Təqsirləndirilən şəxslərin valideynləri hökmün ədalətsiz olduğunu deyir
İlhamə Mədətova: «Beş ailəni ağlar qoydular, halbuki, onu öldürənlər həkimlər idi»
Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsilə bağlı məhkəmə prosesi başa çatdı. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistin ölümündə təqsirləndirilən beş nəfərə hökm oxunub. Təqsirləndirilən şəxslərdən Elşən Ismayılov 13 il, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Samir Mustafayev və Kənan Mədətovun hər biri 9 il azadlıqdan məhrum edilib.
Mərhum jurnalistin atası Məmmədəli Əliyevin “Azadlıq” radiosuna açıqlamasında hökmə münasibəti belə olub: “Bizdən olsa, daha ağır cəza almalarını istərdik, amma görünür, qanun, onlara verilən maddə belə deyir.
Hesab edirəm ki, o beş nəfərin hamısı məsələni əvvəlcədən biliblər və gedib döyüblər. Aydın məsələdir ki, hər valideyn övladını müdafiə edir, çalışır, onun günahsızlığını sübut eləsin. Amma mən belə fikirləşmirəm, onların beşi də cinayətdə iştirak edib və cəzalarını da almalıdılar. Arada insan ölümü var, cəzasız qala bilməz”.
Məmmədəli Əliyev onu da bildirib ki, hökmdən apellyasiya şikayəti verib-verməmək barədə hələlik qəti qərarları yoxdur.
Təqsirləndirilən şəxslərin yaxınları isə hökmün ədalətsiz olduğunu düşünür.
Samir Mustafayevin qardaşı Seymur Mustafayev deyir ki, Samir mərhum curnalistə bir çırtma da vurmayıb, əksinə, əl verib onu yerdən qaldırıb. Amma məhkəmə heç bir cinayət törətmədiyi halda, ona ağır cəza verdi: “Qardaşım heç bir günahı olmadığı halda, 9 il cəza alırsa, mən belə dövlətdə yaşamaq istəmirəm. Mən özüm erməni ilə üzbəüzdə döyüşmüşəm. Budurmu vətəndaşa verilən qiymət?”
Kənan Mədətovun anası Ilhamə Mədətova isə bildirib ki, Rasim Əliyevin ölümündə ciddi rol oynamış həkimlər məsuliyyətdən kənarda saxlanıldığı halda, günahsız adamlara ağır cəza verildi: “Inanmazdım ki, bu 50 ildə bu qədər ədalətsiz ölkədə yaşayırammış. Ölən adama barmağı ilə toxunmayan adama 9 il həbs vermək ədalətsizlikdir. Hətta mən belə dövlətdə yaşamaqdan imtina etmək istəyirəm. Əgər prezidentin nəzarətində olan bir işdə bu qədər ədalətsizliyə yol verilirsə, bu dövlətin nəyində yaşayasan?!
Beş ailəni ağlar qoydular, halbuki, onu öldürənlər həkimlər idi. Anası özü də məhkəmədə ifadəsində dedi ki, oğlunun bədənində əməliyyat yeri görməyib…”
Camal Məmmədovun atası hökmdən apellyasiya şikayəti verəcəklərini bildirib.
Xatırladaq ki, Rasim Əliyev “facebook”da “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov barədə status yazandan sonra onunla futbolçunun bibisi oğlu Elşən Ismayılov arasında mübahisə yaranıb. Jurnalist avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə saat 5 radələrində 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu iş üzrə yuxarıda adları çəkilən beş nəfərlə yanaşı, Cavid Hüseynov da həbs olunub. Lakin istintaqın sonunda onun barəsindəki cinayət işi ayrılıb. Cavid Hüseynov CM-nin 307-ci (cinayəti bilib xəbər verməmə) maddəsilə ittiham olunur. Onun işi üzrə məhkəmə prosesi davam edir.
Aytən