“Sarkozinin medal paylaması ilə deyil ki…”

«Hakimiyyət əvvəlki mövqeyini sərgiləsə, deməli, milli maraqlara xidmət etmir»

Aslan Ismayılov: «Bunların məqsədi xalqın başını əxlaqsızlıqla qatıb talançılığı davam etdirməkdir»

Fransa Senatı “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul edib. Yanvarın 23-də müzakirəyə çıxarılan qanun layihəsinin lehinə 167 səs, əleyhinə isə 86 səs qeydə alınıb. Bundan sonra sənəd 15 gün ərzində Fransa prezidenti Nikolya Sarkozinin təsdiqinə göndəriləcək. Sarkozi layihəni təsdiqləyəcəyi təqdirdə, qanunun bütün detalları, necə tətbiq olunacağıyla bağlı məlumatlar müvafiq nazirlik tərəfindən hazırlandıqdan sonra rəsmi mətbuatda yayımlanacaq.
Fransanın bu addımı təbii olaraq Azərbaycanda da hiddət doğurub. Tanınmış vəkil Aslan Ismayılov məsələ ilə bağlı “Azadlıq”a müsahibəsində Fransanın tarixi səhvə yol verdiyini deyib:

– Fransa bu qanunu qəbul etməklə özünə və öz tarixinə böyük zərbə vurub. Yəqin ki, bu gün insan haqları ideyasının baniləri olan Russo və Mönteskyö ölkələrinin bu addımına görə məzarda narahatdırlar. Fransa bu günə qədər insan haqları və demokratiyanın beşiyi sayılırdı. 1789-cu ildə Fransada qəbul olunmuş insan və vətəndaş haqları bəyannaməsi insan haqları konvensiyasının özəyini təşkil edir. Bu cür tarixi olan Fransada demokratiyaya, fikir azadlığına zidd qanunun qəbul edilməsi bu ölkə üçün sadəcə rüsvayçılıqdır. Mən əminəm ki, ağıllı fransızlar bu qanunun ləğvinə çalışacaqlar.

– Bu qanun gündəmə gələndə belə rəy var idi ki, bu, Sarkozinin qarşıda gələn prezident seçkisində Fransadakı ermənilərin səsini qazanmaq üçün düşünülüb. Məqsəd sadəcə son ana qədər bu məsələni gündəmdə saxlamaq və siyasi divident götürməkdir. Amma görünür, belə deyilmiş…
– Əslində bu cür düşünmək səhv idi. Biz həmişə hansısa məsələ gündəmə gələndə hay-küy salırıq və bununla da işimizi bitmiş hesab edirik. Ermənilər isə daim işləyir, çalışır. Mən hesab edirəm ki, bu qanunun qəbul edilməsi erməni təbliğatının nəticəsidir. Onlar uzun illər dayanmadan çalışdılar və nəhayət istədiklərinə nail oldular. Indi biz buna qarşı ciddi işlər aparmalıyıq.

– Məsələn, hansı işlər görülməlidir?
– Əvvəlcə bir məsələni qeyd edim ki, nəhayət, Azərbaycan hakimiyyəti başa düşməlidir ki, Türkiyə Azərbaycanın təbii müttəfiqidir. Yəni, Azərbaycan heç bir ölkəyə Türkiyə qədər bel bağlamamalıdır. Çünki Türkiyə Azərbaycana doğmadır. Mən bu gün şadam ki, Azərbaycan-Türkiyə münasibətlərində hakimiyyətlər arasındakı münasibət əhəmiyyətli rol oynamır. Xalqlarımız birdir, vahiddir. Bu nöqteyi-nəzərdən çıxış edərək düşünürəm ki, Azərbayan Türkiyənin atacağı bütün addımları birmənalı dəstəkləməlidir. Eyni zamanda Azərbaycan da konkret addımlar atmalıdır. Birinci növbədə Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsi qoyulmalıdır. Çünki artıq bəlli oldu ki, Fransa tərəfdir. Ermənilər üçün belə bir qanun qəbul edən ölkə Qarabağ probleminin həllində obyektiv mövqe sərgiləyə bilməz. Bundan başqa, Azərbaycanın diaspor təşkilatları ciddi şəkildə çalışmalıdır. Bu gün Azərbaycanın diaspor təşkilatları demək olar ki, yox səviyyəsindədir.

– Hakimiyyət isə iddia edir ki, Azərbaycanın xaricdə güclü diaspor təşkilatları var…
– Bu təşkilatların fəaliyyəti varmı? Yox. Bu təşkilatlar yalnız Azərbaycanın büdcəsini talamaq və xaricdə yaşayan azərbaycanlıları bir-birinə qarşı qoymaqla məşğuldur. Mən bunu özümdən demirəm. Dəfələrlə xarici səfərlərdə olmuşam. Və xaricdəki azərbaycanlılarla maraqlanmışam. Bəlli olub ki, diaspor təşkilatları olmayana qədər azərbaycanlılar hansısa məsələlərdə birgə fəaliyyət göstəriblər. Lakin diaspor təşkilatları yaranandan sonra həmyerlilərimiz bir-birlərinə düşmən kəsiliblər. Bu biabırçılıqdır. Diaspor təşkilatlarının fəaliyyətinə ciddi nəzarət edilməlidir. Azərbaycanı xaricdə layiqli təmsil edə biləcək şəxslər təşkilatların rəhbərliyinə gətirilməlidir. Lakin bu yetərli deyil. Biz güclü təbliğat aparmalı, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmalıyıq. “Ermənilər pisdir”, “ermənilər vəhşidir” kimi təbliğatdan danışmıram mən. Amma bu gün bu istiqamətdə heç bir iş görülmür.

– Niyə belə düşünürsünüz?
– Bircə fakt deyim. Mən 2010-cu ildə “Sumqayıt: SSRI-nin süqutunun başlanğıcı” adlı kitab yazdım. Indi deyəcəklər ki, Aslan Ismayılov yenə də öz kitabını reklam etmək istəyir. Xeyr. Qoy bu kitabın müəllifini dəyişsinlər, kimin adını istəyirlər yazsınlar. Amma bu kitabdakı faktları bütün dünyaya çatdırmaq lazımdır. Mən bu kitabı hazırlayanda hökumətdən heç bir köməklik görmədim. Yalnız Prezident Administrasiyasının şöbə müdiri kitabın ingilis dilində nəşr olunması üçün mətbəəyə 12 min manat pul köçürüb. Vəssalam. Amma kitabın, daha doğrusu, orada əks olunan faktların yayılması istiqamətində heç bir iş görülməyib. Mən Təhsil Nazirliyinə müraciət etmişdim ki, bu kitab məktəblərdə tədris olunsun. Çünki yeni nəsil Sumqayıtda nə baş verdiyini bilmir. Halbuki Qarabağ probleminin açarı Sumqayıt hadisələridir. Ermənilər Sumqayıtda o hadisələri törətməklə Azərbaycan xalqını dünyaya vəhşi kimi təqdim etdilər, daha sonra hamının gözü qarşısında torpaqlarımıza soxuldular. Bütün bunlar dünyanın diqqətinə çatdırılmalıdır. Amma biz nə edirik? Heç nə. Həmin kitabdan sonra Ilham Əliyevin göstərişi ilə Sumqayıt hadisələri ilə bağlı cinayət işi təzələndi. Baş prokuror Zakir Qaralov təntənəli şəkildə bu barədə açıqlama verdi. Iki il keçib, ortada nəsə varmı? Sumqayıtla bağlı guya bir sayt açıblar. Əslində belə bir sayt var idi. Sadəcə onun uğursuz variantını yaradıblar ki, bunun da heç nəyə xeyri yoxdur.

– Sumqayıtla bağlı film çəkiblər…
– Bu film haqqında ümumiyyətlə danışmağa dəyməz.

– Niyə, həmin filmdə də kifayət qədər faktlar yer alıb…
– Həmin faktlar mənim kitabımdan götürülüb. Lakin bircə dəfə də kitabın adı çəkilməyib. Çünki film həmin kitabı kölgədə qoymaq üçün çəkilib. Bunu deməzdim, çünki özümə sığışdırmıram, amma bu sualı verməklə məcbur etdiniz ki, deyəm. Digər tərəfdən həmin filmin qəhrəmanı baş nazirin müavini Əli Həsənovdur. Əli Həsənov orada öz qəhrəmanlıqlarından danışır. Guya o zaman icra hakimiyyətində müavin işləyəndə Sumqayıt hadisələrinin təşkil olunmasını sübuta yetirmək üçün işlər görüb. Deyir ay nə bilim damlarda videokameralar qoymuşduq, filan işlər görmüşdük və s. Yaxşı, əgər bütün bunlar sizə bəlli idisə niyə 20 il ərzində bu barədə bir kəlmə də danışmamısınız. Doğrudur, mənə də deyə bilərlər ki, niyə kitabı 2010-cu ildə yazmısınız. Mən bir dəfə buna aydınlıq gətirmişəm. Mən kitaba qədər Sumqayıt hadisələri ilə bağlı dəfələrlə mətbuata müsahibələr vermişəm, çəkinmədən hər şeyi açıb demişəm. Kitab yazmağıma gəlincə, bunun bir səbəbi “Azərbaycan” qəzetində əleyhimə yazı dərc olunması idisə, digər səbəbi bu faktların gələcək nəsillərə ötürülməsi oldu. Düşündüm ki, müsahibələrlə iş bitməz. Bu faktları toplu şəklində çap etmək lazımdır. Bir məqamı da qeyd edim, mən müraciət etmişdim ki, Sumqayıt hadisələrinin araşdırılmasına köməklik göstərə bilərəm. Amma məni cəmi bir dəfə çağırıb dindiriblər. Formal olaraq. Bunların gördüyü iş bundan artıq olmaz ki.  Televiziyalarda bütün günü xalqı əxlaqsızlığa sürükləyən verilişlər yayımlanır. Millətin mənəviyyatını korlayırlar. Adət-ənənələrimizə, əxlaqımıza, tariximizə zidd olan dəyərlər nümayiş etdirirlər. Sanki qarşılarına məqsəd qoyublar ki, bu xalqı mütiləşdirsinlər, simasızlaşdırsınlar. Əslində bunların məqsədi xalqın başını əxlaqsızlıqla qatıb talançılığı davam etdirməkdir. Artıq buna yox deməyin vaxtı çatıb. Əgər gecikməmişiksə.  

– Aslan müəllim, sözügedən qanun gündəmə gələndə Azərbaycan hakimiyyəti cəsarətsiz mövqe sərgilədi. Hətta buna görə Türkiyə mətbuatının tənqidinə tuş gəldi. Sizcə, indi hakimiyyətin reaksiyası necə olacaq?
– Əgər hakimiyyət əvvəlki mövqeyini sərgiləsə, deməli,  milli maraqlara xidmət etmir. Sarkozinin Azərbaycanda medal paylaması ilə deyil ki, fakt ondan ibarətdir ki, Fransa ermənilərin tərəfindədir. Yəni, o medalın Azərbaycana münasibətin müsbətə doğru dəyişməsində heç bir rolu olmayıb. Sarkozi Azərbaycanda medal paylayır, amma ermənilər üçün qanun qəbul edir. Azərbaycanın milli maraqlarına zərbə vurur. Ona görə də buna adekvat cavab olmalıdır.

– Ziyalılar Forumunun bu məsələ ilə bağlı hakimiyyətə hər hansı çağırışı olacaqmı?
– Mən artıq dekabrın 28-dən Ziyalılar Forumunda təmsil olunmuram. Bu barədə ilk dəfədir ki, sizə məlumat verirəm.

– Səbəb nədir?
– Forum xeyli müsbət işlər gördüyündən bu barədə geniş danışmaq istəmirəm. Qısaca deyim ki, bəzi razılaşmadığım məqamlar olduğundan forumu tərk etmişəm.

– Söhbət hansı məqamlardan gedir?
– Mən bunu açıqlamaq istəmirəm.  

Vidadi