Bugünlərdə Azərbaycan Demokratik Qüvvələri Milli Şurasının Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib. Bununla bağlı Milli Şuranın yaydığı məlumatda deyilir ki, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, maliyyə-iqtisadi böhranın doğurduğu fəsadlar, əhali arasında işsizliyin və yoxsulluğun artmasının səbəbləri, habelə siyasi məhbuslarla bağlı məsələlər müzakirə olunub. Toplantı qanlı mart hadisələrinin ildönümünə təsadüf etdiyindən bu faciənin qurbanlarının xatirəsi yad edilib.
Müzakirələr zamanı ölkədə yaranmış sosial-iqtisadi vəziyyətin getdikcə ağırlaşmasından, böhranın ağırlığının xalqın üzərinə qoyulmasından ciddi narahatçılıq ifadə edilib. Əhalinin kütləvi şəkildə bankların asılılığına düşməsi ölkədə yeridilən bank-kredit siyasətinin doğru olmadığı ilə izah olunub. Xüsusilə, xarici valyuta ilə kredit almış vətəndaşlarının acınacaqlı duruma düşməsi və onların vəziyyəti ilə bağlı optimal variantların tapılmaması, əhalinin bu kəsiminin ağır sosial fəlakətə yuvarlanması hakimiyyətin yaratmaz bank siyasətinin nəticəsi kimi qiymətləndirilib.
Müzakirələrdə qeyd edilib ki, ölkəni bürümüş sosial-iqtisadi böhrandan çıxış yolları ilə bağlı hökumətin əsaslandırılmış proqramının və ardıcıl addımlarının olmaması vəziyyəti daha da mürəkkəbləşdirib. Hakimiyyətin sosial-iqtisadi islahatların keçirilməsinə həvəssiz olması, ölkədə monopoliya və korrupsiya prosesinin davam etməsi, iş adamlarına qarşı təqib kampaniyasının durdurulmaması, iqtisadi və sosial həyatla bağlı elan edilmiş statistik məlumatların real həyatdan uzaq olması təəssüf hissi ilə qeyd olunub.
Müzakirələrin gedişində ölkənin regionlarında sosial vəziyyətin fəlakətli dərəcədə pisləşməsi, kənd təsərrüfatı ilə bağlı iqtisadi cəhətdən əsaslandırılmış siyasətin olmaması, regionlarda işsizliyin və yoxsulluğun durmadan artmasından ciddi narahatçılıq ifadə edilib. Son vaxtlar Azərbaycan hakimiyyətinin ölkənin maliyyə ehtiyatlarının cüzi faizlərlə xarici banklarda saxlanmasına rəğmən 6-7 faizlə yeni xarici borc asılılığına girmək cəhdləri kəskin şəkildə tənqid edilib. Ölkənin sosial-iqtisadi proseslərin təhlili ilə bağlı Milli Şuranın iqtisadiyyat blokunun və bir sıra iqtisadçıların araşdırmları yüksək qiymətləndirilməklə yanaşı onlara tövsiyə edilib ki, ölkənin bank, pul-kredit və sosial siyasətindəki vəziyyət, işsizliyin və yoxsulluğun artan dinamikası diqqətlə izlənilsin və böhrandan çıxış yolları ilə bağlı əsaslandırılmış araşdırmalar davam etdirilsin.
İnsan haqları və siyasi məhbus problemi ilə bağlı toplantıda geniş fikir mübadiləsi aparılıb, ölkənin məhkəmə sisteminin iflasa uğramasından dərin təəssüf hissi ifadə edilib. Martın ortalarından başlayaraq 16 nəfər məhbusun azad edilməsinin siyasi məhbus problemini həll etmədiyi təəssüf hissi ilə qeyd edilib. Müzakirələr zamanı siyasi məhbusların hamılıqla azad edilməsi, fikir və mülahizələrinə, vətəndaş mövqeyinə görə siyasi həbslərin durdurulmasının Milli Şura üçün üstün fəaliyyət istiqaməti olduğu ifadə edilib. Vətəndaş cəmiyyəti təmsilçilərinin, mətbuat nümayəndələrinin, ictimai-siyasi təşkilatların üzvlərinin tezliklə azad olunması istiqamətində gərəkli olan bütün addımların atılması, son vaxtlar geniş xarakter almış girov məhbusların, kütləvi təqiblərə məruz qalmış Xalq Cəbhəsi Partiyası üzvlərinin, dini kəsimdən olan siyasi məhbusların hüquqlarının müdafiə edilməsinin gücləndirilməsi məqsədəuyğun sayılıb. Müzakirələr zamanı ölkənin məhkəmə sisteminində yaranmış rüsvayçı vəziyyət və siyasi məhbus məsələsi ilə bağlı ayrıca sənədlərin hazırlanması qərara alınıb.
Toplantıda həmçinin, bu yaxınlarda Sumqayıt şəhər polis idarəsinin 1 saylı polis bölməsində günahsız vətəndaşa qarşı baş vermiş dəhşətli işgəncə faktından hiddət ifadə olunub. Müzakirələr zamanı daxili işlər nazirliyi əməkdaşları tərəfindən tanınmış yazıçı Əkrəm Əylisinin xaricə çıxışına süni maneələr yaradılması, ona münasibətdə xuliqanlıq maddəsi ilə saxta cinayət işinin açılması ölkənin hüquq sistemindəki vəziyyətin və insan haqları ilə bağlı durumun hansı fəlakətli həddə gəlib çıxmasının təzahürü kimi qiymətləndirilib. Bu məsələlərin nəzarətdə saxlanılması Milli Şuranın müvafiq qurumlarına tövsiyə edilib.