Hazırda həbsdə olan Təhsil Hazirliyinin işçisi Orxan Kərimovun anası Mehriban Əliyevadan kömək istədi
Şair Əli Kərimin həyat yoldaşı, hazırda həbsdə olan Təhsil Hazirliyinin işçisi Orxan Kərimovun anası Elza Kərimova dövlət başçısı İlham Əliyevin xanımı, millət vəkili
Mehriban Əliyevaya müraciət edib. Müraciətdə deyilir:
“Sizdən oğlum Orxan Kərimovun qanunsuz həbsi ilə bağlı qaranlıq məqamların aydınlaşmasına yardımçı olmağınızı xahiş edirəm. 2006-jı ildən Təhsil Nazirliyində çalışan O.Kərimov artıq 8 aydır ki, qanunsuz olaraq həbsdədir və o heç bir əsas olmadan rüşvətxorluqda ittiham olunur.
Ancaq bütün mövcud faktlar və arqumentlər onu göstərir ki, oğluma qarşı irəli sürülən ittiham saxta və qərəzlidir. Hamıya aydındır ki, müvafiq səlahiyyət hüququ olmayan şəxsin korrupsiyada günahlandırılması absurddur.
Təəssüf ki, istintaq əsl günahkarı axtarmaq əvəzinə, bütün günahların tamamilə günahsız olan tək bir şəxsin üzərinə qoymaq istiqaməti götürərək, qanunsuz tələbə köçürmələrilə bağlı cinayətləri bu işə heç bir aidiyyatı olmayan oğlumla bağlamaq və tələsik mühakimə etmək niyyətindədir.
Müdafiə tərəfinin bütün əsaslı arqumentləri isə çox təəssüf ki, istintaq tərəfindən sadəcə araşdırılmır və dərhal rədd edilir. Günahsız şəxsin hüquqlarını müdafiə etmək mümkün olmur. Xüsusi qeyd etmək istəyirəm ki, oğlum O.Kərimov ciddi ürək xəstəsidir və 2009-cu ildə Bakıda Mərkəzi Kliniki Xəstəxanada əməliyyat olunub, həkimlərin məsləhəti ilə 2011-ci ildə o yenidən əməliyyat olunmalı idi.
Təsəvvür edin ki, Prokurorluq oğlumun ürəyindən əməliyyat olunması üçün şərait yaratmır, vaxtilə oğlumu əməliyyat etmiş kardioloq və ya digər ixtisaslaşmış həkim tərəfindən müayinə olunmasına icazə vermir. Baxmayaraq ki, O.Kərimovun çox zəruri tibbi yardım almaq məqsədilə zaminə buraxılması üçün görkəmli ziyalılarımız Anar, S.Rüstəmxanlı və daha 8 nəfər hörmətli deputat müvafiq instansiyalara müraciətlər etmişdilər. Təəssüf ki, onların xahişləri də nəzərə alınmadı. Gənc insan taleyinə qarşı belə anti-humanist münasibəti başa düşmək mümkün deyildir.
Bütün bunlarn əvəzində oğluma 2009-ju ilin avqust ayında öz iş otağında rüşvət alması ittihamını prokurorluq 2011-ji ildə, düz 2 il sonra irəli sürmüşdür. Halbuki həmin vaxt oğlum Ankaradakı Tibbi Mərkəzdə əməliyyat sonrası reabilitasiya və müayinə olunurdu, ümumiyyətlə heç Azərbycanda yox idi. Ən azı bu fakt açıq-aşkar sübut edir ki, ittiham tamamilə əsassızdır və qeyri-obyektivdir.
Hazırda zəruri və təxirəsalınmaz tibbi yardım almaması səbəbindən oğlumun həyatı hər an təhlükədədir.
Hörmətli Mehriban xanım!
Orxanın atası, görkəmli Azərbaycan şairi Əli Kərimin şeirləri 1-ci sinifdən başlayaraq orta məktəb dərsliklərində yer alır, xalqımızın oğul və qızları bu gözəl ədəbiyyat nümunələrini oxuyaraq və əzbərləyərək böyüyürlər. Düşünürəm ki, belə bir şəxsin aliəsində yetişmiş oğluma zorla korrupsioner damğasının yapışdırılması kimlərinsə qara məkrli və olduqca uğursuz niyyətidir.
Mən bir ana kimi inanıram ki, Siz ailəmizin üzləşdiyi bu çətin problemlərin həllinə və məkrli niyyətlərin zərərsizləşdirilməsinə yardımçı olacaqsınız.
Sizdən oğlumun üzərində təcili əməliyyat olunması üçün şəraitin yaradılmasına və obyektiv hüquqi araşdırmaların aparılmasına köməklik göstərməyinizi xahiş edirəm”.
İnformasiya şöbəsi


