Açığı, bu antiFransa isterikasının içərisində nəsə yazmağa çətinlik çəkirəm. Çox iyrənc mənzərə yaranıb Azərbaycanda: birdən-birə hamı başımıza söz, ifadə azadlığının müdafiəçisi kəsilib. Sanki “Istefa”, “Azadlıq” dediyinə, Ilham Əliyevdən fərqli düşündüyünə görə həbsxanaları ağzınacan dolu olan burası deyil. Sanki “Azadlıq” qışqırdığına görə 5 yaşlı qızcığazı polislərin küçədə sürüyüb maşina basdığı ölkə də bu ölkə deyil.
Iyrənirəm saytları tıklamağa. Qəzetləri açanda ürəyim qalxır: bir halda ki, söz azadlığının aşiqlərindən, ifadə özgürlüyünün vurğunlarından bu qədər boldur bu ölkə, niyə jurnalistlərin aclıq aksiyasına qoşulmağa, boş verin qoşulmağı, hətta baş çəkməyə adamı güc-bəla ilə tapırıq? Son vaxtlar isə ümumiyyətlə tapmırıq. Niyə?
Mənim üçün artıq belə isterik dövrlərin öz adı var: “Qənirə mövsümü”. Bu, Urmiya gölü quruyanda, Borçalıda hansısa kəndin adı dəyişdiriləndə, Rusiya Ermənistana silah satanda, hardasa “erməni soyqırımı” tanınanda vətənpərvərlik libasına bürünənlərin, özündən qəhrəman, demokrat düzəltməyə çalışanların mövsümüdür və Qənirə Paşayevanın şərəfinə adlandırılıb. Qənirəkimilər hüququ, ədaləti, demokratiyanı Azərbaycandan başqa bütün ölkələrdə axtarırlar. Onların başqa bir sevimli mövzusu da var: “Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq”. Oysa heç kim soruşmur belələrindən: Azərbaycanda həqiqətin yanında olmaya-olmaya Azərbaycan həqiqətini necə çatdıracaqsınız dünyaya?
Əli Həsənov niyə Fransanın daxili işlərinə qarışır?
Hələ bu harasıdır… Baxıram Şah Sarayının şöbə müdiri Əli Həsənov belə, Fransaya demokratiya dərsi keçməyə qalxıb, daha çox iyrənirəm. Düşünürəm, əcəba mənmi yanlış xatırlayıram, dünənəcən Qərbdən gələn hər demokratiya tələbi qarşısında “heç kim bizim daxili işlərimizə qarışa bilməz” deyə əsib-gurlayan adam deyilmi bu? Indi niyə özü Fransanın daxili işlərinə qarışır? Bəs biz deyəndə ki, demokratiya heç bir ölkənin daxili işi ola bilməz, onda niyə “bizim öz yolumuz var” deyə yeri-göyü inlədirdi bu və bunun kimilər? Indi bir fransız da çıxıb “bu da bizim öz yolumuzdur” desə nə cavab verəcəklər? Yoxsa nəhayət, anlaya biləcəklərmi demokratiyanın heç bir ölkənin daxili işi olmadığını? Heç olmasa, bundan sonra demokratiyanın ümumbəşəri dəyəri olduğunu başa düşəcəklərmi? Anlayacaqlarmı söhbət insan haqlarından, çağdaşlıqdan, uyğarlıqdan gedincə, heç kimin “öz yolu” olmadığını? Demokratiyanın, özgürlüyün bir yolunun olduğunu anlayacaqlarmı axır ki?
Çətin! Çünki birilərinin bu antiFransa isterikası demokratiyanın, söz azadlığının taleyindən narahatçılığa görə-filan deyil. Öz eybini gizlətmək, öz zibillərini xalça altına süpürmək, öz mahiyyətini malalamaq üçündür. Həbsxanaları fərqli fikir, alternativ düşüncə üzündən qandallanan insanlarla dolu olan bir rejimin heç bir yandaşının bu gün çıxıb başqasının başına ağıl qoymaq haqqı və lüksü yoxdur. Öncə evin içi, sonra çölü. Əks halda kənardan nə qədər çirkin göründüklərini, gülünc göründüklərini biri durub bunlara söyləməlidir. Ki, ayıblarına kor olub otursunlar.
“Demokratiya yoxdur” deyənlər qandallananda susmağın bədəli
Bir sözüm də Türkiyədədir.
Canımızsınız. Canımızın içisiniz.
200 il ruslarla qaynayıb-qarışdıq, sayələrində məktəblərə, universitetlərə, akademiyalara, filarmoniyaya, konservatoriyaya, kinoya, teatra qovuşduq. Amma üç il əvvəl “Zenit” UEFA çempionu olanda kimsənin nə tükü tərpəndi, nə qılı qımıldadı.
Di gəl 13 il əvvəl “Qalatasaray”ın UEFA çempionu olmasından söz düşəndə indi də gözümüz parlayır, qanımız coşur. Bu öz yerində.
Ancaq siz də Azərbaycanda “demokratiya yoxdur”, “hüquq yoxdur”, “ədalət yoxdur”, “azadlıq yoxdur” deyənləri bağrınıza basanda, seçki bitməmiş saxta qələbə münasibəti ilə təbrik edəndə bilməli idiniz ki, bir gün dünyanın harasındasa “genosid yoxdur” deyənləri də həbs edə bilərlər.
Bilməli idiniz… Bilməli idiniz… Bilməli idiniz…

Qənirə mövsümü
•
•