“Mənə maraqlıdır, Ilham Əliyev niyə hələ də susur? Niyə hesab edir ki, baş verənlərin Azərbaycana aidiyyəti yoxdur?!” – AXCP sədri Əli Kərimli deyir.
Əlbəttə, Əli bəy sualının ritorik olduğunu bilir. Bilir ki, baş verənlərin Azərbaycana aidiyyəti var, Əliyevə yox. Bunun üçün gərək Əliyevin də Azərbaycana aidiyyəti ola. Partiya lideri müsahibəsinin sonunda özü bu sualı cavablandırır: “Azərbaycan hakimiyyəti bütün dünyada baş verənlərə o nöqteyi-nəzərdən baxır ki, baş verən hadisələr onun sülalə hakimiyyətinin taleyini təhdid edir, yoxsa yox”.
Fransa Senatının qəbul etdiyi qanun isə onun sülalə hakimiyyətini təhdid etmir. Əksinə. Bir az da möhkəmləndirir. Bəlkə baş verənlərin bu qədərcik dəxli var Əliyevə. Fransanın, daha doğrusu, 20-30 senatorun qəbul etdiyi qanunu sükutla qarşılamaqla erməni lobbisindən səs alaraq yenidən prezident seçiləcəyinə bel bağlayan Sarkozinin, dolayısıyla ermənilərin, sülalənin hakimiyyətdə qalmasına yardım edəcəyiniə ümid eləmək olar. Halbuki, bu ümid də, çox saya, dayanıqsızdı. Sarkozi həmin Sarkozidi ki, Qəzzafinin puluyla qüdrətlənib, son anda Qəzzafinin bir nömrəli düşməninə çevrildi.
Ilham Əliyevin nəinki bu hadisələri, hətta Azərbaycanda baş verənləri özünə aid hesab edib-etmədiyi belə, aydın deyil. Ancaq o, kim olur-olsun, adam onun yerinə bəzən istər-istəməz bir utanc keçirir.
…Sarkozi Qafqaza səfərə gəlir. Ermənistanda bir gün qonaq qalır, “soyqırım qurbanları abidəsi”nə əklil qoyur, “Artsax”ın müstəqillik arzularına xeyir-dua nitqi ilə çıxış edir, Azərbaycana isə… Medal gətirir. Haçansa afrikalılara cıncıq-muncuq paylayan qul alverçiləri kimi. Yoxsa bu boyda hörmətsizliyi, tərəfkeşliyi görmədimi bunlar? Yoxsa bir medal Qarabağdan da, Əliyev hakimiyyətinin avtoritarizminə, seçki saxtakarlığına göz yuman “qardaş” Ərdoğan hakimiyyətindən də, bütövlükdə Azərbaycanın tək dostu olan Türkiyə dövlətindən də maraqlı və üstün oldu? Bir medala bu boyda incə səbəblər qurban verilirmi? Xeyr, susqu bir medal üçün deyil, sadəcə, bu medal da sülalə hakimiyyətinin ömrünü uzadan bir ilmədi.
Təsəvvür eləyin: Əliyev, gecə-gündüz Qarabağdan danışan, “bunlar hakimiyyətə görə Qarabağı kimlərəsə vəd verirlər” deyib, rəqiblərini elin gözündən salmağa çalışan adam hələ kiçik bir medal qarşısında cəmi bir gün qabaq onun Qarabağını ermənilərə vəd edən şəxsə qucaq açır, ona qarabəxt Bakıda salınacaq Ağ şəhərin layihəsini göstərir, Fransız liseyinin təməlini üçlükdə atır. Sanki heç nə olmayıb. Sanki əziz qardaşı gəlib. Hətta bunları görən bir fransız senator, Natali Qule daha çox təəssüb çəkir, daha çox azərbaycanlı olur, nəinki Əliyev: “Bu yaxınlarda Nikola Sarkozi Cənubi Qafqaz ölkələrində səfərdə olmuşdu. Fransa prezidenti nədənsə bu ölkələrə eyni diqqəti göstərmədi. Ermənistanda bir gün qaldı və ”soyqırım qurbanları abidəsi”nə əklil qoydu, Azərbaycanda isə cəmi bir-iki saat qaldı və Şəhidlər Xiyabanına əklil qoymadı. Bu cür münasibət göstərmək Fransa diplomatiyası üçün başucalığı deyil”.
Xanım Əliyeva isə “erməni soyqırımı abidəsi”nə əklil qoyan o əllərdən medal qəbul eləyir, həyat yoldaşı, dövlət başçısı da Soçidə Qarabağla bağlı apardığı iş üçün Fransaya təşəkkür edir. Natali xanım bunu da deyir: “Bu qanun layihəsinin qəbulu hər şeydən əvvəl Türkiyə və qorxuram ki, həm də Azərbaycanla münasibətlərə ciddi zərbə vuracaq. Həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransaya olan etimadı sıfıra endirəcək”.
Eh, Natali xanım, Azərbaycan sarıdan qorxmayın, rahat olun. Axı Əliyev baş verənləri Azərbaycana aid hesab eləmir.

Natali xanım, Əliyev sarıdan rahat olun
•
•