İbrahimbəyov Fransa medalından imtina etdi

Tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov bəyanat verərək Fransadan aldığı “İncəsənət” ordenindən imtina edib və Azərbaycan-Fransa Mədəni Əlaqələr Cəmiyyətinin prezidenti vəzifəsini tərk edib.
İbrahimbəyov bu addımını Fransa Senatında saxta erməni soyqırımı ilə bağlı məlum qanunun qəbul olunmasına görə atdığını bildirir (“Turan”).

“23 yanvar 2012-ci ildə Fransanı, onun böyük demokratik ənənələrini sevən hər kəs üçün təəccüb və məyusluq doğuran hadisə baş verdi. Bu ölkə vətəndaşlarının əsrlər boyu yaratdığı, bütün bəşəriyyətin mənəvi təşəkkülünə təsir etmiş dəyərlər sistemi dağılır. Demokratik dünya görüşünün əsasında duran, minlərlə fransızın uğrunda həyatını fəda etdiyi Azadlıq, Bərabərlik, Qardaşlıq anlayışları Fransa Parlamentinin “erməni soyqırımının” inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qərarı ilə sual altına alınıb. Həm də 1915-ci ildə Birinci Dünya Müharibəsi zamanı baş vermiş faciəvi hadisələrdən dünya ictimaiyyəti fərqli şəkillərdə bəhs edir və beynəlxalq səviyyəli müvafiq məhkəmə qərarları yoxdur.
Ölkənin demokratik imici qarşısında əhəmiyyəti çox cüzi olan konyuktur düşüncələr, seçki mənfəəti naminə fransızlar elementar ifadə azadlığı hüququndan məhrum edilir. Bu qanunu millətlərarası münasibətlər təcrübəsində təhlükəli presedent yaradan milli fobiyanın təzahürü kimi qiymətləndirənlərlə razılaşmamaq da çətindir.
Yeni qanunun Türkiyə əleyhinə yönəldiyi göz önündədir. Lakin onun əsirləri, faktiki olaraq, bütün türk dünyasının nümayəndələridir və mən bir Azərbaycan vətəndaşı olaraq bildirirəm ki, yaranmış vəziyyətdə Fransanın İncəsənət və Ədəbiyyat Ordenindən imtina etməyə bilmərəm. Mən eyni zamanda Azərbaycan-Fransa Mədəni Əlaqələr Cəmiyyətinin prezidenti qismində fəaliyyətimə son qoyuram.
İnanmaq istərdim ki, Fransa Konstitusiya Məhkəməsinin parlamentin bu qədər etiraz və diskussiyalara səbəb olmuş qərara yanaşmasında sağlam düşüncə üstünlük təşkil edəcək və əsas insan hüquq və azadlıqlarını kobud şəkildə pozan qanun qüvvəyə minməyəcək”.