Onu Türk hökmdarı idarə edirdi
Azərbaycan ərazisində yaranmış ilk dövlətlərdən biri Aratta olmuşdur. Aratta dövlət qurumu e.ə. III minillikdə Urmiya gölünün cənub-şərqində meydana gəlmişdir. Bu ölkəni “en” və yaxud “ensi” adlanan türk mənşəli hökmdar idarə edirdi.
Arattanın ərazisi Urmiya gölünün cənub və cənub-şərq ərazilərini əhatə edirdi. Diyala çayının yuxarı axarı və müasir Zəncan-Qəzvin ərazisi Arattanın aşağı sərhəddini təşkil edirdi. Aratta dövləti Ikiçayarası (Mesopotamiya) şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi.
Aratta dövləti ilə əlaqədar hadisələr və məlumatlar bir neçə şumer dastanında əks olunmuşdur. Onlar En-Merkar və Aratta hökmdarı En-Merkar və En-Sukuşsiranna En-Merkar və Luqalbanda Luqalbanda və Hurrum dağı dastanlarıdır.
Arattanın coğrafi mövqeyi və yerləşdiyi ərazi haqqında müxtəlif fərziyyə və mülahizələr irəli sürülüb. Erməni tarixçiləri XIX əsrdən başlayaraq Aratta sözünü Ayrarat (Ayrorat, daha dəqiqi Ararat) kimi təhrif edərək Ağrı dağı ətrafında (Şərqi Anadoluda) lokalizə etməyə çalışmış və Aratta dövlətinin ən qədim erməni dövləti olduğunu qeyd etmişlər (hər nə qədər ermənilərin (ərmənlər) və ermən tarixinin haylarla yaxından-uzaqdan əlaqəsi olmasa da). Lakin Arattanı təsvir edən qədim qaynaqlardakı təbii-coğrafi şərait və faydalı qazıntı yataqlarının heç biri Şərqi Anadoluda olmadığından ermənilərin bu əsassız iddialarının tarixi saxtalaşdırmaq cəhdindən başqa bir şey olmadığı və heç bir elmi mənbəyə əsaslanmadığı üzə çıxır. Şumer dastanları qiymətli lacivərd daşının Arattadan gətirildiyini qeyd edirlər. Məhz bununla əlaqədar tədqiqatçılar Arattanı lacivərd yataqları olan əraziyə şamil edirlər.
Məlumdur ki, müasir dövrdə Cənubi Amerikada, Baykal yaxınlığında, Bədəxşanda (Əfqanıstan) və Pamirdə lacivərd yataqları var. Buna uyğun olaraq bəzi tədqiqatçılar Arattanı Bədəxşanda lacivərd yatqlarına yaxın bir ərazidə, digərləri isə Şərqin Qərbə gələn yolları yaxınlığında, Xəzərin cənub və cənub-şərqində, Xəzər ilə Urmiya gölü arasında, Iranın Kirman əyalətində, Diyala çayının yuxarı axarında Sənəndəc və Kirmanşah dairəsində axtarırdılar. Əslində isə Sənəndəc və Kirmanşah Aratta dövlətinin cənub sərhədlərini təşkil edirdi. Buradan Şimala doğru isə qədim Azərbaycan torpaqları başlayır. Arattanın uzaq Əfqanıstanda və oradan Qərbə doğru uzanan yollar üzərində yerləşdirilməsi qaynaqların məlumatına qətiyyən uyğun gəlmir. Dastanlardan göründüyü kimi Aratta dağlıq ölkə idi, burada lacivərdi əhali özü hasil edirdi. Şumer qasidi bir neçə dəfə bura gəlib qayıdır, Aratta hökmdarı Şumeri işğal etməyə cəhd göstərir və hətta Şumer hökmdarı En-Merkar (əslində “en” rütbədir ad isə “Merkar”dır) buraya səfərə çıxır. Aratta ustaları Şumerə çağırılır, əhalisi isə Şumerlə mal mübadiləsi aparır. Bu mülahizələrin özü də Arattanın Şumerdən uzaqda yerləşməsi fikrini təkzib edir.
Beləliklə, Şumer qaynaqlarında yad edilən Aratta, eyni adı saxlamış Aratta çayı və Alateye vilayəti Güney Azərbaycanda Urmiya gölünün cənub və cənub-şərq ərazilərinə aid toponimlərdir. Arattanın sərhədləri cənub-şərqdə Zəncana, cənub-qərbdə isə Zəribər gölünə (Sənəndəcin şimalı) kimi çatırmış. Aratta qədim Azərbaycan ərazisinə verilən ilk məlum addır.
Şumer-Aratta əlaqələri
Şumer-Aratta əlaqələri “En-Merkar və Aratta hökmdarı” dastanında nisbətən geniş əks olunmuşdur. En-Merkar Aratta hökmdarına qasidlə xəbər göndərir ki, o, Şumerə tabe olsun və məbəd tikintisi üçün material göndərsin. Əvəzində En-Merkar Arattaya taxıl göndərəcəyini vəd edir. Aratta hökmdarı Şumerə tabe olmaq tələbinə qarşı qasidə belə cavab verir: “Mən ali kahinəm, təmiz əl (ilahə Inanna) tərəfindən təyin olunmuşam… Xoş sifət Inanna həqiqətən məni Arattaya, ”saf ənənələr ölkəsinə” gətirdi, məni sanki böyük darvaza kimi, dağlarda onun önünə qoydu. Məgər Aratta Uruka tabe ola bilərmi? Aratta Uruka boyun əyməyəcəkdir!” Qasid En-Merkarın adından Aratta hökmdarına hədə-qorxu gəlir: “Qasid, Arattanın ali kahininə de ki, onun şəhərin (əhalisini) vəhşi göyərçinlər kimi, ağacdan hürküdərəm, onları quş kimi yuvada tutaram, satılmış (qul) kimi mən onu öldürərəm, dağılmış şəhər kimi onun toz-torpağını yığaram. Arattanın əhalisini Engi (şumerlərin müdriklik və yeraltı sular tanrısı) lənətə gətirmişdir… Ona (Arattaya) qarşı Inanna hiddətlənmişdir”.
Arattanın təbii sərvətləri haqqında geniş məlumat verilməsə də, lacivərdin məhz Arattadan gətirildiyi qeyd edilir. Məlum olur ki, Aratta əhalisi lacivərd çıxarılması və yonulması ilə məşğul olurdu. Azərbaycanda lacivərd yataqlarının olması barədə orta əsr coğrafiyaşünası Həmdulla Qəzvini (XIV əsr) yazırdı: “Lacivərdin ən yaxşı yataqları Bədəxşandadır (Əfqanıstan). Lakin bir yataq Mazandaranda (Xəzərin cənub şərqi) və Azərbaycandakı Dizmarda (Təbriz yaxınlığında), digəri Kirmanda vardır”. Yəqin ki, qədim zamanlarda Bədəxşandan da lacivərd gətirilir, Arattada boşaldılır və buradan Ikiçayarasına ixrac edilirmiş. Eyni zamanda Mazandaran və Azərbaycandakı lacivərd yataqları da Arattanın nəzarəti altında idi.
Arattada mövud olan siyasi və ideoloci şərait şumer məfhumları vasitəsilə əks olunmuşdur. Ölkəni ensi rütbəsi daşıyan hökmdar idarə edirdi. Şumerdə bu rütbə ali kahin – hökmdara şamil edilirdi. Ensi rütbəsinin Aratta dilində rütbəsi qalmamışdır. Qaynaq Arattanı “saf ənənələr ölkəsi” adlandırır. Arattanın dövlət idarələri şəhərlərdə yerləşir, hökmdar sarayda oturur və dövləti idarə edirdi. Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin-vəzir), sukkal (elçi-kiçik hökmdar, əyalət hakimi), uqula (rəis) və başqaları dövlət idarələrinin qulluqçuları olmuşlar. Arattada dövlət idarəsində mirzələr də çalışırdılar. Onlar həm Şumer hökmdarına cavab yazır, həm də En-Merkarın şumer dilində yazdığı məktubları tərcümə edirdilər. Göründüyü kimi, Aratta dövlət idarələri şumer mixi işarələri və şumer dili ilə tanış idi. Şumer ilə Aratta arasında əlqə qasid vasitəsi ilə həyata keçirilirdi.
Zəngin və bərəkətli ölkə
Zəngin yeraltı faydalı sərvətləri olan Aratta ölkəsinin əhalisi qızıl, gümüş, mis, dağ daşı, qiymətli lacivərd daşı hasil edirdi. Qiymətli metallardan hazırlanmış əşyalar və lacivərd daşı Iki çayarasına ixrac edilirdi. Aratta əhalisi əsasən sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdu. Burada məbəd və saray tikən, divarlara qiymətli daşlardan naxışlar vuran mahir ustalar vardı. Arattalılar qiymətli metal və daşlardan nadir zinət əşyaları hazırlayırdılar. Qaynaqdan bəlli olur ki, En-Merkar Aratta ustalarının Uruka gəlməsini ilahə Inannadan xahiş edir: “Xanımım Inanna, Aratta adamları qoy mənə qızılı və gümüşü ustalıqla emal etsinlər, təmiz lacivərd parçalarından, qızıl-gümüş qatışığından… Urukda, açıq təpədə sən yaşadığın ”Anşan evi”ndə qoy məbəd tiksinlər. Işıqlı Giparın (Inanna və kahinlərin yaşadıqları yer) ortasını qoy Aratta adamları mənimçün bəzəsinlər”.
Qaynaqlardan həmçinin o da məlum olur ki, Aratta əhalisi əkinçiliklə də məşğul olur, buğda, noxud becərirdi. Qaynaqda Aratta əkinçiliyinin yağış sularından asılı olması belə təsvir edilir: “Tanrıların ali kahini Işkur göyü guruldadır, ildırım çaxdırır, dağlara lərzə saldırır və yağış yağdırır. Bu zaman buğda və noxud göyərir”. Arattada əkinçilik təbiətin şıltaqlığına uyğun olaraq inkişaf edirdi. Şübhəsiz ki, əkinçilikdə dağ sularından da istifadə edilirdi.
Arattada çoxallahlılıq (politeizm), yəni müxtəlif tanrı və tanrıçalara (ilahələrə) sitayiş mövcud idi. Qaynaqdan göründüyü kimi Şumerdə bərəkət və məhəbbət ilahəsi hesab edilən Inannaya ibadət geniş yayılmışdı. Inannanın Arattada müqbil adı məlum deyil. Akkadlar bu ilahəni Iştar adlandırırdılar. Qaynaqlarda Aratta ilə əlaqədar adı çəkilən digər bir ilahə Lamadır. Ilahə Lama Arattanın mühafizəkarı hesab edilirdi. O, sırf Aratta ilahəsi imiş. Şumer tanrısı Dumuzi həmçinin Arattaya himayədarlıq edirdi. Ola bilsin ki, Aratta panteonuna ilahə başçılıq edirdi və nəsli quruluşun qalıqları Arattanın dini dünya görüşündə də öz əksini tapmışdı.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir