Elnur Astanbəyli
elnurastanbeyli@gmail.com
Bir neçə gündür xəbər saytlarında “Manat bir az da möhkəmləndi” başlıqlı xəbərlər görürük, açıb oxuyuruq ki, Mərkəzi Bank manatın yeni məzənnəsini açıqlayıb, buna əsasən dollar bir öncəki günə görə milli valyutamıza nisbətdə azacıq ucuzlaşıb. Əsl komediyadır!
Birincisi: Mərkəzi Bank ötən il dekabrın 21-yə “üzən məzənnə” rejiminə keçmişdi, hələ o vaxt ağlı başında olan iqtisadçı ekspertlər bunu gülünc adlandırmışdılar. Demişdilər ki, həmin qərar əslində devalvasiyadır, sadəcə, yaptokratlar mənəvi varisi qismində çıxış etdikləri Sovet idarəçiliyini yamsılayır, milli valyuta üzərində inzibati nəzarət formalaşdırırlar.
Digər tərəfdən, “üzən məzənnə” rejiminin mahiyyəti ondan ibarətdir ki, ölkədə qiymətli kağızlar bazarı mövcuddur, valyuta birjası var, nəhayət, çoxlu sayda xarici valyuta gətirə biləcək şirkətlər fəaliyyət göstərmir, onlar həmin xarici valyutanı manata çevirir və işçilərinə əməkhaqqı ödəyirlər. Azərbaycanda sadalananların heç biri yoxdursa, hansısa “üzən məzənn”dən danışmaq adamları avam yerinə qoymaqdan, barmağına dolamaqdan başqa bir şey deyildi.
Ikincisi: soruşmağa ayıb olmasın, 3 ay əvvəllə müqayisədə nə dəyişib ki, manat möhkəmlənir! Bəlkə yapçıların “sehrli çubuqları” var və onlar bu qısa vaxtda ölkədə ciddi iqtisadi infrastruktur yaradıblar, istehsal sahələri qurublar? Bir halda ki, aylar əvvəl olduğu kimi, manatın arxasında heç bir real iqtisadi güc, qeyri-neft sektoru dayanmır, manat necə möhkəmlənə bilər?!
Amma kimə deyirsən! Ölkədə böyük bir yalan maşını dayanmadan, fasiləsiz şəkildə işləyir, bir-iki istisna ilə, bütün mətbuat – saytları, qəzetləri, televiziyaları və radioları ilə bu yalan maşınının vintciklərini, təkərciklərini təşkil edirlər, onların üzərinə “ekspert” kimi sırınan məddah iqtisadçıları, bir növ “iqtisadiyyatın Fikrət Qocaları”nı da gəlin… Və bu yalan maşını düşünmə əngəlli topluma istənilən saxtalığı çox asanlıqla həqiqət kimi sırıya bilir.
Bu yalan maşını kütləni istədiyi istiqamətə yönləndirməyə qadirdir – elə ona görə də cəmi bir il öncə gündəmə “bomba” kimi düşən, Prezident Administrasiyasında hazırlandığı və oradan öz xəbər saytlarına, qəzetlərinə, telekanallarına servis edildiyi şübhə doğurmayan, ətrafında 1960-70-ci illərin Sovetlər Birliyinə xas leksikonla, üslubla ABŞ-a qarşı təbliğat tozanağı qoparılan “Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası” başlıqlı “araşdırma” indi heç kimin yadına düşmür, “ermpənipərəst”, “islamafob” Kerrinin az qala yeddi arxa dönənini yaş yuyub quru sərənlər bu gün eyni Kerrinin Ilham Əliyevlə görüşünü “tarixi hadisə”, “parlaq diplomatik uğur”, “ABŞ-la münasibətlərdə yeni mərhələnin başlanğıcı” kimi təqdim edirlər.
Çox rəzil vəziyyətdir. 21-ci əsrdə bu ölkədə KIV adına kimlərin at oynatdığını, meydan suladığını görüncə deməyə başqa söz tapmaq da olmur. Bəli, Azərbaycanda mətbuat tamamilə məhv edilib, bu gün ölkədə media azadlığı adına nəsə qalıbsa, nəsə varsa, bu, az sayda adamın şəxsi fədakarlığının, cəsarətinin nəticəsidir. Onların da yoxluğunda manat və Con Kerri mövzularındakı məlum mətbu rəzalətin (unutmayaq, bunlar çoxsaylı örnəklərdən sadəcə ikisidir!) miqyasının nə qədər geniş ola biləcəyini təsəvvür etmək çətin deyil!
Çağdaş dünyada sorğulamayan, araşdırmayan, tənqid və ifşa etməyən, aydınlatmayan bir medianın (əslində buna media demək də rüsvayçılıqdır, başqa – daha dəqiq, daha düzgün ad tapmaq lazımdır) olmadığı ölkənin yüksəlmək, tərəqqiyə nail olmaq, azad və firavan gələcəyə qovuşmaq şansı, imkanı yoxdur. Bu, birmənalıdır, mübahisəyə gərək belə yoxdur.
Elə isə indi dönüb Azərbaycanın hazırkı mətbuatına baxın və özünüz deyin: yaşadığımız ölkənin azad və firavan gələcəyinə nə qədər ümid etmək olar?!