“Sərhədsiz Repotyorlar” Azərbaycan rəhbərini Lukaşenko ilə eyniləşdirdi
Azərbaycan media azadlığı indeksində Afrika ölkələrindən də geridədir
Yanvarın 25-də «Sərhədsiz Reportyorlar» təşkilatı illik Mətbuat Azadlığı indeksini açıqlayıb. Azərbaycan 179 ölkə arasında 162-ci yerdə qərar tutub. Ölkə ötən illə müqayisədə 10 pillə geriləyib.
Qurumun yaydığı məlumatda deyilir ki, 2011-ci ildə dünyada mətbuat azadlığı ilə bağlı bəzi dəyişikliklər olub. Təşkilat bu sırada ərəb baharının rolunu xatırladır: «Ərəb ölkələrində baş verən proseslər avtoritar ölkələrin mətbuatla davranışına təsir edib».
Ayrı-ayrı ölkələrdə medianın durumunu təhlil edən təşkilat Azərbaycanla bağlı yazır: «İlham Əliyevin despotik rejimi tərəddüd etmədən vətəndaşları həbsə atır. Bu ölkədə həbs olunanların sayında dramatik artım var, müxalifyönlü jurnalistlər oğurlanır, xarici media təmsilçilərinin fəaliyyətinə əngəllər törədilir. Bütün bunlar ölkədə etirazları boğmaq üçündür”.
«Sərhədsiz Reportyorlar» bildirir ki, demokratiya tələbi ilə keçirilən etirazların qarşısı zorakılıqla alınandan sonra Azərbaycan Mətbuat Azadlığı indeksində geriləyib. Belarusla Azərbaycanı eyni bölümdə təhlil edən təşkilat «Belarus və Azərbaycan prezidentləri Alexander Lukashenko və İlham Əliyev hər ikisi mətbuat azadlığının qənimidir» deyə qeyd edir.
Hesabatda yazılır: «Belarusda 100-dən çox jurnalist və bloqçu tutulub, Azərbaycan da eyni üsuldan istifadə edib və sosial şəbəkələrdə söz və ifadə azadlığından istifadə edən bloqçuları həbsxanaya atıb».
Mətbuat Azadlığı cədvəlində Azərbaycanın qonşuları İran istisna olmaqla digərləri ondan yuxarı pillədə qərar tutub: Məsələn, Rusiya 142, Ermənistan 77, Gürcüstan 105, Türkiyə 148-ci yerdədir.
Ötən ildə Qırğızıstanda mətbuat azadlığı sahəsində vəziyyət yaxşılaşdığından ölkə təxminən 10 pillə yuxarı qalxıb və 109-cu yerdə qərarlaşıb.
Siyahıya Finlandiya rəhbərlik edir, ən sonuncu pilləni isə Eritreya tutur. Keçmiş SSRİ respublikası olan Estoniya isə 3-cü yerdədir.