Ağstafada dəhşətli qətl – 6 yaşlı oğlunu döyüb öldürdü

agstafa ushaq qetl

Ağstafada qətl hadisəsi baş verib. Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Pərvanəyev Famil 6 yaşlı oğlu Şəmistanı qətlə yetirib.

Ağstafa Rayon Polis Idarəsindən anspress.com-a verilən məlumata görə, Qazax rayonunun Şəhidlər Xiyabanı küçəsindəki evlərdən birində qeydiyyatda olan 1979-cu il təvəllüdlü Famil Pərvanəyev oğlu 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyevi ağacla döyməyə başlayıb. Familin oğluna ağacla vurduğu zərbələrdən biri onun başına dəyib və 6 yaşlı Şəmsəddin hadisə yerində dünyasını dəyişib. Həkimlər əraziyə gəldikdə uşaq dünyasını dəyişmiş olub. Hadisəni törədən şəxs artıq tutularaq istintaqa təhvil verilib.

Qırılı kənd icra nümayəndəsi Elxan Qurbanovun bildirdiyinə görə, Famil Pərvanəyevin Qazax rayonunda ailəsi və övladları olub: “O, daha sonra Qırılıya gələrək Şəmsəddinin anası ilə ailə qurub. Onların iki övladı vardı. Famil bir müddət ikinci həyat yoldaşını da Qazaxa apardı və orada yaşadılar. Ancaq daha sonra Bakıya gedərək bir müddət də orada qaldılar. Yaxın günlərdə isə kəndə qayıtmışdılar. Mənim bildiyimə görə, hadisə ehtiyatsızlıqdan baş verib. Ancaq daha dəqiqini prokurorluq araşdırır”.

Azyaşlının anası Jalə Musayeva bildirib ki, Şəmsəddin bacısı Sevgi ilə oynayarkən onunla dalaşıb. Atası isə uşağı bu əməlinə görə böyük bir odun parçası ilə döyməyə başlayıb: “Famil uşağı döyərkən onun əlindən alıb evə apardıq. Əsəbi soyumayan Famil onun dalınca gələrək başından vurdu. Uşağın başı stula dəydi və xəsarət aldı. Nə qədər köməklik göstərsək də, onun həyatını xilas etmək mümkün olmadı. Famil hətta Şəmsəddin öləndən sonra da kəndir axtarırdı ki, uşağın meyitini çarpayıya bağlayıb yenə döysün. Ancaq biz ona imkan vermədik”.

Kənd sakinləri isə Famil Pərvanəyevin əvvəllər məhkum olunduğunu, həyat yoldaşının ondan boşanmaq istədiyini, lakin Familin qadını boşanacağı halda öldürəcəyi ilə təhdid etdiyini bildiriblər. O, mütəmadi olaraq həyat yoldaşını da döyürmüş.

Teleqraf.com-un məlumatına görə, istintaqa ifadə verən Famil Pərvanəyev oğlunu qətlə yetirdiyi üçün peşman olduğunu deyib. O, hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib. Famil Pərvanəyev bildirib ki, bir müddət əvvəl kənd sakini Jalə Musayeva ilə ailə həyatı qurub. Onun sözlərinə görə, Jalə Musayeva ilə rəsmi nikaha girməyib. O, qeyd edib ki, Jalə ilə qeyri-rəsmi yaşadığı müddətdə Şəmsəddin adlı oğlanları olub: “Hadisə baş verən günü evə gəlmişdim. Şəmsəddin dəcəllik edirdi. Bir neçə dəfə onun sakit olmasını istədim. Amma Şəmsəddin sakit olmurdu. Buna görə də ağacla Şəmsəddini vurmağa başladım. Əsəbi olduğum üçün özümdə deyildim. Buna görə də ağacın Şəmsəddinin başına dəyməsini bilməmişəm”. Famil Pərvanəyev daha sonra qeyd edib ki, paytaxtda fərdi əməklə məşğul olub. Onun sözlərinə görə, bu səbəbdən kəndə ancaq bayramdan-bayrama gəlib: “Birinci ailəm kənddə yaşayıb. Bakıda olduğum vaxt Qazax rayonundan bir qızla tanış oldum və onunla ailə qurdum. Həmin qızın Qazaxda yaşayan ailəsigilə də getmişəm”. Famil Pərvanəyev törətdiyi əməldən peşiman olduğunu bildirib. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri davam edir.