Partiyanın qurultayının nəticələrini qeydə almaqdan imtina edən Ədliyyə Nazirliyinə qarşı iddia mümkünsüz sayıldı; qərardan şikayət veriləcək
Martın 30-da 1 saylı Bakı Inzibati-Iqtisad Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) və partiyanın sədri Əli Kərimlinin Ədliyyə Nazirliyinə qarşı hələ ötən ilin dekabrında qaldırdığı iddia üzrə məhkəmə prosesi nəhayət ki, baş tutub.
Bu iş üzrə dəfələrlə məhkəmə iclasları təyin olunsa da, cavabdeh Ədliyyə Nazirliyinin nümayəndəsi prosesə qatılmırdı və bu üzdən məhkəmə hər dəfə təxirə salınırdı. Nəhayət, nazirliyin nümayəndəsi qismində Nəsimi Quliyev məhkəmədə iştirak edib.
Hakim iddianın mümkünlüyü məsələsi ilə bağlı tərəflərin fikirlərini soruşub.
AXCP-nin nümayəndəsi Səməd Rəhimli bildirib ki, iddianın qeyri-mümkün sayılması üçün qanunda nəzərdə tutulmuş halların heç biri olmadığı üçün iddia mümkün sayılmalıdır: “Yəni, biz hesab edirik ki, bu, mübahisələndirilən məsələ deyil”.
Ədliyyə Nazirliyinin nümayəndəsi Nəsimi Quliyev isə bunun əksini iddia edib: “Biz hesab edirik ki, bu məsələ siyasi partiyanın qeydiyyatı ilə bağlı olan məsələdir və qanunda siyasi partiyalarla bağlı məsələlərə baxılması apelyasiya məhkəməsinin səlahiyyətinə aiddir. Ona görə də bu məhkəmədə bu iddiaya baxılması mümkün deyil”.
O həmçinin AXCP-nin qurultayının nəticələrinin Ədliyyə Nazirliyində qeydiyyata alınmadığını əsas gətirərək, Əli Kərimlinin partiyanın sədri kimi iddia qaldırmaq səlahiyyəti olmadığını iddia edib.
AXCP-nin nümayəndəsi Səməd Rəhimli nazirlik təmsilçisinin dediklərinə cavab olaraq bildirib ki, apellyasiya instansiyasında partiyanın ləğvi, onun fəaliyyəti ilə bağlı məsələlərə baxılır: “Biz isə iddiada Əli Kərimlinin partiya sədri seçilməsi və partiyanın rəhbər orqanlarının yenidən formalaşdırılması faktının dövlət qeydiyyatına alınmasını qoymuşuq. Nümayəndə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanununun 9.3-cü maddəsinə istinad edərək deyir ki, Əli Kərimli səlahiyyətli nümayəndə ola bilməz. Belə çıxır ki, Əli Kərimlinin ümumiyyətlə, iddia vermək və məhkəməyə müraciət etmək hüququ pozulur. Onda deməli, həm Əli Kərimlinin, həm də AXCP-nin məhkəməyə müraciət etmək hüququ pozulur.
Ikincisi, bizim iddiamız isə dövlət qeydiyyatına alınma deyil, dövlət reyestrinə daxil edilmə ilə bağlıdır. Dövlət reyestrinə faktın daxil edilməsi ilə bağlı müraciət fərqli anlayışlardır”.
Bundan sonra hakim müşavirəyə gedib və üç dəqiqədən sonra 1 saylı Inzibati-Iqtisad Məhkəməsində iddiaya baxılmasının mümkünsüz hesab edilməsi barədə qərarı elan edib.
Səməd Rəhimli “Azadlıq”a açıqlamasında bildirib ki, məhkəmənin qəbul etdiyi qərar AXCP-nin birləşmək azadlığını pozmaqla yanaşı, həm də səmərəli hüquqi müdafiə hüququnun pozuntusudur: “Qərardadı rəsmi formada aldıqdan sonra işdə olan digər hüquqşünas və vəkillərlə məsləhətləşib, apellyasiya şikayəti verəcəyik”.
Xatırladaq ki, Ədliyyə Nazirliyi AXCP-nin sentyabrın 27-də keçirdiyi qurultayın nəticələrini qeydə almaqdan imtina edib. Imtinaya səbəb kimi, bir müddət əvvəl AXCP-dən çıxarılmış Razi Nurullayevin də AXCP “Etimad qurultayı” adı ilə sənəd təqdim etməsi göstərilib. Nazirlik “eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd müraciətlərin daxil olduğunu nəzərə alaraq” AXCP-nin qurultayının nəticələrinə dair sənədləri geri qaytarıb. Imtina qərarında AXCP-yə mübahisəli məsələnin həlli üçün məhkəməyə müraciət etmək tövsiyə olunub.
AXCP-nin iddia ərizəsində Ədliyyə Nazirliyinin imtina qərarının qanunsuz hesab olunması və partiyanın qurultayının nəticələrinə dair məlumatların dövlət reyesterinə daxil edilməsi barədə qərar çıxarılması xahiş olunur.
Aytən