İctimai Palatanın səfirlik önündə aksiyası zorakılıqlara baxmayaraq baş tutdu
Yüzlərlə gənc Ictimai Palatanın çağırışına qoşularaq Fransaya etiraz etdi
Ictimai Palatanın verdiyi qərar əsasında dünən Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirildi. Aksiyanın aparıcı qüvvəsi gənclər idi. IP-dəki gənclərə bir sıra müstəqil gənclər təşkilatlarının fəalları da qatılmışdı.
Hamıya olar, Ictimai Palataya yox?!
Aksiya saat 13-ə Fransa səfirliyi önünə təyin olunmuşdu. Saat 12-30- dan artıq gənclər səfirliyin yaxınlığında – “Malakan” bağında toplaşırdılar. Ərazidəki 50-dən artıq polis və bir o qədər də mülki geyimli polis nəfərləri toplaşmaya heç bir maneçilik yaratmırdılar. Hər kəsdə bir ümid vardı ki, başqalarının səfirlik önündə keçirdiyi aksiya kimi Ictimai Palatanın bu aksiyasına da loyal münasibət sərgilənəcək.
Saat 12-00 da gənclər kalonla parkdan yürüşə start verdilər. Onlar əllərində “Türk türkə dəstəkdir”, “Ifadə azadlığı kutsaldır” kimi plakatlar, Türkiyənin və Azərbaycanın bayraqlarını tutmuşdular. Yürüşün şüarları “Azərbaycan – Türkiyə”. “Azərbaycan oyaqdır, Türkiyəyə dayaqdır” idi.
Kompromis
Yürüş parkın çıxışına qədər dinc davam etdi, amma həmin hissədə polislər çoxqatlı canlı sipər yaradaraq yürüşün önünü kəsdi. Bu zaman polislə qarşıdurma yarandı. Qısa itələşmədən sonra polis tələbləri parkda səsləndirməyə icazə verdi.
“Girovluqdan qurtulun!”
Bu zaman AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı aksiyaçılar önündə qısa çıxışa başladı. O dedi ki, polisin Türkiyəyə dəstəyi ifadə etməyə imkan verməməsi hakimiyyətin Ictimai Palataya qarşı qərəzinin göstəricisidir. Ə.Qurbanlı dedi ki, IP hakimiyyətin nə düşünməsindən asılı olmayaraq ilk andan Türkiyəyə dəstək olub və bu dəstək davam edəcək. Onun sözlərinə görə, Azərbaycan xalqının əksər çoxluğunun “inkar” qanuni ilə bağlı mövqeyi IP-in mövqeyi ilə üst-üstə düşür. Natiq bu cür ictimai mövqeyi ifadə etmədiyinə görə Azərbaycan hakimiyyətini, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətini kəskin tənqid etdi, onları “bir medalın girovluğunda” qalmağa görə suçladı.
Əbülfəz Qurbanlı Fransanı da “inkar” qanuna görə qınadı. O dedi ki, bəşəriyyətə insan hüquq və azadlıqları haqqında bəyannamə kimi mühüm dəyəri bəxş edən ölkənin indi ifadə azadlığını məhdudlaşdıran qərar qəbul etməsi başadüşülməzdir. O, Fransanın Türkiyəyə qarşı ədalətsizlik etdiyini bildirdi.
Müsavat partiyasının Gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı, VHP gənclər təşkilatının sədri Samir Əsədli də IP-nin Fransa və Azərbaycan hakimiyyətinə qarşı yönələn bəyanatı ətrafında çıxış etdilər, onlar iqtidarı təsirli addımlar atmağa səslədilər.
Polisin fransız təəssübkeşliyi
Çıxışlar bitəndən sonra Əbülfəz Qurbanlı polisin sipərinə baxmayaraq, gəncləri səfirlik önünə yürüşə səslədi. Gənclər irəlilədikdə polis aqressiyaya əl atdı. Onlar etirazçıları vurur, itələyir ən müxtəlif formada kobudluğa əl atırdılar. Polislə gənclərin qarşıdurması 20 dəqiqəyədək davam etdi. Bu zaman gənclər daha ucadan şüarlarını səsləndirdilər. Bu şüarlarda Azərbaycan hakimiyyətinin antiTürkiyə mövqeyi də qınanırdı.
Qarşıdurmanın davam etdiyi zaman gənclərdən bir dəstəsi polisin diqqətindən yayınıb yandan sipəri aşa bildi. Onlar “Türkiyə” şüarları ilə səfirliyə yaxınlaşanda polis yenidən aksiyaçıları önlədi.
Davamı var…
Polisin çaşqınlığından istifadə edən aksiyaçılar bağdan çıxıb ətraf küçələrə doluşdular. Onların Türkiyəyə dəstək şüarları ətrafdakı insanları da təsirləndirmişdi. Yoldan ötən insanlar da aksiyaya qoşulurdular.
Daha sonra aksiyaçılar “Malakan” bağının əks tərəfinə doğru şüarlarla yürüş etdilər. Burda növbəti çıxışlar oldu. Çıxışlarda hakimiyyətin mövqeyi növbəti dəfə pisləndi, aksiyaların davamlı olacağı bəyan edildi.
Natiq Güləhmədoğlu