Türkiyə mediasından Əliyevə basqı artır

Tanınmış yazarlar Azərbaycan müxalifətnin mövqeyini təqdir etdi; Əliyevdən cavab istədi

Fransanın qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməsinə qarşı Azərbaycan rəhbərliyinin ciddi və yüksək səviyyədə mövqe bildirməməsi xeyli vaxtdır ki, Türkiyə mediasında davamlı şəkildə tənqid olunur. Türkiyənin mediasının cavab almaq istədiyi əsas sual isə ölkə başçısı Ilham Əliyevin bu məsələyə indiyədək nədən münasibət bildirməməsidir. Türkiyə qəzetlərində dünən bu qəbildən daha iki yazı dərc olunub. Yazılardan birinin müəllifi populyar “Hürriyet” qəzetinin köşə yazarı Taha Akyol, digəri isə məşhur aparıcısı və yazar Mehmet Əli Biranddır. Hər iki yazını təqdim edirik:

Taha Akyol, “Hürriyet”

Azərbaycandan səs gözləyirik

Dünənki yazımda Azərbaycan prezidenti Ilham Əliyevin Fransadakı hadisələr haqqında səssiz qalmasını tənqid etmişdim. Müsbət, mənfi çox reaksiyalar aldım. Azərbaycandan Müsavat Partiyasının lideri Isa Qəmbər Bakıdan telefonla əlaqə saxladı mənimlə. Əliyevin susqunluğunu özünün də tənqid etdiyini, Fransada qəbul olunan qərarın Azərbaycana da zərər verəcəyini, Ankara ilə Bakının birgə hərəkət etməsinin lazım olduğunu söylədi.
Xalq Cəbhəsinin lideri Əli Kərimli “Azadlıq” qəzetində çıxan bəyanatını göndərdi – “Ilham Əliyev niyə hələ susur? Nə vaxt danışacaq? Nəyi hesablayır?” deyir. Azərbaycan Fransa üzərində güclü təpkisini göstərsəydi, bəlkə də bu qanunun qəbul olunmayacağını söyləyir. Liberal Partiyanın lideri Lalə Şövkət Fransadakı Azərbaycan səfirinin geri çağırılması, birinci xanım Mehriban Əliyevanın “L’gion d’honneur” nişanından imtina etməsi kimi reaksiyalar göstərilməsini istəyir. Azərbaycan xalqı və ziyalıları Fransaya daha sərt davranılmasını istəyir.

Aşağı səviyyəli reaksiya

Azərbaycanın Istanbuldakı baş konsulu Həsən Sultanoğlu dünənki yazıma bir xeyli əsəbiləşib. Telefonla əlaqə saxladı. “Türkiyə ilə Azərbaycanın arasını pozub kimə xidmət edirsən? Xocalı qırğınından niyə yazmırsan?!” kimi sözlər işlətdi. Belə bir diskussiyaya girmədim. Sultanoğlu Azərbaycan Xarici Işlər Nazirliyinin və parlamentinin reaksiyalarını xatırlatdı. “Azərbaycan Prezident Administrasiyası siyasi analiz və informasiya şöbəsinin açıqlama yayaraq Fransanı qınadığını unutma” dedi.
Bakıdan da bu mövzuyla bağlı məktublar aldım. Bunlar doğrudur və məsələ də buradadır: Hörmətli cənab Əliyev özü danışmır, diplomatiyada “aşağı profilli” deyilən şərhlər etdirir. Beləcə, həm Türkiyə və Azərbaycan ictimaiyyətini təmin etdiyini, həm Qarabağ məsələsində mühüm rola malik Minsk Qrupundakı Fransanı incitmədiyini, aşağılamadığını düşünür… Lakin əlbəttə, Sarkozi bilir ki, “aşağı profilli reaksiya” laqeydcəsinə reaksiya deməkdir!

Qarabağa gedənlər kimlərdi?

Keçən ilin avqustunda Fransa parlamentarilərindən ibarət qrup Ermənistan və Qarabağa səfər etdi. Bu, Ermənistanın işğalına bilavasitə bir dəstək idi. Azərbaycan Xarici Işlər Nazirliyi də haqlı olaraq, avqustun 22-də Fransaya rəsmən etiraz etdi. Həmin fransız heyətin rəhbəri kim idi, bilirsinizmi? “Soyqırımı” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun müəllifi, xanım Valeri Boyer! Fransadakı qanunun pərdəarxası açıq deyilmi? Bir “etiraz” da indi lazım deyilmi?!
Əliyevin Minsk Qrupuna həssas yanaşmasını anlayıram, lakin “aşağı profilli reaksiya” siyasəti, Fransada qadın Boyer, Dəvəçiyan və Sarkozi kimilərin Minsk Qrupunda “tərəfsiz” yanaşmasını təmin edə bilərmi? Əksinə, cəsarətlənəcəklər.
Qafqazda mühüm rol oynamağa çalışan Fransanın bir ayağı Ermənistandır. O biri ayağı ilə Minsk Qrupu vasitəsilə nüfuz qazanmaq istəyir? Buna görə də Bakı “yüksək profilli” bir reaksiya göstərsəydi, xeyli təsirli ola bilərdi.

Yüksək vəzifəlilərin zamanı

Indi Fransa Konstitusiya Şurasına müraciət edəcək 60 parlamentari axtarılır.
Hörmətli cənab Əliyev, səs verin bu mərhələdə, şəxsinizin də bir əməyi olsun.
Azərbaycanın daxili siyasəti mövzusunda özümü haqq sahibi görmürəm. Məqsədim heç kəsi dəstəkləmək və ya pisləmək deyil. “Bir millət, iki dövlət” gerçəyində iki dövlətin fərqli siyasətinin ola biləcəyini də qəbul edirəm. Lakin mühüm mövzularda birlikdə davranmaq lazım deyilmi? Tarixi və hüquqi bir gerçək olan Yəhudi soyqırımı Israil dövlətinin işğal siyasətinə bir növ toxunulmazlıq qazandırmışdır. Ermənistanın davam edən işğalına Türkiyədən başqa toxunan varmı?! Soyqırım iddiası rəsmən qəbul edilərsə, Qarabağ problemi hara gedər? Bir düşünün və “yüksək profilli” bir mövqe bildirin, cənab Əliyev…

***

Mehmet Əli Birand, “Posta” və “Hürriyet”

Əliyevdən səs çıxmadı (!)
           
Mənim də diqqətimi çəkməmişdi, dünən Taha Akyol yazanda xatırladım.
Can dostumuz Azərbaycanın lideri Əliyevdən Fransada baş verənlərə nədənsə, heç səs çıxmadı.
Niyə?
Azəri qardaşlarımız olsun, Xarici Işlər Nazirliyi olsun, qiymətli münasibətlər bildirdilər. Ancaq Əliyev kükrəmədikcə, digərlərinin mövqeyi başa düşülməz, sayılmaz. Necə ki, elə də oldu. Türkiyə bu mübarizədə yenə tək qaldı.
Belə bir dəstək gözləmək haqqımız deyilmi?
Bizim, Ermənistan arasındakı protokolları son dəqiqədə ləğv etdirən Azərbaycan idi. Protokollar həyatda qalsaydı, nə Fransa parlamenti, nə də Senatda belə bir qanun keçə bilərdi.
Türkiyə protokolların ləğvinə gedərək, son dərəcə əhəmiyyətli bir dostluq və həmrəylik nümunəsi verdi. Türkiyə Xarici Işlər Nazirliyi olsun, Nazirlər Kabineti olsun – heç səslərini çıxarmırlar və görməməzlikdən gəlirlər. Ictimaiyyət isə bu sualı soruşur: Əliyev harada?
Dostsaq, qardaşsaq, bu dəstəyi görməyimiz lazım deyilmi?
Şəxslər inciməsin və üzülməsin. Azərilər nə qədər kövrək və nə qədər həssasdırlarsa, biz də o qədər kövrək və romantik bir cəmiyyətik.