Lənətlənmiş olmaq

saadet-cahangir-koseSəadət Cahangir

Bilirsiniz, bir vaxtlar xalq arasında lənətlənən ən pis əməl xəbərçilik, üzə durmaq, iftiraçılıq, məsum insanların günahına girmək sayılırdı. Məsələn, bizim qonşu kənddə belə biri vardı, avtobus sürücüsü olduğu üçün çoxumuz tanıyırdıq onu. Qəflətən ürək tutmasından öldü və cənazəsi ortalıqda qaldı. Deyilənə görə, kəndin 90%-i adamın üstünə getməyib. Əlbəttə, deyəcəksiniz, bu əməllər elə indinin özündə də lənətlikdir. Doğrudur. Amma ölkədə yaşadığımız gerçəklər insanları böyük bir çirkabın içinə dartır və o çirkin əməlləri özünə rəva görənlərin sayı da gündən-günə artır. Artıq bu əməli qanuniləşdirib, qarşılığında məvacib ödəməyi də rəsmiləşdirdilər, bilirsiniz. Ağlamalıdır, deyilmi?
Yaxınlarda çoxunuzun tanıdığı fəal cəbhəçilərdən biri başına gəlmiş maraqlı bir əhvalat danışdı. Ötən ilin sonlarına yaxın o məşhur cəbhəçini “polisə müqavimət” maddəsi ilə həbs edib həftələrlə həbsdə saxlamışdılar. Şübhəsiz, bütün qondarma “müqavimət” həbslərində olduğu kimi, bu işdə də yalançı şahidlər tapıb onun üzünə durdurmuşdular. Gündəlik çörək pulunu mənzil alqı-satqısı işindən çıxaran o cəbhəçi yaxın günlərdə elanı verilmiş bir mənzilin satışı üçün getdiyi ünvanda kimlə qarşılaşsa yaxşıdır? Məhkəmədə üzünə duran həmin rütbəli polislə. Demə, zalım devalvasiya dalğası bu “üzəduranı” da vurub. Adam kredit bataqlığı boğazına dirəndiyi üçün çar-naçar evini satmaq məcburiyyətində qalıb. Bu hadisədə ən çox marağımı çəkən nüans polisin üzünə dirəndiyi cəbhəçiylə satlıq mənzilində qarşılaşdığı an özünü necə aparması idi, təbii. Cəbhəçi dostumuz adamın üzünün qızardığını, başını aşağı dikib ağ bir, qara iki kəlmə kəsmədiyini dedi. Daha deyəcək sözmü qalıb, qanan üçün günahsız insanın üzünə durmaq ölümə bərabər bir xəcalət hissi olsun gərək…
Pislik bumeranqdır, necə olursa-olsun, edənin özünə qayıdır. Inanan inansın, inanmayan özü bilər. Inanmayan mərdüməzarlığına, iftiraçılığına, şərləməyinə, ev yıxmağına davam edə bilər. Bir gün tifaqı dağılıb öz evi başına yıxılanda gözü açılacaq, əlbət. Amma onda da çox gec olacaq. Girdiyi günahlara görə kimsə onu bağışlamayacaq, aldığı ahlar qara yel olub ocağını xarabazara çevirək, sürüm-sürüm sürünüb imdad diləyəcək. Indi həbsxana künclərində çürüyüb aman diləyən qanqster xislətli keçmiş səlahiyyət sahibləri kimi. Yuva yıxmaqla, məsum insanları şərə salıb həyatını cəhənnəmə çevirməklə, kiminsə isti aşına su qatmaqla kisənizə doldurub yedikləriniz zəhər olub burnunuzdan gəlməzmi, düşünürsünüz? Gələr, əlbəttə, gələr. Heç şübhəniz olmasın ki, etdikləriniz misqalı ilə qarşınıza çıxacaq bir gün…
Ilanla xərçəng qonşu olur. Ilandan gözü su içməyən xərçəng ikidə bir ilanı xəbərdar edilmiş: Bax, biz qonşuyuq. Bir-birimizə pislik etmədən dolanıb gedək. Pislikdən nə sənə fayda gəlir, nə mənə. Amma pislik ilanın qanında var, dinc durarmı? “Ah, bir fürsət düşsəydi, bu xərçəngin qanını içərdim, nə gözəl olardı!” deyə düşünürmüş hər gün.
Xərçəng baxır ki, qonşuluq olacaq iş deyil, axır gecənin birində gedib caynaqlarını sancaraq öldürür ilanı. Ölməkdə olan ilanın düppədüz uzanıb sakitcə çapalamasına baxan xərçəng deyir ki: “Bədbəxt ilan, bu düzlüyünə, dincliyinə sağ ikən əməl etsəydin də, indi ölməsəydin olmazdımı?”
Indi yaşadığımız ölkənin eybəcər düzəni hər kəsin qonşuluğuna bir ilan soxmağa yönəlib. Amma məndən sizə məsləhət. Bu beş paranın küyünə gedib, özünüzü rəzil etməyin. Pislik heç kəsə yaxşı sonluq vəd etmir. Bunu gətirdiyim misallardan da anladınız yəqin…