Əhalinin mal istehlak səviyyəsi 38,6% pisləşib

nemet-eliyevRəsmiyyət məlumat yayıb ki, bu ilin yanvar-fevral aylarında hər bir istehlakçı hər ay orta hesabla 35 manat çox mal istehlak edib. Guya bir il əvvəlki dövrlə müqayisədə əhalinin mal istehlak səviyyəsi 35 manat yaxşılaşıb.

Belə çıxır ki, ötən bir ildə sosial məşəqqətlərin ağırlığından əziyyət çəkən xalqın etiraz səsini, ah-naləsini tərsinə başa düşüblər. Lap tutaq ki, siz deyəndir, bəs niyə bu yaxşılaşma əhalinin canında hiss olunmur? Bəyəm milyardlarla gəlirlərdən məhrum olan, milyardlarla kredit borc yükünün altına salınan Azərbaycan xalqı deyil? Yerli istehsal azalıbsa, idxal az qala yarıya qədər düşübsə, qeyri-neft malları iki dəfə ucuzuna xaricə daşınıbsa və deməli daxili bazarlara çıxarılan mal kütləsi azalıbsa, bazarlar od tutub yanırsa, əhalinin əlində olan manat kütləsi alıcılıq qabiliyyətini iki dəfə itiribsə, axı bu istehlakçı necə, haradan və nə ilə çox mal ala, istehlak edə bilər?

Diqqət edirsinizmi, nə qədər ziddiyyət doğuran suallar yaranır? Görünür insanları çaşdırmaq istəyi o qədər güc gəlib ki, hətta 2016-cı ilin manatını (iki dəfə məzənnəsini itirmiş manatı) 2015-ci ilin əvvəlindəki manatla (nisbətən sabit məzənnəyə malik olan manatla) mexaniki şəkildə müqayisəyə gətirməkdən də çəkinməyiblər. Əlbəttə, bu dərəcədə qüsurlu müqayisə istehlak səviyyəsi haqqında real təsəvvür yaratmağa imkan verə bilməz.

Bəs bu sahədə real mənzərə necədir? Nisbətən sabit valyuta hesab olunan dollara çevirib hesablamalar aparsaq, məlum olur ki, 2016-cı ilin yanvar-fevral aylarında hər bir istehlakçı orta hesabla ayda 140 dollarlıq əmtəə-mal alıb. Ötən ilin müvafiq dövründə bu göstərici 228 dollar olub. Deməli, bu ilin ilk iki ayında hər bir istehlakçının orta aylıq mal alışı 88 dollar az olub. Yəni, istehlakçının mal istehlak səviyyəsi 38,6% pisləşib. Müəyyən xətaya yol verilsə də, bu göstərici əhalinin hazırkı istehlak vəziyyətini daha adekvat əks etdirir.

 

Yazı iqtisadçı Nemət Əliyevin Facebook səhifəsindən götürülüb.