“Bunlar yeyib, doyub” deyənlər haradadırlar?

akarimli-2014SOCAR Monteneqroda kurort tikintisinə 200 milyon avrodan artıq investisiya yatırıb. Kurort tikintisinin başa çatması üçün daha 300 milyon avro da xərclənməlidir. Həm də bu pulları SOCAR fiziki şəxs adından yatırıb.

Neftin qiymətinin düşməsi neft nəhənglərini də ciddi qənaət rejiminə keçməyə məcbur edib. BP xərclərini azaltmaq uçun 3-5 milyard dollar dəyərində olan aktivlərini satır. Shell Kanadadakı neft yataqlarında yeni layihələrini dayandırır. Exxon Mobil isə sərmayə qoyuluşunu 25% azaldıb. 8 milyard dollar xarici borcun içində boğulan SOCAR nə edir?

Bir tərəfdən pul yoxdur bəhanəsilə minlərlə işçisini işdən çıxarır, o biri tərəfdən isə heç nə olmamış kimi israfçılıq və korrupsiyanı davam etdirir. Şirkət bir gün vitse-prezidentinin tikdirdiyi villanın yalnız mərmər işlərinin qiymətinin 1.5 milyon dollar olması ilə, başqa gün Beynəlxalq Cüdo Federasiyasına sponsorluq etməsilə, indi də xaricdə müəmmalı yatırımları ilə gündəmə gəlib. Bunlar bu ölkədə xalqı azacıq saysaydılar, gündə 1-2 nəfərin intihar etdiyi ağır böhran dövründə cəsarət edib, SOCAR- ın (deməli dövlətin) yarım milyard avro pulunu, üstəlik də öz adlarından, xaricdə kurort biznesinə yatıra bilərdilərmi?

Təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəblərdən xaric edilən 17 min nəfər gənc, yarıac vəziyyətdə dolanan 100 minlərlə ailə bu xalqın övladı deyilmi? Bu adamların niyə gözləri bu qədər ac, ürəkləri bu qədər daşdır? “Bunlar yeyib, doyub” deyənlər haradadırlar?