı edilən dələduzluq hərəkəti ilə bağlı iki dəfə ittiham aktı tərtib edilib, məhkəməyə göndərilən zaman qəsdən prosessual pozuntulara yol verilir ki, həmin şəxs barəsində ittiham hökmünün çıxarılması məhkəmə tərəfindən mümkün olmasın və həmin iş yenidən istintaqa qaytarılaraq prosessual pozuntunun aradan qaldırmaq görüntüsü ilə icraata bəraətverici əsaslarla xitam verilsin. Əslində isə, prosessual pozuntu aradan qalxaraq həmin şəxsin məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə göndərilməli idi. Əksinə, bu üsulla əməlin təmiz dələduzluq olmasına baxmayaraq sonradan heç bir xüsusat dəyişmədən və heç bir istintaq hərəkəti aparılmadan cinayət işinə bəraətverici əsaslarla xitam verilir. Sual doğurur ki, əgər şəxsin əməlində dələduzluq cinayətinin tərkibi yoxdursa onun barəsində iki dəfə ağır maddə ilə ittiham aktı necə tərtib edildi və məhkəməyə göndərildi? Bununla bağlı mən Bərdə rayon prokurorunun qəbulunda olsam da prokuror açıq şəkildə əmələ düzgün hüquqi qiymət verməkdən imtina edərək mənə əvvəlki prokurorun qərarın ləğv etməyəcəyini özünə əmin şəkildə bildirdi. Çox təəssüflər olsun ki, bəzən istintaqın subyektiv yanaşması dələduzluq cinayətinin mülki iş kimi, mülki işin isə dələduzluq cinayəti kimi göstərilməsinə səbəb olur. Yuxarıda qeyd etdiyim hər iki hal buna bariz nümunədir. Bu isə hüquqa inamı ciddi şəkildə sarsıdır.
– Yeddi min manata görə şəxsin 12 il cəza almasını nə dərəcədə ədalətli hesab edirsiniz?
– Hələ qüvvədə olan Cinayət Məcəlləsi 30 dekabr 1999-ci qəbul edilən zaman sanksiya həddinə uyğun olaraq ziyanın miqdarı külli miqdar kimi 7000 manat götürülmüşdü. Həmin tarixdən 17 il müddət keçir. Bu müddət ərzində pulun dəyəri və onun real ziyan həddi on dəfələrlə azalıb və belə olan halda cəza bir mənalı şəkildə əmələ adekvat deyil. İqtisadiyyatın güclənməsi, Bazar İqtisadiyyatının inkişafı və dəfələrlə mövcud olan infilyasiya həmin zərər məbləğinə yenidən baxılmasını qaçılmaz edir. Həmin qanun qəbul edilən zaman minimum ehtiyyac meyarı 1 manat 10 qəpik həddində idi, hal-hazırda isə 105 manatdır. Belə olan təqdirdə mütləq qaydada külli miqdarının həddi artırılmalı cəza ilə vurulan ziyan tam uyğunlaşdırılmalıdır. Bu halda da cəza ədalətli hesab oluna bilər. Axı şəxsin törətmiş olduğu əməldən ağır cəzanın verilməsi nə dövlətin, nə də ki, cəmiyətin marağına uyğun deyil, bir anlıq təssəvür edin 7 minlə 7 milyon miqdarında dələduzluq edən şəxsin əməli eyni tövsif edilərək eyni cəza verilir, bu norma ilə isə heç cür cəzanın məqsədinə nail olmaq olmaz. Alternativ üsul kimi normaya xüsusi ilə külli miqdar institutunu daxil etmək olar və bu halda şəxsin əməllərinin ictimai təhlükəlilik dərəcəsi aydın görünə və cəza ilə uyğunlaşdırıla bilər.
– Dələduzluğa şərait yaradan amillər barəsində nə deyə bilərsiniz?
– Hesab edirəm ki, Bələdiyyə Torpaqları haqqındakı normanın, özbaşına tikilillərlə bağlı hüquqi statusun və ən əvvəldə daşınmaz əmlakın qeydiyatının sadələşdirilməsi, o cümlədən də bununla bağlı mülki qanunvericilikdə olan hüququn işlək hala gətirilməsi, yuxarda qeyd etdiyim kimi MTK-la bağlı qəti addımın atılması bu amilin aradan qalxmasına və dələduzluq cinayətinin azalmasına səbəb olacaq. Bununla yanaşı mütləq qaydada həmin dələduzluq cinayətinin tövsifində istintaq tərəfindən bəzən subyektiv yanaşmadan imtina edilməli və həmin şəxslərin düzgün, hüquqi maarifləndirlməsini təmin etmək lazımdır.