Azərbaycanın Yekaterinburqdakı konsulluğunun nümayəndələri də hadisə yerinə gəlib
Rusiyanın Yekaterinburq şəhərində 200 nəfərə yaxın azərbaycanlının saxlanılması ilə bağlı yeni təfərrüatlar məlum olub, Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən “Qulyaki” kafesində sözün həqiqi mənasında kriminal “sxodka” keçirilirmiş. Söhbət ondan gedir ki, tanımış azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski Ural regionuna “nəzarətçi” kimi öz adamını Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyib. Dünən isə Ağayarın ad günü imiş. Ağayev ad günün təntənəli keçirmək üçün Bakıdan belə qonaqlar dəvət edib. Bu sırada Ehtiram və İntiqam Rüstəmov qardaşları, Aqşin, Nicat Mənalı kimi meyxanaçılar, habelə “Oqni Baku” qrupu da dəvətli olub. Saxlanılar arasında onlar da var.
Saxlanılanların bir qrupunun adı sizlərə heç nə deməsə də, amma tutduqları mövqe olduqca ilgincdir. Onların arasında olan Zaur Həsənov, Əhliman Əliyev adlı şəxslər Rusiya Dumasının sədr müavini və Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovsiknin necə deyərlər, pul yığanları imiş. Söhbət ondan gedir ki, bu şəxslər Yekaterinburqdakı əksər meyvə-tərəvəz bazalarından, ora girən yük maşınlarından haqq alırlar. Həmyerlilərimiz bir növ briqadir rolunu yerinə yetirirlər. Bu pullar isə Jirinovskinin adıgedən şəhərdəki nümayəndəsi İvan Obuxova çatırmış.
***
12:25
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara məxsus restoranda azərbaycanlı iş adamının 50 illik yubileyi münasibətilə təşkil olunan tədbirə yerli polis xüsusi təyinatlıları tərəfindən basqın edilib.
Hadisənin iştirakçılarından olan iş adamı Mehman Ağamuradov APA-ya bildirib ki, hadisə martın 30-da saat 21:00 radələrində baş verib. Polis aralarında qadın və uşaq da olmaqla, 100-ə yaxın azərbaycanlını saxlayıb. Onların arasında Azərbaycandan dəvət edilmiş tanınmış meyxanaçılar Ehtiram və İntiqam Rüstəmov qardaşları da olub.
M. Ağamuradov deyib ki, şəhərdə yaşayan azərbaycanlıların – təxminən 160 nəfərin iştirak etdiyi məclis Ağayar Ağayev adlı iş adamının yubileyinə həsr olunub: “Hər hansı problem və ya narahatlıq yox idi. Məclisin ortasında qəflətən pəncərədən və qapıdan xüsusi təyinatlılar bizə hücum etdilər. Hər tərəfi dağıdıb, qadın-uşaq qarışıq, əllərimizi bağlayaraq yerə yıxdılar. 100-ə yaxın azərbaycanlını, mən də daxil olmaqla, polis idarəsinə apardılar. Səhərədək saxlayıb, sonra sərbəst buraxdılar. Heç bir səbəb də göstərmədilər. Sadəcə, saxlanılanları səhərə qədər beş-beş, on-on sərbəst buraxaraq dedilər ki, gedə bilərsiniz. İndiyə qədər belə bir şey olmamışdı”.
Qeyd edək ki, hadisə barədə Rusiyanın xəbər agentlikləri də məlumat yayıb. Lakin bu məlumatlarda polisin kriminal avtoritetlərin yığıncağına müdaxilə etdiyi iddia olunur. Xüsusi əməliyyata Federal Təhlükəsizik Xidmətinin əməkdaşları da cəlb edilib. Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildiriblər ki, əməliyyat zamanı hadisə yerində narkotikə oxşayan maddə, habelə bıçaq və dəyənək aşkarlanıb.
**
10:48
Rusiyanın Yekaterinburq şəhərində 200 nəfərə yaxın azərbaycanlının saxlanılması ilə bağlı bəzi təfərrüatlar məlum olub. Lent.az-ın Rusiyanın yerli KİV-ə istinadən məlumatına görə, Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən kafedə Ağayar adlı kriminal avtoritetin ad günü keçiriləcəkmiş. Həmin gün həm də Ağayarın taclandırma mərasimi baş tutmalıydı. Ona “qanuni oğru” adı veriləcəkmiş. Ad gününə isə regionun kriminal avtoritetləri yığışıbmış. Bu sırada Perveuralskdan gəlmiş Əli adlı “qanuni oğru” , Vaqif (Kamışlovo), “Yuqra Cavanşir” və digər avtoritetlərin adı çəkilir.
Onu da qeyd edək ki, hadisə yerinə Azərbaycanın Yekaterinburqdakı konsulluğunun nümayəndələri də gəlib. Amma konsulluq işçilərinə bildirilib ki, saxlanılanların əl izləri götürüləcək. Bu və ya digər cinayətdə iştirakçı olmadıqları təqdirdə sərbəst buraxılacaqlar.
***
Rusiyanın Yekaterinburq şəhərində 200 nəfərə yaxın azərbaycanlı saxlanılıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə şəhərin Kosmonavtlar prospektindəki kafedə baş verib.
Məlumata görə, kafedə Ağayar adlı kriminal avtoritetin ad günü keçirlirmiş. Ad günü başlayandan bir qədər sonra polis kafeni mühasirəyə alıb. Nəticədə 200-ə yaxın azərbaycanlı saxlanılıb. Onların bir çoxunun üzərindən bıçaq, beysbol ağacı, narkotik maddələr çıxıb.
Polisin ilkin qənaətinə görə, kafedə hansısa kriminal “razborka” aparılacaqmış.