Virtual ünsiyyətin ən səmərəli və aktual forması şəkil paylaşmaqdır. Şəkli paylaşmaq, maraq oyatmaq üçün öncə onu çəkmək, çəkdirmək gərəkdir. Şəkil çəkdirmək üçün harasa getmək, kiminləsə görüşmək, ən azı özünə “maya qoyub” gözəlləşmək, fərqli ortam tapmaq şərtdir.
Hər zamanın özünə xas kütləvi bəhsəbəsləri, “qonşudan qalma dala”ları olub, var. Eyni dəbli geyim, saç modelləri, maşınlar, istirahət məkanları, toy təşkili və s. Və sairlərin başında şəkil çəkdirmək durur. Məsələn, profildən şəkil çəkdirmək, şəhadət barmağını yanağına qoyub çəkdirmək. Kresloda əyləşib ayağını ayağının üstünə aşırmaq. Hamımızın evində böyüklərin belə şəkilləri var. Statik, dönmüş, ifadəsi ancaq gözlərdə olan şəkillər. Bəzən bir şəkil bir hekayə, film qədər dəyərli, təsirli olur, bəzən bir şəkil qorxudur, incidir, düşündürür. Bir şəklə bir ömür sığışa bilir. Bəzənsə bir şəkil adamın mahiyyətini açır, açdıqca da güldürür.
Rusdilli musiqiçi qohumumuz vardı, deyərdi: “Zeynəb Xanlarova – eta şkola”. “Vsyo!” Şkola, yəni məktəb. “Vsyo”, yəni bitdi, möhür! Fikrini belə izah edərdi; Zeynəb Xanlarova ilk olaraq səhnəyə hərəkət gətirdi, səhnə ilə tamaşaçı arasındakı məsafəni götürdü. Oxuya-oxuya oynadı, oynatdı.
Indiki foto “sessiya”lar da eynən buna bənzəyir: şəkillərə hərəkət gəlib. Dinamiklik artıb. Barmaq yanaqda təzə şəkillərə rast gəlmək mümkün deyil. Indi şəkildən kimsə əl edir, bir ayrısı göz vurur, biri buynuz göstərir. Kimsə geyinib şəkil çəkdirir, bir ayrısı soyunub. Tunelin sonu qaranlıq olsa da V-qələbə işarəli şəkillər də çoxalıb. “Qələbə”li şəkil çəkdirənlərin bəzisinin yolunu hökumət həbsxanalardan salıb, bəzilərini ölkədən uzaqlaşdırıb. Indi onlar Avropadan, demokratiyanın beşiyindən Azərbaycana şəkil göndərməklə məşğuldular.
Kim harda nə şəkil çəkdirirsə, bu, xatirə olmaqdan çox özünü öymək, görk olmaq üçündür. Təxminən belə: bax nələrim var, mən beləyəm, gör hardayam, kiminləyəm. Mən hara, sən, siz hara! Şəkil görmüşəm, elə çəkilib, adam yeddimərtəbəli binadan hündür görünür. Rast gəlsə fikir verin, Putinin fotoqrafı hərdən onun şəklinin elə rakursdan çəkir, 170 sm-lik adam 2 metr görünür. Şəkillə hərə bir cür manipulyasiya edir. Söhbət isə heç də fotoşopdan getmir. Harda gəldi, lap elə Ağ evin qarşısında qapı gözətləyənlərin fonunda əlini yelləyərək şəkil çəkdirmək uşaq işidir. O şəkli mediada paylaşmaqsa, görməmişlikdir. Belələri o düşərgədə də var, bu düşərgədə də. Düşərgəsizlərdə də. Keçmə yaltaq jurnalistlərin görməmişliyindən.
Aydın