Tofiq Yaqublu: «Qərbin və beynəlxalq qurumların Azərbaycan hakimiyyətinə qarşı sanksiyalarının tərəfdarıyam»
Təxminən üç illik həbsdən sonra bu yaxınlarda azadlığa buraxılan vicdan məhbusu, Müsavat başqanının müavini Tofiq Yaqublu dünən partiyanın qərargahında mətbuat konfransı keçirib. Media nümayəndələrilə yanaşı, bir sıra aparıcı dövlətlərin səfirlik nümayəndələri, eləcə də keçmiş siyasi məhbuslar və hazırkı siyasi məhbusların ailə üzvlərinin də qatıldığı tədbirin aparıcısı “Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansının təmsilçisi Oqtay Gülalıyev idi.
Tofiq Yaqublu ölkədə siyasi məhbus problemindən danışaraq, Azərbaycan hakimiyyətinin repressiv siyasətini kəskin tənqid edib. O, Əliyev hakimiyyətinin qorxaq olduğunu, bu səbəbdən müxalifətçilərə qarşı repressiya maşınını işə saldığını vurğulayıb.
Tofiq Yaqublu bəyan edib ki, Azərbaycanda siyasi məhbuslar probleminin arxasında şəxsən prezident Ilham Əliyev durur. Onun sözlərinə görə, Ilham Əliyev siyasi həbsləri şəxsən özü sanksiyalaşdırır. Həmin məhbusların azad edilməsi barədə qərarları da şəxsən özü qəbul edir.
Müsavat başqanının müavini qeyd edib ki, son əfv fərmanı ilə 14 siyasi məhbus azad olunsa da, bu problem həllini tapmayıb. Çünki bu gün Azərbaycandakı həbsxanalarda hələ də onlarla siyasi məhbus qalmaqdadır.
Tofiq Yaqublu həbsdən çıxdıqdan sonra tanınmış hüquq müdafiəçisi, bir müdət əvvəl həbsdən azad olunmuş Leyla Yunusu ziyarət etdiyini, onun səhhətinin ağır olduğunu, amma hakimiyyətin onu müalicə olunmaq üçün xaricə buraxmadığını qeyd edərək, bu cür addımların səbəbini anlamaqda çətinlik çəkdiyini deyib.
Tofiq Yaqublu eyni zamanda, özünün necə şərlənib mühakimə olunduğunu da detalları ilə danışıb. Qeyd edib ki, 2012-ci il yanvarın 24-də Ismayıllıya orada bir gün əvvəl baş vermiş xalq etirazları barədə məlumat toplamaq üçün gedib. Amma Ismayıllıya çatdıqdan bir neçə dəqiqə sonra polis şöbəsinə aparılıb. Orada onun kimliyi müəyyən edilib və ona rayonu tərk etmək göstərişi verilib. Polis maşınlarının müşayiəti ilə rayondan çıxarılan və bundan sonra da Bakıya çatana qədər izlənilən Tofiq Yaqublu bir həftə sonra prokurorluğa çağırılıb və şərlənərək həbs edilib.
Yanvarın 24-də Ismayıllıda hər hansı toqquşma, iğtişaş olmadığı halda, Tofiq Yaqublu və “REAL” hərəkatının sədri Ilqar Məmmədov iğtişaşların təşkilində günahlandırılaraq həbs ediliblər: “2014-cü ilin iyununda AŞPA-nın sessiyasında Ilqar Məmmədovun işi ilə bağlı sualın cavabında Ilham Əliyev deyib ki, Azərbaycan Avropa Məhkəməsi hüquqi sisteminə daxildir. Ilqar Məmmədovun azad edilməsi barədə qərar olarsa, o, yerinə yetiriləcək. Strasburq məhkəməsinin Böyük Palatası Ilqar Məmmədovun azad edilməsi barədə məhkəmənin qərarını qüvvədə saxladığı vaxtdan AŞ Nazirlər Komitəsi dəfələrlə bu qərarın icrasına çağırsa da, o, hələ də həbsdədir”.
Məhkəmədə üzə duran bütün şahidlərin ifadələrinin saxta olduğunu və bunun ifşa edildiyini deyən Tofiq Yaqublu, buna rəğmən, məhkəmənin onların barəsində sifarişlə ittiham hökmü çıxardığını vurğulayıb.
Tofiq Yaqublu eyni zamanda, fərqli fikirlərə baxmayaraq, Qərbin və beynəlxalq qurumların Azərbaycandakı repressiyalar, insan haqlarının pozulmasına görə hakimiyyətə qarşı sanksiyalar tətbiq etməsinə tərəfdar olduğunu bildirib.
Sonda Tofiq Yaqublu jurnalistlərin suallarını cavablandırıb. Müsavat başqanının müavini həm siyasi məhbusların azadlığa çıxması, həm də müxalifətin birgə mübarizəsinin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
Həmçinin, onun hüquqlarının müdafiəsində iştirakçı olmuş hər kəsə təşəkkürünü çatdırıb.
Təzəxan Mirələmli